00:00:00
Yazar
Zəri Bayramlı
20.05.2026 21:48 40 2 dəq oxuma
Sosial

“Keyfiyyətsiz data təhlükə yarada bilər”-IT mütəxəssisi

“Keyfiyyətsiz data təhlükə yarada bilər”-IT mütəxəssisi

Azərbaycan mövcud lokomotivlər, yol sensorları və siqnal sistemlərinin yaratdığı zəngin əməliyyat məlumatlarından yararlanan süni intellektə əsaslanan həlləri tətbiq etməyi hədəfləyir.

 

 

Mövzu ilə bağlı IT mütəxəssisi Natiq Məmişov "İnformator.az"a açıqlamasında bildirib ki, bu texnologiyalardan əsasən dəmir yolu və logistika sistemlərinin əməliyyatlarında səmərəliliyi artırmaq üçün istifadə edirlər:

 

"Məsələn, sürət qatarının hərəkəti zamanı, tormoz sisteminin vaxtında işə düşməsi üçün ön tərəfdəki sensorlar mühüm rol oynayır. Sensorlar qarşıdakı maneəni vaxtında aşkarlayıb siqnal verməlidir ki, relsdənçıxma təhlükəsi yaranmadan qatar təhlükəsiz şəkildə dayandırıla bilsin. Bu cür sistemlərdən qatarın hərəkət qrafikinin optimallaşdırılması, enerji sərfiyyatının azaldılması və ya gecikmələrin minimuma endirilməsi kimi sahələrdə yararlanmaq olar. Ümumiyyətlə, süni intellekt sistemləri sərnişin sıxlığını və yük axınını analiz edərək resurs bölgüsündən daha effektiv istifadəyə imkan yaradır. Məsələn, qatarın mühərrikində temperatur yavaş-yavaş yüksəlirsə və siz bura köhnə məlumatları daxil edə bilsəniz, sistem müqayisə apararaq yaxın günlərdə burada nasazlıq yarana biləcəyini proqnozlaşdıra bilər. Bu da problem böyümədən texniki baxış keçirməyə imkan yaradır; yəni qatar yolda qalmadan və ya problem yaranmadan həm xərcləri azaldır, həm də vaxt itkisinin qarşısını alaraq vətəndaş sıxlığını tənzimləyir. Amma burada problemli tərəflər də var. Məsələn, çətinlik nədən ibarətdir? Məlumat keyfiyyətsizdirsə, sistem düzgün nəticə çıxarmaqda çətinlik çəkəcəkdir. Sensordan gələn məlumat natamam və ya səhvdirsə, fərqli sistemlər bir-birinə uyğun gəlmirsə, model yanlış siqnallar verə bilər ki, bu da böyük təhlükə yarada bilər.Məlumat çoxluğuna gəldikdə isə, ümumiyyətlə, süni intellektin yaxşı işləməsi üçün məlumat çox olmalıdır. Nə qədər çox keyfiyyətli məlumat varsa, sistem bir o qədər təcrübəli olur. Süni intellekt də minlərlə hadisəni analiz etdikdə daha dəqiq proqnoz verməyə başlayır. Amma burada əsas məsələ sadəcə məlumatın çox olması deyil, onun düzgün idarə olunması və düzgün olmasıdır; çünki qarışıq və nizamsız məlumatlar bəzən süni intellekti daha da çaşdırır və yanlış qərarlara gətirib çıxarır".

 

Günel Əlili

#data #xəbər #təhlükə #bilər”-it
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər