Keyfiyyətli və sərfəli məhsulu harada tapaq: onlayn yoxsa mağaza?
Bu gün internet həyatımızın hər sahəsindədir. Mövzu alış-veriş olanda da bu dəyişmir. Bəziləri mağazanı vaxt itkisi olaraq gördüyü üçün onlayn alış-verişə üstünlük verir, bəziləri üçün isə geyimi görmək, materialına toxunmaq daha vacibdir.Kimisi rahatlığına və sərfəli olduğuna görə onlayn alış-verişə üstünlük verir, kimisi də məhsula toxunmadan ala bilməcəyini deyir.
Satış üzrə ekspert Kamal Mahmudov hesab edir ki, hər iki alış-veriş növünün özünəməxsus müsbət və mənfi tərəfləri var: “Başadüşüləndir ki, insanlar alacaqları məhsulu görmək, ona toxunmaq istəyirlər. Amma hansının daha əlverişli olduğuna gəlsək, mən onlayn alış-veriş deyərdim. Çünki sərfəli olması baxımından onlayn şəkildə satılan məhsullar daha ucuzdur. Keyfiyyət cəhətdən də olduqca yaxşıdırlar. Həmçinin internetdə çeşid çoxluğu var. Siz vaxt itirmədən minlərlə çeşid arasında öz istədiyiniz məhsulu asanlıqla tapa bilərsiniz”.
Onlayn alış-verişin üstünlük əldə etməsi məhz pandemiya dövrünə təsadüf etdi. Bu dəyişiklik həm iqtisadi baxımdan, həm də ticari baxımdan öz təsirini göstərdi. Bəs görəsən, iqtisadiyyata da zərər vurmadan bu proses necə tənzimlənməlidir?
İqtisadçı Fərhad Pərvizi deyir ki, azad bazar azad ticarəti sevir: “Hansı ölkə olmasından asılı olmayaraq, əgər məhsul başqa bir ölkədə daha ucuzdursa, biz həmin məhsulu əldə etdiyimizdə qalıq pulumuz qalırsa, deməli həmin yerdən alış-veriş etmək olduqca normaldır”.
Alman şirkəti olan “Statista”nın verdiyi proqnozlara görə, bu ilin sonunadək elektron ticarət bazarında gəlirin 1,990,00 milyon ABŞ dollarına çatacağı gözlənilir. Son olaraq, təbii ki, onlayn yoxsa mağazadan alış-veriş etmək seçimi sizə qalan mövzudur. Əsas odur, sırf sərfəli olsun deyə etdiyiniz seçimlərdə aldanmayasınız.
Nəzrin Malik
