Kibertəhlükəsizliyin ən zəif halqası: İnsan psixologiyası və sosial mühəndislik
Son dövrlər vətəndaşların bank kartlarından vəsaitlərin mənimsənilməsi halları kütləvi xarakter alıb. Bir çoxları bunları yüksək texnoloji haker hücumu kimi qiymətləndirsə də, ekspertlər məsələnin insan psixologiyasına dayandığını bildirirlər.
Mövzu ilə bağlı "İnformator. az"a açıqlamasında İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası sədri Elvin Abbasov bildirib ki, kartlardan vəsaitlərin oğurlanması mexanizmi texniki sistemlərin xətasından daha çox insan amilini hədəf alan sosial mühəndislik metodlarına dayanır:
"Dələduzlar çox vaxt bankların, hüquq-mühafizə orqanlarının və ya poçt xidmətlərinin adından saxta SMS və zənglər vasitəsilə təcili vəziyyət illüziyası yaradırlar. Vətəndaş psixoloji təzyiq altında saxta vishing (səsli dələduzluq) və ya phishing (keçid linkləri) tələsinə düşərək kartın 16 rəqəmli nömrəsini, son istifadə tarixini, CVV kodunu və ən əsası, SMS vasitəsilə gələn 3D Secure doğrulama kodunu qarşı tərəfə ötürür. Doğrulama kodu dələduza təqdim edildiyi anda əməliyyat leqitim hesab olunur və pul anında xarici hesablara və ya kripto-pul kisələrinə köçürülür. Kibercinayətlərin qarşısını almaq üçün yaxın gələcəkdə həm qanunvericilik, həm də texniki standartlar səviyyəsində ciddi sərtləşmələrin tətbiqi gözlənilir. Qanunvericilik bankların fırıldaqçılıq əməliyyatlarına görə məsuliyyət payının artırılması, şübhəli köçürmələr zamanı tranzaksiyaların məcburi olaraq müvəqqəti dayandırılması (dəqiqləşdirmə müddəti) və SIM kartların dəyişdirilməsi (SIM-swap) zamanı bank xidmətlərinə avtomatik bloklanmanın tətbiqi gündəmdədir”.
Müsahibin sözlərinə görə, texniki standartlar baxımından banklar süni intellekt əsaslı Antifraud (fırıldaqçılıq əleyhinə) monitorinq sistemlərinin gücləndirilməsi, SMS-OTP kodlarından imtina edilərək tətbiqdaxili biometrik doğrulama (Face ID, barmaq izi) keçidinin sürətləndirilməsi və operatorlar səviyyəsində saxta zəng nömrələrinin (Spoofing) bloklanması üzrə vahid protokolların tətbiqi nəzərdə tutulur:
"Maarifləndirmə işlərinə baxmayaraq, savadlı və gənc şəxslərin də bu tələlərə düşməsinin əsas səbəbi kiberkriminalın tamamilə psixoloji manipulyasiya və davranış modelinə hesablanmasıdır. Gənclər və texnologiyadan aktiv istifadə edən şəxslər gündəlik həyatda onlayn ödənişlərə, avtomatik təsdiqlərə vərdiş etdikləri üçün "rəqəmsal arxayınlıq" və diqqətsizlik nümayiş etdirirlər. Dələduzlar qorxu, təcili imkan, qazanc və ya maraq hissini tətikləyən ssenarilər qurarkən insanın məntiqi təfəkkürü müvəqqəti olaraq arxa plana keçir. Hətta yüksək texniki biliyi olan şəxs bile stress, vaxt darlığı və ya rəsmi qurumun adından gələn inandırıcı zəng anında ani boşluğa düşərək diqqətsizlik edə bilir".
Xədicə İsmayılova