Kifayət etməyən məktəb təhsili, yoxsa ...?
Yeni tədris ilinin başlamasıyla abituriyentlərin imtahan həyəcanı da başlayıb. 10 və 11-ci sinif şagirdləri imtahana hazırlıq məqsədilə repetitorlara, kurslara müraciət etməyə başlayıblar. Artıq abituriyentlərlə yanaşı, ibtidai sinif şagirdləri də məktəb dərslərinə yox, repetitor dərslərinə daha üstünlük verir. Bunun əsas səbəbi nədir? Şagirdlər niyə məktəb dərsləri ilə kifayətlənmirlər? Bunun səbəbi təhsil sistemidir?
İnformator.az məsələ ilə bağlı araşdırma edib.
Təhsil eksperti Cahid İmanlı saytımıza açıqlamasında keçid dövrü deyilən dövrdə məktəblərin nüfuzunu itirməsi məsələsi barəsində danışıb:
"Bu nüfuzun itməsinin səbəbi isə məktəblərdə pedaqoji kadrların çatışmaması, həqiqətən bir çox savadsız müəllimlərin qeyri-pedaqoji, sənəd üzərində universitet, kollec bitirən şəxslərin məktəbdə çalışması və məktəblərin maddi bazasının zəif olmasıdır".
Ekspert şagirdlərin məktəbdən uzaqlaşmasının səbəblərindən də bəhs edib:
"Şagirdlərin məktəbdən uzaqlaşmasını şərtləndirən başlıca səbəblər isə sinifdə şagird sayının çox olması, intizamsız və oxumayan şagirdlər üçün heç bir "tədbirin" nəzərdə tutulmamasıdır. Bu amillər şagirdlər arasında rəqabət mühitini, oxumağa meyllərini azaldır. Dərs yükü çox olur, bir gün ərzində 7 dərs saatı şagirdlər üçün yorucudur, onların 4-cü saatdan sonra dərsi dinləməyə fiziki gücləri çatmır".
Cahid İmanlı repetitorların, kursların müsbət cəhətlərini də qeyd edib:
"Özəl hazırlıqlarda şagird dərsə gəlməyəndə, hətta 5 dəqiqə gecikən zaman valideynin xəbəri olur.
Hətta bəzi kurslarda şagirdlər barmaq izi ilə kursa giriş-çıxış edirlər və bu zaman valideyinlər də sms bildirişi alırlar. Belə tədris müəssisələrində valideynlər "keyfiyyətli təhsil verənlərə" üstünlük verirlər. Bu da özəl təhsil sektorunda ciddi rəqabət, ciddi keyfiyyət, şagird və abituriyentin daha çox uğur qazanması deməkdir. Orta məktəblərdə isə müəllimin dərsi yaxşı və ya yetərli qədər tədris etməsi qiymətləndirilmir. Onları nəticələrinə görə mükafatlandırma və ya "cəzalandırma" olmur deyə "yaxşı müəllim" də məktəbdə "itir-batır".
Birinci ixtisas qrupuna hazırlaşan Emin Fərzəliyev fikirlərini informator.az saytı ilə bölüşüb. Abituriyent məktəb dərslərinin kifayət etməməsinin səbəblərindən birini sinifdə şagird sayının çox olmasında görür:
"Biz məktəbdə başa düşmədiyimiz mövzular olduqda suallarımıza yetərli tapa bilmirik.Buna görə də repetitor və ya kurslara müraciət edirik. Orada daha az uşaq olur və suallarımıza tam cavab tapa bilirik".
Abituriyent məktəb cəhətlərinin faydası ilə bağlı da fikirlərini əlavə edib:
"Məktəb dərslərinin isə mənim üçün faydalı cəhətləri olub. Həmin dərslər mənim ilkin bilik bazamı formalaşdırıb. Sadəcə məktəb dərsləri ilə kifayətlənmək hədəfimə çatmaq üçün yetərli deyil. Həmçinin repetitor dərslərinin məktəb dərslərindən fərqi odur ki, məktəbdə keçirilən dərs sistemində imtahan tipli tapşırıqlar, testlərin sayı azdır. Repetitor yanında isə imtahan sisteminə uyğun testlər işləmək, əlavə vəsaitlərdən istifadə etmək bizə daha fayda edir".
Ali məktəbə bu il qəbul olan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin I kurs tələbəsi Sevinc Yarməmmədova isə məqsədlərinə çatmasında repetitorların rolu ilə bağlı fikirlərini saytımızla bölüşüb:
"Həm buraxılış, həm də qəbul imtahanına hazırlaşmaq üçün repetitor köməyi almışam. Düşünürəm ki, məktəb dərslərinin kifayət etməməsinin səbəbi bir dərs vaxtının-45 dəqiqənin həm yeni mövzu, həm təkrar üçün yetərli olmamasıdır. Təbii ki məktəb dərslərinin də mənə faydalı olub, 9-cu sinifə qədər hazırlığa getmədim, məktəb dərsləri ilə kifayətlənirdim. Məktəb müəllimləri ilə repetitor arasındakı əsas fərq isə məktəbdə müəllim 25-30 şagirdlə məşğul olsa da, repetitor 5-8 uşaqla məşğul olur. Bu da hər uşağa xüsusi diqqətin ayrılmasına, səhvlərin, tapşırıqların daha ətraflı izah edilməsinə, şagirdlərin suallarına daha çox cavab tapmasına səbəb olur".
Nəzrin Mirzəyeva
