Kimlər deputatlığa namizəd ola bilər?
“Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır və yeganə mənbəyi Azərbaycan xalqı olan dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir”.
Bu sözləri İnformator.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib. Deputat deyib ki, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək dövlətimizin 6 ali niyyətindən biridir və vətəndaşların maneəsiz qaydada cəmiyyətin və dövlətin siyasi həyatında, habelə dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır, o cümlədən də Qanunverici hakimiyyəti həyata keçirən Milli Məclisdə təmsil olunmaq.
“Azərbaycan Respublikasının Konstitusiyasının 85-ci maddəsinə müvafiq olaraq seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaş qanunla müəyyən edilmiş qaydada Milli Məclisin deputatı seçilə bilər.
Yalnız ikili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin deputat seçilməsinə konstitusion qaydada məhdudiyyət qoyulub”.
Həcər Əmiraslanlı
