00:00:00
Yazar
Ayan Sədi
22.07.2026 20:40 61 5 dəq oxuma
Media

“Əkinçi”dən rəqəmsal mediaya: dəyişən zaman, dəyişməyən missiya

“Əkinçi”dən rəqəmsal mediaya: dəyişən zaman, dəyişməyən missiya

“Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu tövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki məsəldir deyirlər, zəmanə sənə saz olmasa, sən zəmanəyə saz olgilən” (“Əkinçi”, №1).

 

Zamanla ayaqlaşmaq, müasirləşmək və dəyişən şərtlərə uyğunlaşmaq vacib şərtdir. XXI əsr mediasının reallıqları da bunu aydın göstərir: rəqəmsal platformalar, sosial şəbəkələr və süni intellektin sürətli inkişafı informasiya məkanını dinamik və mürəkkəb etməklə yanaşı, həm də daha həssas duruma gətirib. İndi informasiya saniyələr içində yayılır, oxucu isə sadəcə istehlakçıya deyil, bəzən informasiyanın bələdçisinə və istehsalçısına çevrilir.

 

Medianın təməl missiyası cəmiyyəti maarifləndirmək, doğru informasiyanı dürüst təqdim etmək olduğu halda, bu gün haqlı bir sual yaranır: aldığımız xəbər gerçəyə əsaslanırmı, gördüyümüz faktlar reallığı əks etdirirmi? Rəqəmsal mühitdə sürətlə tirajlanan feyk xəbərlər, dezinformasiya və cəlbedici, aldadıcı (klikbeyt) başlıqlar ictimai fikrə birbaşa təsir edir, auditoriyanı çaşqınlıq qarşısında qoyur. Çox vaxt sensasiya və səs-küyün real faktları kölgədə qoymasına baxmayaraq, peşəkar etik normalar dəyişməz qalmalıdır. Əlbəttə, bu prosesdə günümüzün oxucusu da media savadlılığı baxımından daha diqqətli və hazırlıqlı olmalıdır.

 

Forma və vasitələr dəyişə bilər, lakin həqiqətə xidmət prinsipi sarsılmamalıdır. Sürət və rəqabət əsrində “Əkinçi”nin təmkinli, lakin dərin məzmunlu səsi bizə yenə eyni mesajı verir: “Oxucuya həqiqəti verin, onu oyadın, aldatmayın.” Zaman dəyişsə də, sözün məsuliyyəti və medianın əsas vəzifəsi dəyişmir: cəmiyyətin aynası olmaq və onu olduğu kimi özünə göstərmək. Bu prinsipə sadiq qalan media yalnız vaxtın sınağından çıxmır, həm də auditoriyanın sonsuz güvənini və nüfuzunu qazanır.

 

Tarixə ekskurs

 

1875-ci il iyulun 22-də Azərbaycanın ictimai-fikir tarixini kökündən dəyişən bir işıq parladı. Həsən bəy Zərdabinin naşirliyi və redaktorluğu ilə işıq yüzü görən “Əkinçi” qəzeti təkcə peşəkar jurnalistikamızın və Milli Mətbuatımızın əsasını qoymadı; o, həm də milli oyanışın, ictimai təfəkkürün və maarifçilik hərəkatının bünövrəsinə çevrildi.

 

Ana dilində işıq üzü görən bu ilk mətbu orqan xalqın anladığı sadə dildə yazılır, maarifçi ideyaları təbliğ edir, cəmiyyətdəki kök salmış ədalətsizlikləri cəsarətlə ifşa edirdi. Məhz bu səbəbdən “Əkinçi” ilk gündən mühafizəkar dairələrin və çar məmurlarının ciddi müqaviməti ilə qarşılaşdı. Lakin Zərdabinin atdığı bu cəsarətli addım sonradan “Ziya”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat” və “Füyuzat” kimi mətbuat incilərinin yaranmasına zəmin oldu, Azərbaycan jurnalistikasını əsl ideoloji məktəbə çevirdi.

 

“Gülmək yeri deyil, siz ağlayın ki, bizim müsəlmanların bircə qəzeti də basdırmağa adamı yoxdur”

Həsən bəy Zərdabi (“Əkinçi”, №3)

 

Qəzet “Əkinçi” adı altında zahirən kənd təsərrüfatından bəhs edirmiş kimi görünsə də, qarşıya qoyulan məqsəd müqayisəolunmaz dərəcədə dərin idi. Zərdabi özü bu missiyanı qısaca belə ifadə edirdi: “Qəzetin muradı xalqın gözünü açmaqdır...O, cəmiyyəti cəhalətdən xilas etməyin yeganə yolunu elmdə, təhsildə və tənqidi təfəkkürdə görürdü. Məqalələrində oxucunu fəallığa səsləyərək yazırdı: “Səy et, zəhmət çək, elm təhsil elə ki, dövlət qazanıb xoşgüzəran olasan”.

 

Bu gün informasiya bolluğu və rəqəmsal xaos şəraitində Zərdabinin irsi bizə obyektivlik, məsuliyyət və vicdanlı yanaşma kimi fundamental prinsipləri bir daha xatırladır. “Əkinçi” – sadəcə keçmişimiz deyil, gələcəyimizə də işıq salan mayakdır.

 

Həsən bəy Zərdabi üçün “Əkinçi” sadəcə bir informasiya daşıyıcısı deyildi, insanları maarifləndirən, onlara bilik və faydalı məsləhətlər verən, həyatlarını asanlaşdıran müqəddəs bir mənbə idi. Zərdabi yazırdı: “...qəzet və jurnal oxumaq insanı dünyadan xəbərdar edir, öz dilini öyrədir...” (Əkinçi, № 15 (27)).

 

Mətbuatın əsas meyarını müəyyənləşdirən mütəfəkkir qəzetin cəmiyyətdəki rolunu gözəl bir bənzətmə ilə ifadə edirdi:

 

“Hər bir vilayətin qəzeti gərək ol vilayətin aynası olsun. Yəni ol vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə, onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün”.

 

Diqqətəşayandır ki, Zərdabinin mətbuat haqqında baxışları müasir rəqəmsal media dövründə də öz aktuallığını tam qoruyur. O, qəzetin “Daxiliyyə” bölməsində medianın başlıca vəzifəsini cəmiyyətin güzgüsü olmaqda görürdü:

 

“Qəzet dərviş kimi nağıl deyə bilməz, onun borcudur işlərin yaman və yaxşılığını ayna kimi xalqa göstərsin, ta xalq öz nikbədindən xəbərdar olub onun əlacının dalınca olsun” (“Əkinçi”, №7)

 

XIX əsrdə səslənən bu fikirlər müasir media üçün də tamamilə aktualdır. Zərdabi jurnalistikanı yalnız xəbər yaymaqla məhdudlaşdırmır, mətbuatın xalqla münasibətdə şəffaf və obyektiv olmasını tələb edirdi. O, bölgələrin sosial vəziyyətini, insanların ehtiyaclarını işıqlandırmağı və regional mətbuatın inkişafını vacib sayırdı. Dövrü üçün böyük yenilik olan bu yanaşma göstərir ki, media yalnız maarifləndirici vasitə deyil, həm də cəmiyyətin problemlərini, arzularını və uğurlarını əks etdirən canlı bir ictimai platformadır.

 

Zərdabinin “ayna” konsepsiyası bu gün də jurnalistikanın təməl dəyərlərindən biridir. Ayna gerçəkliyi dürüst göstərdiyi kimi, media da görünməyən problemləri gün işığına çıxarmalıdır. Məhz buna görə də günümüzün media məkanında etik normalar, feyk xəbərlərə qarşı mübarizə və dezinformasiyanın qarşısının alınması xüsusi əhəmiyyət kəsb edir.

 

Zərdabinin baxışları sadə bir çağırış deyil — bu gün istər çap, istər televiziya, istərsə də rəqəmsal platformalar üçün yol xəritəsidir. O, dərc olunan məqalələrə oxucuların reaksiyasını, onların razı və ya narazı mövqeyini eşitmək istəyirdi.

 

Qəzetin təsir gücünün zəifliyindən gileylənərək yazırdı:

 

“6 aydır qəzet çıxır, artıq Londonda onu tanıyırlar... Amma bizdə nəinki oxumurlar, heç varlığından da xəbərləri yoxdur” (Əkinçi, № 12, 1 yanvar 1876).

 

Zaman keçsə və texnologiya sürətlə inkişaf etsə də, bu problem mahiyyətini itirməyib. Bu gün informasiya bolluğu və sosial şəbəkələr media sistemini daha interaktiv və ünsiyyətə açıq etsə də, hələ də passiv izləyici kütləsi var. Zərdabi isə məhz canlı fikir mübadiləsinin olduğu, interaktiv bir informasiya məkanının formalaşmasını arzulayırdı.

 

Sevinc Məmmədova

 

BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının dosenti 

#“əkinçi”dən #gündəm #mediaya: #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər