KİRAYƏ MƏNZİL BAZARINDA QİYMƏTLƏR ƏL YANDIRIR
Bu il ali məktəbə qəbul olanların əksəriyyəti Bakıda universitetlərdə təhsil alacaq. Nəzərə alsaq ki, aralarında rayonda yaşayanlar çoxluq təşkil edir, deməli, onlar paytaxtda kirayə mənzillər tapmalıdırlar. Bəs tapa biləcəklərmi? Ümumiyyətlə hazırda Bakıda kirayə mənzil bazarında vəziyyət necədir? Söhbət həm də qiymətlərdən gedir.
Hazırda Bakı şəhəri üzrə kirayə mənzil bazarının 30 faizini tələbələr tutub. Təlabat bir və iki otaqlı mənzillərədir. Amma məsələ ondadır ki, hər il bu sahədə vəziyyət nəzərə çarpacaq dərəcədə qəlizləşir. Söhbət ilk növbədə əl yandıran qiymətlərdən gedir. Ən baha qiymətlər Universitetlərin çoxluq təşkil etdiyi Yasamal rayonu ərazisində müşahidə edilir. Burada bir otaqlı evin bir aylıq kirayə qiyməti 450 manatdan başlayır. Təbii ki, söhbət orta təmirli evlərdən gedir, təmiri, yəni şəraiti bir qədər yüksək olan evlərin qiyməti isə 550 manatdan yuxarı təklif edilir.
Yasamal ilə paralel Nəsimi, Nərimanov və Səbail rayonlarında da bir otaqlı kirayə mənzilin qiyməti 400-450 manatdan başlayır. Mərkəzdən uzaq, metroətrafı ərazilərdə də eyni mənzərə hökm sürür. Bir sözlə, ucuz mənzil axtaranlar Bakıətrafı rayon və qəsəbələrdəki fərdi yaşayış evlərinə üz tutmalıdırlar. Həmin yerlərdə tələb olunan məbləğ bir otağa görə 250-300 manatdır. Amma əmlakçılar deyirlər ki, hazırda qiymətdən də əsas məsələ boş ev tapmaqdır. Əmlakçı Rüfət İslamzadənin sözlərinə görə, müraciətlər çoxdur, ev isə yoxdur. “O barədə yoxdur ki, evlər çox tutulub. İyulun axırından tələbələr ev axtarışına çıxıb”.
Ekspertlər bu il kirayə bazarındakı qıtlığın bir neçə səbəbi olduğunu deyirlər. Birincisi, son zamanlar Bakıda köhnə binaların sökülməsi, ikincisi isə xaricdən paytaxta üz tutanların sayındakı artım. Üstəlik, əvvəlki illərin məzunları da tutduqları kirayə mənzilləri tərk etmədikləri üçün yeni gələnlərə yer tapılmır. Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə deyir ki, çox zaman yay ərzində evlər boşaldılırdı. Artıq bu, bbelə deyil. “Çünki çox az miqdarda evlər boşaldılır. Tələbələr sentyabrda gəlib ev tapa bilmədiklərindən, əvvəldən kirayələdikləri evləri boşaltmırlar. Növbəti illərdə də universitet başa çatana qədər çalışırlar ki, o evi saxlasınlar”.
Ekspertlər mövcud problemin kökündə dayanan əsas məsələnin tələbə yataqxanalarının olmamasında görürlər.
GÜNDÜZ
