00:00:00
Yazar
Aise Mustafayeva
07.09.2026 22:30 49 3 dəq oxuma
Gündəm

Kiyevdən Avropaya mühüm mesaj: Zelenski liderlərlə məsləhətləşəcək  

 

Kiyevdən Avropaya mühüm mesaj: Zelenski liderlərlə məsləhətləşəcək

Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ nümayəndə heyəti ilə görüşdən sonra Avropa liderləri ilə onlayn formatda məsləhətləşmələr aparmaq niyyəti diqqət çəkir. Siyasi şərhçi Taleh Əliyev deyir ki, ABŞ nümayəndə heyətinin Moskva səfərinin nəticəsiz qalması fonunda Ukraynanın Avropalı müttəfiqləri ilə məsləhətləşmələri xüsusi əhəmiyyət daşıyır.

 

“Avropa dövlətləri müharibə boyunca Ukraynaya maliyyə, hərbi, kəşfiyyat, informasiya və siyasi-diplomatik istiqamətlərdə ciddi dəstək göstərib. Bu baxımdan Zelenskinin ABŞ nümayəndə heyəti ilə görüşdən sonra Avropa liderləri ilə müzakirələr aparması Rusiya-Ukrayna müharibəsinin nizamlanması prosesinin mühüm tərkib hissəsi kimi qiymətləndirilə bilər”.

 

 

Siyasi şərhçinin sözlərinə görə, Moskva danışıqlar prosesində Avropanın iştirakını məhdudlaşdırmağa, məsələlərin əsasən ABŞ-ın vasitəçiliyi ilə həll olunmasına üstünlük verir.

 

 

“Rusiya tərəfi danışıqların Avropanın iştirakı olmadan, yalnız ABŞ-ın vasitəçiliyi ilə aparılmasını istəyir. Lakin Zelenskinin ABŞ nümayəndələri ilə görüşdən sonra Avropalı müttəfiqlərini məlumatlandırması Avropanın da danışıqlar prosesində dolayısı ilə iştirak etdiyini göstərir”.

 

Taleh Əliyev hesab edir ki, Moskva görüşünün nəticəsiz qalmasının əsas səbəblərindən biri Rusiyanın müharibənin əvvəlindən irəli sürdüyü tələblərdən geri çəkilməməsidir. Onun fikrincə, Rusiya Prezidenti Vladimir Putin sülh məsələsində əvvəlki mövqeyini ciddi şəkildə dəyişməyib və Ukrayna ilə bağlı tələblərində israrlı olaraq qalır.

 

 

“Rusiya Ukraynanın işğal olunmuş ərazilərinin Rusiya ərazisi kimi tanınmasını, Ukraynanın neytral dövlətə çevrilməsini, həmçinin rus dili və mədəniyyəti ilə bağlı müəyyən təminatların verilməsini tələb edir. Əks halda Rusiya Ukrayna ərazilərinin işğalının davam etdirilməsi ilə hədələyir”.

 

 

Ekspertin sözlərinə görə, Ukrayna isə müharibə dövründə kifayət qədər hərbi və siyasi təcrübə toplayıb və müqavimət imkanlarını qoruyub saxlayır.

 

 

“Ukrayna artıq müharibə dövründə kifayət qədər təcrübə qazanıb, nəinki müqavimət göstərə bilir, həm də uğurlu əks-hücumlar həyata keçirir. Eyni zamanda, müharibənin təsirləri artıq Rusiya ərazisində də daha yaxından hiss olunur. Ukraynanın pilotsuz uçuş aparatları və raket zərbələri Rusiyanın müxtəlif strateji şəhər və obyektlərini hədəfə alır”.

 

 

Taleh Əliyev düşünür ki, Ukraynanın Qərb müttəfiqləri ilə məsləhətləşməsi iki əsas baxımdan mühüm əhəmiyyət daşıyır. Bir tərəfdən, Kiyev müharibənin sülh yolu ilə həlli prosesində Avropanın da iştirakında maraqlıdır. Digər tərəfdən isə ABŞ nümayəndə heyətinin Moskvadan Kiyevə hansı təkliflərlə gələcəyi mühüm sual olaraq qalır.

 

 

“ABŞ nümayəndə heyətinin Moskvadan Kiyevə kompromis variantla deyil, Rusiyanın sərt və ultimativ mövqeyini əks etdirən təkliflərlə gəlməsi ehtimalı var. Ukrayna tərəfi bu məsələləri Avropalı müttəfiqləri ilə müzakirə etdikdən sonra ABŞ nümayəndələrinə təqdim olunan mümkün sülh variantına münasibətini formalaşdıracaq”.

 

 

Siyasi şərhçinin fikrincə, Kiyev üçün əsas məsələ mümkün sülh modelinin beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğunluğudur.

 

 

“Əgər təklif olunan sülh modeli beynəlxalq hüquqa və ədalət prinsiplərinə uyğun deyilsə, Ukraynanın buna mənfi cavab verməsi gözləniləndir. Kiyev öz suverenliyi və ərazi bütövlüyü prinsiplərindən geri çəkilməyəcək”.

 

 

Taleh Əliyev Vladimir Putinin Moskva görüşü zamanı səsləndirdiyi fikirlərin də tərəflərin kompromisə gəlmək niyyətində olmadığını göstərdiyini bildirir. Onun sözlərinə görə, Rusiyanın sərt mövqeyi qarşılığında Ukraynanın da prinsipial mövqeyindən geri çəkiləcəyi gözlənilmir.

 

 

Siyasi şərhçinin sözlərinə görə, Zelenskinin Avropa liderləri ilə onlayn formatda görüş keçirmək niyyəti Ukraynanın müttəfiqləri ilə vahid mövqe formalaşdırmaq və qarşıdakı danışıqlarda daha koordinasiyalı fəaliyyət göstərmək istəyindən irəli gəlir.

 

 

“Ukraynanın Avropa liderləri ilə məsləhətləşməsi ilk növbədə vahid mövqenin formalaşdırılmasına xidmət edir. Kiyev qarşıdakı danışıqlarda öz mövqeyini müəyyənləşdirərkən Avropalı müttəfiqlərinin yanaşmalarını da nəzərə almaqda maraqlıdır. Bu isə həm Ukraynanın danışıqlar masasında mövqeyini gücləndirə, həm də Qərb müttəfiqləri arasında koordinasiyanın qorunmasına imkan verə bilər”.

 

 

Aişə Mustafayeva

#xəbər #azərbaycan #məsləhətləşəcək #zelenski #liderlərlə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər