00:00:00
Yazar
Admin User
09.11.2023 18:06 630 3 dəq oxuma
Sosial

Kəkələyən uşaqların valideynləri nə etməli?!

Kəkələyən uşaqların valideynləri nə etməli?!

"Kəkələməni bəzən sadəcə Loqopedə üz tutaraq həll etməyə çalışırlar. Amma bu düzgün deyil. Kəkələmənin əsas səbəbi psixoloji olduğu üçün bu problem psixoloqla həll olunmalıdır”.

 

Bu sözləri informator.az-a açıqlamasında Psixoloq Vəfa Rəşifova Demir söyləyib. Psixoloqun sözlərinə görə, bu problemin üstünə vaxtında düşülməlidir ki, sonradan böyük problem yaşatmasın.

 

“Uşaqlarda kəkələmənin əsas səbəblərindən biri də stressdir. Yəni stress olarsa, kəkələmə yaranır. Stressə davamiyyətin olmaması, uşağın stress qarşısında aciz qalması və.s kimi nüanslardan sonra isə kəkələmə başlayır”.

 

Psixoloq kəkələmənin müxtəlif səbəblərinin olduğunu bildirib.

 

“Kəkələmənin müxtəlif səbəbləri var. Bu səbəblər genetik də ola bilər. Yaxud sonradan qazanılan, və ya uşağın hansısa situasiyalar qarşısında aciz qalması nəticəsində kəkələməyə başlayır. Məsələn, baxırıq ki, hər-hansı hadisə baş verib və ondan sonra kəkələməyə başlayıb. Yəni bu o deməkdir ki, uşaq bu hadisədən travma alıb və travmanı da idarə edə bilmir”.

 

Psixoloqun sözlərinə görə, travma onda psixoloji sarsıntı buraxıb.

 

“Kəkələmə artıq uşağın travmanı nə dərəcədə dərin yaşamasının SOS siqnalıdır. Bəzən valideynlər deyir ki, keçib-gedəcək, düzələcək. Əslində isə belə deyil. Bu halın üstünə vaxtında düşülməlidir ki, gələcəkdə də böyük problemlərə səbəb olmasın”.

 

Vəfa Rəşidovanın sözlərinə görə, bəzən deyirlər ki, uşağa bildirçin yumurtası verək keçsin, və ya bu problemin xalasında, bibimsində olduğunu söyləyərək üstünə düşmürlər.

 

“Belə olanda isə problem daha da dərinləşir. Sonra isə maddi və mənəvi ziyanlara səbəb olur. Kəkələyən uşaqlar, eyni zamanda çox kompleksli uşaqlar olurlar. Bu uşaqlarda içinə qapanıqlıq olur. Bu da o deməkdir ki, bir kəkələmə probleminin fonunda, digər problemler yəni, özünə qapanma, özünə inamsızlıq, daxili komplekslər üzə çıxır".

 

Psixoloq qeyd edir ki, ailədaxili münaqişələrin də uşaqların kəkələməsinə təsiri böyükdür.

 

"Ailədaxili problemləri çox olan uşaqlar kəkələməyə meyilli olur. Məsələn, şiddət görən uşaqlar, yaxud valideynləri tərəfindən tez-tez səhvi tutulan uşaqlar kəkələməyə meyilli olur. Ona görə də biz psixoloqlar hər zaman deyirik ki, ailədaxili yəni, ata və ananın arasında olan mübahisədən uşaqların xəbəri olmasın”.

 

Psixoloqun sözlərinə görə, bu hal uşaqlarda kəkələmə və başqa sarsıntılara səbəb ola bilər.

 

“Gedib-gələn kəkələmələr də bəzən müşahidə olunur. Yəni, burada müəyyən bir müddət olur. Belə olanda valideynlər elə bilir ki, artıq keçib-gedib, problem həll olunub. Bəzən valideynlər deyir ki, məsələn, 5 yaşında kəkələyirdi, amma indi uzun müddət kəkələmir. Sonra da deyirlər ki, indi 15 yaşı var, yenə başlayır kəkələməyə. Yəni, bu o deməkdir ki, vaxtında üstünə düşülməyib, problem dərindən həll olunmayıb”.

 

Vəfa Rəşidova deyir ki, kəkələmə depressiv insanlarda, narkotik, alkoqol qəbul edən, sinirsəl problemləri və stressə davamı zəif olan insanlarda da müşahidə olunur.

 

“Həmin insanın yaşam keyfiyyətini, stressə davamını artıraraq, problemlərini çözərək korreksiya etməsi məqsədəuyğundur. Kəkələməni bəzən sadəcə loqopedə üz tutaraq həll etməyə çalışırlar. Amma bu düzgün deyil. Kəkələmənin əsas səbəbi psixoloji olduğu üçün psixoloqla həll olunmalıdır, yaxud loqoped və psixoloq birlikdə işlənilməlidir. Amma ən əsas iş psixoloqun üzərinə düşür. Çünku hər şey düşüncədə başlayıb, düşüncədə bitir”.

 

Aydan İsayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər