00:00:00
Yazar
Admin User
15.08.2025 18:53 174 13 dəq oxuma
Maraqlı

KLASSİK PUBLİSİSTİKA

KLASSİK PUBLİSİSTİKA

Bildiyimiz kimi, jurnalistika təkcə informasiya verməklə kifayətlənməməlidir. İctimai, siyasi, iqtisadi, mədəni həyatda baş verən bütün problemlərin aradan qaldırılmasında, həlli yollarının tapılmasında, düz istiqamət verilməsində hətta cəmiyyətin səfərbər edilməsində publisistika çox önəmli yer tutur. Klassik publisistikamıza nəzər yetirəndə bir daha şahidi oluruq ki, xalqın milli özünədərk və özünəqayıdış hisslərinin aşılanmasında klassik publisistikamız dahiyanə nümunələr yaradıb. İstər 20-ci yüzilliyin əvvəllərində, istər sonlarında milli müstəqilliyimizin, azadlığımızın qazanılmasında döyüşkən publisistikamız əvəz edilməz rol oynayıb. 

      

Bəs bu gün niyə mətbuatımız əsasən informasiya verməklə kifayətlənir?! Axı bu gün də publisistikanın müraciət və həll edəcəyi bir çox sahələr var. Buna görə klassik publisistikamızdan öyrənəcəklərimiz də çoxdur...   

      

Azərbaycanın XX əsr ictimai fikir tarixində görkəmli yer tutan, Azərbaycan ədəbiyyatının, mətbuatının görkəmli və böyük fitri istedada malik publisistləri olub. H.Zərdabi, C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, Ü.Hacıbəyli, C.Hacıbəyli, F.Ağazadə, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, H.Vəzirov, M.B.Məhəmmədzadə, Ş.Əfəndizadə və başqa görkəmli sənətkarlarımız publisistika ilə də məşğul olaraq, ideya və düşüncələrini publisistik məqalələrində əks etdiriblər

Zəngin, çoxşaxəli ədəbi irs qoyub getmiş bu ədiblərin publisistik yaradıcılığı bu gün də ictimai, siyasi tərbiyəvi əhəmiyyətini itirmədiyi üçün aktualdır və tədqiqinə ehtiyac duyulur. Çünki onların publisistikası dərin və güclü məntiqə malikdir. Klassik publisistikamızın bu əvəzedilməz nümunələri, millətin qarşılaşdığı problemləri, dərdləri dərindən öyrənməyə yönələn aktual mövzulara həsr edilib və böyük türk xalqlarının azadlıq mübarizəsinə xidmət edib.

    

İctimai, siyasi, iqtisadi ziddiyyətlərin kəskinləşdiyi və inqilabi mübarizələrin son dərəcə qızışdığı dövrdə, 20-ci yüzilliyin əvvəllərində xalqın milli dərdləri, milli özünüdərk və özünəqayıdış ideyaları romantik və realistlər ədəbi məktəbin publisistlərinin yaradıcılığında öz möhtəşəm ifadəsini tapıb. Bu publisistikaya, istər dünyaya, istərsə də Şərq ictimai fikrinin inkişafına əvəzolunmaz nümunələr bəxş etmiş, “zaman-zaman publisistik sözün qüdrətindən istifadə etməklə öz dövrlərinin problemlərinə çox aydın və kəskin münasibət bildirmiş” klassik publisistikamız daxildi. Ona görə də Azərbaycan publisistikası 20-ci yüzilliyin əvvəllərindəki səviyyəsi və cəsarətli çıxışları ilə heyrət doğurur. Həmin dövrdə Azərbaycanda baş verən bütün ictimai-siyasi hadisələr, milli özünüdərk prosesinin güclənməsi, türkçülük ideyalarının qaldırılması və təbliği publisistikanın həm mövzu dairəsini, həm də sənətkarlıq keyfiyyətini yüksəklərə qaldırdı.

    

Və burada istər realist, istər romantik ədəbi məktəbin publisistləri mühüm rol oynamaqla yanaşı, həm də milli mənafe uğrunda aparılan mübarizədə birləşməyi də bacardılar. Dövrün görkəmli publisisti Ömər Faiq Nemanzadənin təkcə “Dərdimiz və dərmanımız” publisist yazısısını oxumaq kifayətdir ki, onun bu günümüz üçün nə qədər aktuallıq kəsb etdiyi anlaşılsın. Publisist məqaləsində müsəlmanların savadsızlığını, geriqalma səbəblərini aradan qaldırmaq üçün maarifin, mədəniyyətin təbliğinin vacibliyini vurğulayaraq dövlətliləri, ziyalıları iş görməyə dəvət edir. 

    

Publisist hər vəchlə oxucusunu inandırmağa çalışırdı ki, elm insanı zülmətdən, cəhalətdən çıxarır, köləlikdən azad edir. Bir qayda olaraq mövcud problemlərin kökünü cəhalətdə, nadanlıqda, savadsızlıqda görən müəllif bu bəladan qurtarmaq üçün elmin faydasını məqalələrində açıq-aydın şərh edərək valideynləri qonşu erməni, yəhudi, rus millətlərindən örnək götürməyə, çətin də olsa övladlarını oxumağa, məktəbə sövq etməyə səsləyirdi. 

      

Müəllif bu baxımdan bədii publisistikanın ən önəmli, ən ustad nümunələrini ortaya qoymaqla bədii publisistikanın özünəməxsus xüsusiyyətlərindən ustalıqla istifadə edib. Bədii detallar, daha inandırıcı tapıntılar, oxucuya ünvanlanan fakt, tövsiyə və məsləhətlər, məzmun və bir sıra digər keyfiyyətlər onu daha da kamilləşdirir, sənət səviyyəsinə yüksəldir. Azərbaycan yazıçı publisistikasında da belə nümunələr saysız-hesabsızdır. 

 
M.F.Axundzadənin tədqiqatçılar tərəfindən Azərbaycan publisistikasının “İncisi sayılan” “Kəmalüddövlə məktubları” əsəri, H.Zərdabinin “Əkinçi”, “Kaspi”, “Həyat”, “Dəbistan” mətbu orqanlarında çap edilən saysız-hesabsız publisistik məqalələri orijinallığı, cazibədarlığı ilə bu gün də diqqəti cəlb edir.

   

 “XIX əsrin ortalarında M.F.Axundzadəylə başlayan, N.Vəzirovla davam edən və XX əsrin əvvəllərində Y.V.Çəmənzəminli, C.Məmmədquluzadə, Ü.Hacıbəyli, Ə.Haqverdiyev, Ə.Qəmküsar, M.Ə.Möcüz və digərləri tərəfindən davam etdirilən yazıçı publisistikası milli özünüdərk və milli özünəqayıdış prosesinin güclən-məsində mühüm rol oynamışdır”. Amma burada bir faktı qeyd etmək çox vacibdir ki, XX əsrin əvvəllərində məhz milli özünəqayıdış və milli özünüdərk prosesinin güclənməsində Y.V.Çəmənzəminli, Ə.Qəmküsar, Ə.Haqverdiyev, M.Ə.Möcüz publisistikasından ideya-siyasi baxımdan qat-qat çox güclü, təsirli Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.B.Məhəmmədzadə və M.Ə.Rəsulzadənin siyasi publisistikası olub. Görünür, hələ də bəzi tədqiqatçılarımız sovet ideologiyasının təsirindən uzaqlaşa bilmədikləri üçün publisistikamızda, xüsusən də siyasi publisistikamızda kimin-kim olduğunu aydınlaşdıra bilmirlər. 

     

Məhz Azərbaycan mətbuatı tarixində ilk dəfə xalqa milli kimliyini, keçmişini və milli azadlığı uğrunda mübarizəyə qalxmasını “Həyat”ı, “İrşad”ı, “Füyuzat”ı, “Açıq söz”ü yaradan publisistlərimiz anlatdı və onların da başında Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsuılzadə və başqaları dururdu.

     

Unutmayaq ki, publisistikamızın bədii-ictimai fikir tariximizdə azərbaycançılıq ideologiyasının ən parlaq səhifəsini yaradanC.Məmmədquluzadə və yaxud Azərbaycan milli mətbuatında istiqlal düşüncələrini möhkəmləndirən siyasi publisistikanın ölməz nümunələrini tarixə həkk edən M.Ə.Rəsulzadə, milli məsələyə həsr edilən ən dəyərli publisistik nümunələri yaradan Ü.Hacıbəyli və Ö.F.Nemanzadə publisistikasına bu gün nə qədər ehtiyacımız var. 

 

Azərbaycan publisistikasında özünün dil-üslub rəngarəngliyi ilə fərqlənən bu ədiblərin publisistikası həm də yüksək publisist sənətkarlığı baxımından da müqayisə ediləbiləcək dərəcədə deyil. Həm satirik, həm də ciddi-elmi, siyasi, bədii publisistikanın ölməz klassik nümunələrini yaradanC.Məmmədquluzadə, Ö.F.Nemanzadə, H.Vəzirov, C. və Ü.Hacıbəyli qardaşları, Ə.Hüseynzadə, Ə.Ağaoğlu və M.Ə.Rəsulzadənin publisistikası həm sənətkarlıq baxımından, həm də üslub baxımından bu gün bizlərə bir örnəkdir. Onların publisistikası müraciət etdikləri mövzunun aktuallığı və çözülməsi baxımından da fərqlidir. 

    

Baxmayaraq ki, onların ədəbi mühitə gəldiyi dövr də çox mürəkkəb, ziddiyyətli və mübarizələrlə zəngin bir dövr idi. Xüsusən 1905-07-ci il hadisələri, daha sonra Birinci Dünya Müharibəsi, 1917-ci il təzadları və nəhayət Azərbaycanda milli istiqlal uğrunda mübarizənin aparılması və qələbəsi. Söz yox ki, bu zaman Azərbaycanda milli intibahın oyanışına doğru bir mübarizə başlanıb. Bu mübarizənin önündə xalqın böyük və istedadlı qələm sahibləri üstünlük təşkil edirdilər. Heç də təsadüfi deyil ki, mübarizəni ümumxalq səviyyəsinə qaldıran milli mətbuatımız və onun yazarları oldular. Onlar isə ölkədə yetişməkdə olan böyük bir publisist ordusunu təşkil edirdilər. Məlumdur ki, “publisistika bədii ədəbiyyatın hadisələri ən tez və ən real əks edən, həyatla ayaqlaşmağa can atan  janrıdır”. 

      

Deməli, publisistika müəlliflə oxucu arasında bir mükalimədir, dialoqdur. Elə bu baxımdan publisistik əsərlərdə əsas ideoloji mövqe daha tez diqqəti cəlb edir. Publisistin nəyi müdafiə və ya rədd etdiyi, hansı ictimai meylin nümayəndəsi olduğu tez bilinir. Bütün bunlarla yanaşı, publisistika oxucunu müəyyən fikirlərə inandırmaq, ya müəyyən fikirlərdən döndərmək üçün müəllifin əlində daha çevik və daha kəsərli bir silahdır. Məhz onları publisistikaya gətirən də bu xüsusiyyətlər idi ki, cəmiyyətlə sıx təmasda olmaq, mütərəqqi fikirləri xalqa tez çatdırmaq və xalq arasında yaymaq.

   

İstər “Molla Nəsrəddin”, istər “Füyuzat” ədəbi məktəbinin yaradıcıları və davamçıları da məhz bu xeyirxah niyyəti həyata keçirmək üçün publisistikaya üz tutdular. “Onların məqalələrindəki publisist ton da sadəcə ictimai-siyasi məzmunda olmur, həm də köklü bədii-estetik keyfiyyət daşıyır, tarixi-fəlsəfi və ədəbi-elmi biliklərin tutumu ilə seçilirdi”. Bu baxımdan dahi Mirzə Cəlilin “Cümhuriyyət”, “Azərbaycan” məqalələri, başdan-ayağa türkçü-turançı Ə.Hüseynzadənin “Nicat məhəbbətdədir”, “Röya”, “Qırmızı qaranlıqlar içərisində yaşıl işıqlar”, Ə.Kamalın “Simurğun qanadları altında” kimi yazıları, H.Vəzirovun, M.Hadinin çoxsaylı məqalələri buna sübut olacaq nümunələrdəndir. 

       

XX əsr Azərbaycan bədii publisistikasından bəhs olunarkən “Füyuzat”çılar üçün “önəmli o idi ki, çağdaş mədəni-mənəvi həyatımızın ağrıları ...ön plana çəkilsin”. O, zaman bu mədəni-mənəvi ağrılarımızdan biri və ən başlıcası savadsız xalqı elmə, maarifə cəlb etmək, xalq arasında onun təbliği məsələsi idi ki, yuxarıda adlarını qeyd etdiyimiz publisistlərimizin əksəriyyətinin publisistik məqalələri əsasən bu mövzunun təbliğinə həsr edilib. 

       

20-ci yüzilliyin əvvəllərində yazıb-yaratmış Azərbaycan yazarlarının ədəbi-bədii, elmi irsi, o cümlədən publisistik yaradıcılığı tədqiqatçılarımız tərəfindən geniş tədqiq edilərək oxucuların ixtiyarına verilməli və elmi ictimaiyyətin diqqətinə çatdırılmalıdır. Məhz bu publisistika milli-mənəvi dəyərlərə, müstəqillik ideyalarına, Vətənə və müqəddəs torpağa, böyük türkçülük və azərbaycançılıq ideyalarına söykənən, onun təbliğinə yönələn motivlərlə zəngindir. Ölkəmizdə böyüməkdə olan gənclərin milli ruhda, milli zəmində tərbiyə olunması əsas vəzifələrdən biri kimi qarşıya qoyulduğu indiki şəraitdə bu publisistikaya necə böyük ehtiyac duyulur. 

     

 Məşhur rus yazarı V.Q.Belinskinin gözəl bir fikri var. “Ədəbiyyat və tərbiyə” bu iki məfhumu günəş və işıq, həyat və fəaliyyət məfhumları kimi bir-birindən ayrı təsəvvür etmək mümkün deyildir”-söyləyən ədib nə qədər haqlı imiş. Bu baxımdan klassik publisistlərimizin yaradıcılığı diqqəti daha çox çəkir. Onların şəxsiyyəti, adamlara olan münasibəti, milli ənənəyə bağlılığı hər zaman gənclik üçün nümunə məktəbidir və qələmlərinin məhsulu olan hər bir əsərləri, publisistik məqalələri sənət nümunələri kimi bədii idrak vasitəsidir. 

        

Nəzəriyyəçi alim, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli demiş: “Zaman keçəcək, onilliklər, yüzilliklər bir-birini əvəz edəcək, hər şey dəyişəcək, dünya yeni yönə yeni zövqlə istiqamətlənəcək, ancaq xalqın milli-mənəvi dəyərlərinə öz müqəddəs münasibəti heç vaxt dəyişməyəcəkdir”. Deməli, təpədən-dırnağa maarifpərvərlik, vətənpərvərlik, millətsevərlik, azadlıq hissləri ilə zəngin olan bu klassik publisistlərimizin yaradıcılığı da daima dərin minnətdarlıqla yad ediləcəkdir.  

       

Doğrudur, çox təəssüflər ki, sovet dövründə romantik ədəbi məktəbin nümayəndələri olan publisistlərimizin yaradıcılığına və şəxsiyyətinə münasibət siyasiləşdirilərək qeyri-obyektiv, hətta çox qərəzli də olub. “Bu da hər zamanın, dövrün ictimai mübarizələrinin xüsusiyyətlərindən,mündəricəsindən,ideallarından asılıdır. Hər dövr, nəsil öz məqsədləri, ictimai meylləri üçün keçmiş irsdə bir dəlil, bir dayanacaq axtarır”.

       

Unutmayaq ki, romantik ədəbi məktəbin publisistləri uzun illər ədəbi tənqidin  diqqətini hər zaman cəlb edib və ədəbi tənqidçilər dövrün tələbini əsas götürərək onların yaradıcılığında ziddiyyət axtarıblar. Amma onlar unudublar ki, əgər romantiklərin əsərlərində ziddiyyət varsa, o da ictimai həyatdan irəli gəlirdi. 

    

Ümumiyyətlə, Azərbaycan da sovet tənqidinin təşəkkülü və yüksəlişi “vulqar-sosioloji mərhələ” deyilən dövrdə də romantiklərin yaradıcılığına münasibətdə özünün bütün zəif cəhətlərini subyektiv maksimalizmi, metodoloji və estetik təzahür ifratları ilə meydana çıxarıb. Amma bu heç də o demək deyil ki, Azərbaycan sovet ədəbi tənqidçilərinin xidmətlərini heçə endirmək lazımdır. Qətiyyən! Çünki, az da olsa romantikləri “müasir dövrlə və tarixlə əlaqələndirib, elmi-metodoloji cəhətdən düzgün qiymətləndirməyə” can atanlar da olub.

       

Bədii sözün qüdrətini duyan bu publisistlər xalqın gələcəyi və azadlığı uğrunda mübarizədə mətbuatın gücünü dərk edərək bütün varlıqları, sözləri, qələmlərilə mübarizə apardılar. Yazdıqları məqalələrin hamısı dolğunluğu, kəskinliyi, mövzunun vacibliyi ilə seçilirdi. Odur ki, baxışlarındakı ardıcıllıq, bütövlük və dərin mühakimə dərhal nəzərə çarpır.

       

Bu klassiklərimizin publisitikasında gənc yazarlarımız üçün örnək ola biləcək bir məqam var ki, bu da onların ədəbi tənqidə, sözə məsuliyyətlə yanaşmağı tələb edən mülahizələridir. Bu mülahizələr hər an aktuallığını itirməyəyərək qələm, söz əhlindən məsuliyyətli olmağı tələb edir. “Bir tənqid ki, məhəbbət və səmimiyyətdə xüdfüruşluq və xüdkamlıq nəticəsi olaraq yürüdülərsə, o yürüməz, daha doğrusu yürüyəməz, yürüsə belə, əmin olmalı ki, səbatsız olur”-söyləyən publisist tənqiddə də sağlam əqidəli olmağı, qərəzsizliyə yol verməməyi təklif edirdi. Müəllif söz sahibindən sözünə layiq olmasını və onun əhəmiyyətini dərk etməyə qadir olmasını tələb edərək yazırdı: “Söz söyləyən yaxşı bir qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa, həqiqi bir məlumata malik olmalıdır. Hər söz sahibinin sözü ilk öncə ruhu ilə, vicdanı ilə üzləşməli, müvəffəqiyyət etməli, sonra müxatibə söylənilməlidir”. Bu gün sözün məsuliyyətini hiss etmədən, nə istədi yazan jurnalistlərimiz üçün neçə gözəl məsləhətdir.  

      

Klassiklərimizin publisistikasında azadlıq ideyalarına rəğbət, onun uğrunda mübarizə hər an özünü büruzə verib. Cəmiyyəti, insanları azad, xoşbəxt görmək onların ən böyük, ən müqəddəs idealı idi vəbütün yaradıcılıqları boyu bunu təbliğ ediblər. Dövrün görkəmli publisisti Üzeyir Hacıbəyli yazırdı: “Azadlıq insanı ucaldır, gözüaçıq, cəsur və nəcib edir”.  

      

Bütün yaradıcılığı boyu xalq azadlığı, şəxsiyyət azadlığı, fikir azadlığı kimi müqəddəs amallarla yaşayan Üzeyir Hacıbəyli bu bəlalardan qurtulmaq, azad olmaq üçün elmə, maarifə sahib olmağı tövsiyə edirdi: “Kimi elm ilə, kimi ağıl və təcrübə ilə bir kərə anlayıbdır ki, indiyə qədər sürdüyümüz həyat deyildir, bəlkə həyat içində bir məmatdır”. 

       

Yuxarıda da qeyd etdik ki, bu klassik publisistlərimizin əksəriyyətinin ədəbi mühitə başladığı dövrə nəzər yetirsək ətrafda baş verən siyasi hadisələr, ictimai etiraz, zülm və haqsızlıq əleyhinə aparılan mübarizələr və s. diqqəti daha çox cəlb edir. Bütün bunları dəf etmək üçün publisistlərimiz ilk növbədə azlıqda qalan xalqları əsarətdə saxlayan “mövcud siyasi quruluşu devirmək deyil, onu bir qədər mülayimləşdirmək tələbi ilə çıxış edirdilər”. Əvvəl bu siyasəti yürüdən ziyalılar sonra çox haqlı olaraq bir mənalı şəkildə xalqın tam azadlığı uğrunda mübarizəsinə qalxdılar.

      

Təbii bu mübarizədə realistlər və romantik ədəbi məktəblərin publisistlərinin yeri daha önəmli oldu. Hər iki ədəbi məktəbin nümayəndələri Azərbaycan ədəbiyyatına və mətbuatına bir çox yeniliklər gətirməklə yanaşı, (realistlər-özünütənqid, romantiklər-özünütəsdiq) onun formalaşmasına, zənginləşməsinə də çox dəyərli töhfələrini verdilər. “Ədəbi-ictimai fikir tariximizdə “Molla Nəsrəddin” tənqidi realizmin, “Füyuzat” isə romantizmin yaradılmasında, təşəkkül, inkişaf və təbliğində başlıca rol oynayıb”. 

        

Görkəmli alim Əziz Mirəhmədovun təbrincə desək: “XX əsr ədəbiyyatımızı nəinki “Molla Nəsrəddin”siz, habelə “Füyuzat”sız təsəvvür etmək çətindir”. 

       

Azərbaycan ədəbi mühitinə bir çox yeniliklər gətirən romantiklərin düşüncə və mühakimələrindəki sərbəstlik də ilk dəfə olaraq Azərbaycan ədəbiyyatında, mətbuatında böyük marağa səbəb oldu. Çox təəssüflər ki, “tarixin və taleyin acı “məzhəkələri” üzündən sovet totalitar rejimi dövründə bu iki jurnalın yaratdığı ədəbi məktəblər və onun üzvləri, mollanəsrəddinçilərlə füyuzatçılar bir-birinə qarşı qoyulmuş, yalnış olaraq barışmaz siyasi qüvvələr kimi qiymətləndirilmişdir”.

      

Əslində isə bu iki ədəbi məktəblər arasındakı “genetik doğmalıq, metodoloji fərq, üslub ayrılıqları” obyektiv şəkildə öyrənilərsə hər ikisinin ədəbiyatımız, mətbuatımız və bütövlükdə ədəbi mühitimizdəki tarixi kökləri və bağlılığı üzə çıxar. Azərbaycanda romantizm və realizm ədəbi məktəbinə mənsub jurnalist, publisist bir sözlə istedadlı qələm sahibləri yetişirdi və onların sayəsində mətbuatda “maarifçilikdən inqilabçılığa, istiqlalçılığa keçid” aydın hiss olunurdu.  “Ümmətçilikdən millətçiliyə” keçidin sürətlə davam etdiyi bir zamanda millətin formalaşmasında mühüm rol oynayan mətbuat əsasən bu iki məktəbin nümayən-dələrinin sayəsində inkişaf edirdi. 

       

Bildiyimiz kimi, milli tariximizin böyük mənəvi hadisəsi olan türkçülüyün, turançılığın bir ideologiya kimi təbliği məhz ilk dəfə 20-ci yüzilliyin əvvəllərində Azərbaycanın görkəmli, mütəfəkkir şəxsiyyəti Ə.Hüseynzadə tərəfindən ictimai, siyasi, ədəbi fikir tariximizə gətirilmiş və onun məslək yoldaşları romantiklər tərəfindən davam etdirilmişdir. Ona görə də milli mənəvi bütövlüyə nail olmaq və daha yeni mütərəqqi mədəni səviyyəyə yüksəlmək tələbi mətbuatımızda və ədəbiyyatımızda 1910-cu ildən sonra romantiklərin yaradıcılığında qətiyyətlə müdafiə olunurdu. Ə.Hüseynzadə Azərbaycan ədəbi-elmi fikir tarixində “ilk dəfə olaraq konseptual şəkildə türklük prinsiplərini müdafiə edir və türk xalqlarının dil ortaqlığına əsaslanaraq” bu ideologiyanı Azərbaycan mətbuatı tarixində ilk olaraq “Həyat” qəzetində təbliğinə başlamış olsa da daha geniş olaraq “Füyuzat” jurnalında davam etdirmişdir. Sonra isə “Füyuzat” ədəbi məktəbinin yetirmələri olan romantiklər milli duyğularımızı tərbiyə etmək, türklük əxlaqı və düşüncə tərzini qorumaq, yaşatmaq üçün mətbuatda, ədəbiyyatda mübarizəyə qalxdılar.

     
Ədəbi irsi ümumxalq sərvəti sayan “Füyuzat”çılar bu “mənəviyyat daşıyıcısının” qorunmasına və nəsildən-nəsilə ötürülməsinə çalışırdılar. Bu haqda romantik şair M.Hadi 1914-cü ildə “İqbal” qəzetinin 714-cü sayında yazırdı: “Şairlərin, ədiblərin mətrukat və müvərrisatı-qələmiyyəsi el malıdır. Nasıl ki, şeri-üdəbanın özləri də insaniyyət malıdır. Bu gün hər şeydən ziyadə ədəbi, ictimai fikir sərvətlərinə, dimağ məhsullarına möhtac olan millətimiz günah deyilmidir ki, böylə əsərlərdən nəsibədar olmasın!”.

 

Bildiyimiz kimi, “Azərbaycan ictimai fikrində Birinci Dünya Müharibəsi illəri ərzində milli azadlıq və vicdan azadlığı problemindən sonra qadın azadlığı problemi, o zamanın təbirilə desək, hürriyyəti-nisvan məsələsi aktual əhəmiyyət kəsb edirdi”. Bütün müsəlman xalqlarında olduğu kimi, Azərbaycan xalqında da qadın hüquqsuz idi. Bir əşya kimi alınar və satılardı, günü-güzəranı ağlamaqla, sızlamaqla keçərdi. Ona görə də qadınların o zaman təhsil alması çox müşkül bir məsələyə çevrilmişdi. Bəziləri bəhanələr edərək, onların təhsil aldıqdan sonra böyüklərinə, ərlərinə itaətsizlik göstərəcəyini iddia edərək buna qəti yol vermirdilər. 

     

Belə bir zamanda Azərbaycanda onların hüquqları uğrunda mübarizə aparan publisistlər arasında C.Məmmədquluzadə, Ö.F.Nemanzadə, M.Ə.Sabir, M.Ə. Rəsulzadə, Ü.Hacıbəyli, C.Hacıbəyli, Ş.Əfəndizadə, F.Ağazadə, X.İbrahim,  Y.V.Çəmənzəminli və başqaları daha fəal idilər. Nəticədə tədqiqatçıların fikrincə, “1914-1917-ci illərdə Azərbaycan qadınlarının ictimai fəallığının artdığı müşahidə edilirdi”. Doğrudan da dövrü mətbuata nəzər saldıqda bunun şahidi oluruq ki, bu illərdə qadınlar cəmiyyətlər və təşkilatlar yaradır, öz hüquqlarını tələb və müdafiə etmək üçün mətbuatda məqalələr yazır, çıxışlar edir, millətin həyatında fəal mövqe tutmağa çalışırdılar. 

    
Deməli, klassik publisistlərimiz xalqı, cəmiyyəti narahat edən hər bir məsələnin həll edilməsi üçün öz səylərini əsirgəməmişlər. Odur ki, bu gün də, sabah da bu zəngin irsdən bəhrələnmək üçün dönə-dönə onların yaradıcılığına müraciət etməliyik.

 

     “Kaspi” qəzeti, 2 iyul 2014

 

BDU-nun professoru Qərənfil Dünyaminqızı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər