00:00:00
Yazar
Admin User
25.11.2025 15:29 541 3 dəq oxuma
Media

Kəlbəcərin azadlıq xəbəri

Kəlbəcərin azadlıq xəbəri

 Bu gün Ordumuzun Kəlbəcərə daxil olmasından 5 il ötür. Beş il əvvəl media cəbhəsində çalışan jurnalistlər bu böyük xəbəri xalqa qürurla çatdırmışdılar. Həmin tarixi anı anbaan izləyən ARB24 kanalının müxbiri isə canlı bağlantıda xəbəri həyəcanla təqdim edirdi. Xəyalə Mürsəl bu unudulmaz günlə bağlı təəssüratlarını "İnformator.az"la bölüşüb:

 

"Məlum olduğu kimi, Kəlbəcər noyabrın 15-də qaytarılmalı idi, ancaq Ermənistan 10 gün əlavə vaxt istəmişdi və o dövrdə Azərbaycan humanist davranaraq qarşı tərəfin istəyini rədd etmədi və qanunsuz yerləşən insanların rayondan çıxarılması üçün razılaşdı. Biz 25 dekabr tarixini səbrsizliklə, səbrlə, ümidlə gözlədik. Nəticədə, 27 il, 7 ay və 19 gün həsrətlə gözləmişdik. Daha 10 günü isə Kəlbəcəri üzülərək gözlədik, özlədik. Çünki bu müddət ərzində evlərin yandırılması ilə bağlı görüntüləri izləyirdik.
Və nəhayət, 27 il, 7 ay və 29-cü gün! Bir gün əvvəl biz çalışdıq öyrənək ki, ordu hansı istiqamətdən daxil olacaq. Rəsmi məlumat əldə edə bilmədiyimizdən ehtimallarla hərəkət etdik və düşündük ki, böyük ehtimalla Toğanalı yolundan daxil olacaq. O yol ki, 27 il ərzində Göygöldə həmin yerdən hər keçəndə dilə gətirmişik: “Kəlbəcərə gedən yol budur” deyə. Həmin vaxt o yolda post məntəqəsi var idi.
Vaxtını bilmirdik, ordumuz hansı saatda keçəcək və elə davranmalı idik ki, heç nəyi qaçırmayaq. Ona görə mümkün qədər tez çıxmalı idik və uzun zaman gözləyəcəyimizi nəzərə alıb qalın geyindim, əlavə 3-4 gödəkcə götürdüm özümlə. Çünki həmin vaxt soyuqlamışdım, qrip idim. Hələ də yadıma gəlir, çox soyuq idi. Çatan kimi o 3-4 gödəkcənin hamısını üst-üstə geyinmişdim.
Jurnalist həmkarlarımızın bir qismi biz posta çatanda artıq orada idi. Hamı xəbərsiz, maşında gözləyirdi. Saat 4 olardı, bir hərbi yük maşını gəlib yaxınlıqda dayandı, bu, bizim üçün artıq siqnal idi. Redaktorum Aynur Nəsirova tez-tez əlaqə saxlayırdı, o öz komandası ilə hər an xüsusi buraxılışa hazır idi.
Xeyli sonra hava işıqlanmaq üzrə olanda ikinci yük maşını da gəlib digərinin arxasında dayandı. Mən Aynur xanımla əlaqəyə keçdim və biz həyəcanla əmin olduq ki, o tarixi anların şahidi olacağıq. Kolon gəlib çatana qədər qısa zaman ərzində Aynur Nəsirova özünü necə studiyaya çatdırmışdısa, bağlantıda “Danış, Xəyalə!” deyəndə qulağıma inanmadım...
Və kolonun Kəlbəcər yoluna necə düzəldiyini biz anbaan həm izlədik, həm də izlətdik. O gün, 44 günlük haqq savaşımızdan cəmi 44 gün keçmişdi ordumuz Kəlbəcərə daxil olanda çox həssas idik. Saymaqla bitməyəcək qədər qarışıq hisslər yaşayırdıq: qürur, güvən, ədalət, fəxr, intizarın sonu... Bəlkə də, hadisələrin içində çox olduğumuzdan hisslər o qədər qarışıq və o qədər də dərin idi. Şəhidlərə, onların ailəsinə minnət borcu, dövlətimin hiss etdirdiyi özgüvən, xalq birliyinin, hər bir vətəndaşın qürur duyduğu Ali Baş Komandanımızın bizə ötürdüyü məğrurluq... saymaqla bitməyən hisslər var idi və biz o hissləri çox dərin yaşayırdıq.
Həyəcanla bir neçə bağlantı etdik. Çünki kolonlar hissə-hissə daxil olurdu, müəyyən fasilələrlə. Təxminən 1 saat çəkdi və hər kolon qrupu daxil olduqca operatorum Fərrux Qafarovla yenidən bağlanırdıq, həyəcanla şərh verərək o tarixi görüntülərin yayımlanmasına vasitəçilik edirdik. Bu anları xalqa çatdırmaq isə bizim üçün həm peşə borcu, həm şərəf idi.
Həmin gün biz oradan Gəncəyə, Kəlbəcər sakinlərinin məskunlaşdığı şəhərciyə gəldik və həmin şəhərcikdə Kəlbəcər sakinlərinin bu günü necə qeyd etdiklərinin şahidi olduq. Bayraqlar, yürüşlər... Möhtəşəm idi hər şey.
Bilirsiniz, bu iş deyildi, bu, tarix idi. Və mən o tarixin içində dayanırdım. O günlər mənim həyatımda silinməyəcək bir iz, peşə fəaliyyətimdə isə ən böyük fəxarət kimi qalacaq".

Bu gün biz həmin tarixə bir də baxırıq və onu yaşayanların nəfəsində, sözündə, xatirəsində yenidən hiss edirik. Kəlbəcərin azadlığı həm də millətin illərlə sinəsində gizlətdiyi ümidin gerçəyə çevrildiyi andır.Beş il sonra o yol artıq təkcə “Kəlbəcərə gedən yol” deyil. O yol bir xalqın iradəsinin yoludur. Biz həmin günün şahidlərini dinlədikcə anlayırıq ki, tarixi onu addım-addım, nəfəs-nəfəs, yaşadırlar.  Bu, tarixin canlı yayımı idi!

 

 Vüqar Alışov  Ayan Sədi

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər