Rəsmi Bakı Azərbaycan vətəndaşlarını münaqişə zonalarına səfərlərdən çəkinməyə çağırıb
Mövcud beynəlxalq təhlükəsizlik mühitində daha da artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır.
"İnformator.az" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, belə ərazilərdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınır.
"Bu cür hadisələr münaqişə zonalarında və onların yaxınlığında yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək olduğunu bir daha nümayiş etdirir və həmin bölgələrə səfər edən və ya fəaliyyət göstərən vətəndaşlarımızın həyat və sağlamlığı üçün ciddi təhlükələr yaradır.Bu kontekstdə, vətəndaşlarımıza xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirmələrinə, rəsmi dövlət qurumlarının xəbərdarlıq və tövsiyələrini nəzərə almalarına, münaqişə və hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərdən yayınmalarına bir daha çağırış edirik".