Klublar "Manchester City" ilə "razılaşma" barədə aydınlıq istəyir
Premier Liqanın və "Manchester City"nin, liqanın maliyyə qaydalarının pozulmasına dair irəli sürülən 115 ittihamla bağlı dinləmənin nəticəsini gözlədiyi bildirilir.
BBC Sport-un əldə etdiyi məlumata görə, Premyer Liqa klubları "Manchester City'' ilə kommersiya müqavilələrini tənzimləyən qaydalarla bağlı hüquqi mübahisənin nizamlanması barədə daha çox aydınlıq istəyirlər. Bazar ertəsi günü klublara liqa vasitəsilə bildirilib ki, Siti əlaqəli tərəf əməliyyatları (APT) qaydalarının "etibarlı və məcburi" olduğunu qəbul edib. Hər iki tərəf məhkəmə proseslərinə son verməyə razılaşıb və bundan sonra rəsmi açıqlama verilib. APT qaydaları Premyer Liqa vasitəsilə klubların sahibləri ilə əlaqəli şirkətlərlə bağlanan və "ədalətli bazar dəyərindən" yuxarı hesab edilən kommersiya müqavilələrindən qeyri-qanuni qazanc əldə etməsinin qarşısını almaq məqsədilə tətbiq olunub. "Manchester City" qaydaların "qanunsuz" olduğunu iddia edərək Premyer Liqaya qarşı məhkəmə işi qaldırıb. Lakin bir neçə rəqib klubdan olan mənbələrin bildirdiyinə görə, razılaşmanın detalları və onun nəyi ifadə etdiyi barədə onlara heç bir məlumat verilməyib. Bəzi klublar bu ay keçiriləcək səhmdarların növbəti iclasında liqadan-əgər varsa-"Manchester City"yə verilən hər hansı zəmanət və ya güzəştlərlə bağlı izahat tələb olunacağını bildiriblər. Premyer Liqa klubunun adının açıqlanmasını istəməyən yüksək vəzifəli bir rəhbəri deyib: "Bu barədə fikir bildirmək çətindir, çünki razılaşmanın detalları və onun hansı nəticələrə səbəb ola biləcəyi barədə heç bir məlumatımız yoxdur".
BBC sport
Mələk Nəsirli
