Kənd məktəblərində təhsil keyfiyyəti
Kənd məktəblərində təhsil uzun illərdir ki, diqqət mərkəzindədir. Şagirdlərin dərs vəsaiti, laboratoriya və texnologiya imkanları bölgələr arasında fərqlilik göstərir. Müəllim çatışmazlığı bəzi kənd məktəblərində gündəlik problemlərdən biridir. Hər il minlərlə kənd uşağı şəhər məktəbləri ilə müqayisədə fərqli şəraitdə dərsə başlayır. Təhsil nəticələri və şagirdlərin inkişaf səviyyəsi də bölgələr üzrə dəyişir.
Mövzu ilə bağlı təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “İnformator.az”a açıqlama verib:
“Kənd məktəblərində təhsil səviyyəsi şəhər məktəbləri ilə müqayisədə bir sıra fərqlərlə müşahidə olunur. Burada ilk növbədə maddi-texniki baza fərqlərini qeyd etmək olar. Şəhər məktəblərində, adətən, daha müasir sinif otaqları, laboratoriyalar, kitabxanalar və informasiya texnologiyaları - kompüterlər, internet, interaktiv lövhələr mövcuddur. Kənd məktəblərində isə bu imkanlar çox vaxt məhdud olur və ya ümumiyyətlə, mövcud olmur. Hətta elə kənd məktəbləri var ki, elektrik problemi yaşayır, internetə çıxış yoxdur.
Müəllim resursları ilə bağlı problem də mövcuddur. Ümumiyyətlə, şəhər məktəblərində ixtisaslı və istedadlı müəllim seçimi daha genişdir. Kənd məktəblərində isə müəllim çatışmazlığı yaşanır. Bəzən bir müəllim bir neçə fənni tədris etməli olur ki, bu da dərslərin keyfiyyətinə mənfi təsir göstərir. Təhsil mühiti və imkanlar baxımından da fərqlər özünü göstərir. Ümumilikdə imtahan nəticələri və ali məktəblərə qəbul göstəriciləri şəhər məktəblərində daha yüksək olur. Bu fərq əsasən imkanların bərabər olmaması ilə bağlıdır. Yəni nə qədər istedadlı şagird kənddə doğulduğu və kənd məktəbində oxuduğu üçün potensialını reallaşdıra bilmir”.
R.Fikrətoğlu sosial və psixoloji amillərin də təsirini də qeyd edib:
“Kənd məktəblərində siniflər daha kiçik olur və müəllim-şagird münasibətləri daha yaxın qurula bilir. Bu bəzi hallarda müsbət təsir göstərsə də, ümumi imkan çatışmazlığı bu üstünlüyün təsirini zəiflədir.
Nəticə olaraq, kənd və şəhər məktəbləri arasında təhsil keyfiyyəti baxımından bərabərlik tam təmin olunmayıb. Bu fərqin azaldılması üçün kənd məktəblərinin maddi bazası gücləndirilməli, müəllimlərin stimullaşdırılması və texnologiyaya çıxış artırılmalıdır.
Digər mühüm məsələ kənd məktəblərində müəllim çatışmazlığı və dərs vəsaitlərinin məhdudluğudur ki, bu da təhsil keyfiyyətinə birbaşa və ciddi təsir göstərir. Müəllim çatışmazlığı səbəbindən bəzi fənlər ya ümumiyyətlə tədris olunmur, ya da qeyri-ixtisaslı müəllimlər tərəfindən keçirilir. Bu isə mövzuların səthi izahına, şagirdlərin əsas bilikləri tam mənimsəyə bilməməsinə gətirib çıxarır. Müəllim sayı az olduqda bir müəllimin üzərinə daha çox sinif və şagird düşür. Nəticədə şagirdlərin fərdi ehtiyaclarına vaxt ayırmaq çətinləşir və zəif şagirdlər diqqətdən kənarda qala bilir. Kifayət qədər dərslik, əlavə oxu materialları, xəritələr, laboratoriya avadanlıqları və texnoloji resurslar olmadıqda dərslər daha çox nəzəri şəkildə aparılır. Praktik məşğələlərin azlığı şagirdlərin mövzunu dərindən anlamasına mane olur. Müasir və maraqlı vəsaitlərin olmaması isə dərslərin monoton keçməsinə, şagirdlərin dərsə marağının və öyrənmə motivasiyasının azalmasına səbəb olur.
Həmçinin müəllim və vəsait çatışmazlığı imtahan nəticələrində, oxu və yazı bacarıqlarında və ümumi akademik göstəricilərdə geriləməyə gətirib çıxarır. Şagirdlər şəhər məktəbləri ilə rəqabətdə çətinlik çəkirlər. Nəticə etibarilə, müəllim və dərs vəsaiti problemi kənd məktəblərində təhsilin keyfiyyətini zəiflədir və təhsildə bərabər imkanların formalaşmasına mane olur. Bu problemlər həll edilmədən şəhər və kənd məktəbləri arasındakı fərqləri azaltmaq olduqca çətindir. Bu fərqlilikləri azaltmaq üçün dövlət və yerli icmalar bir sıra paralel və məqsədyönlü addımlar ata bilərlər. Dövlət səviyyəsində müəllimlərin stimullaşdırılması mühüm əhəmiyyət daşıyır. Kənd məktəblərində çalışan müəllimlər üçün maaş əlavələri, mənzil və nəqliyyat dəstəyi, karyera yüksəlişində üstünlüklər təmin edilməlidir. Bu, ixtisaslı müəllimlərin kəndlərə cəlb olunmasını asanlaşdırar”.
Müsahibimiz sözügedən məsələ ilə bağlı digər mühüm məsələyə toxunub:
“Əsas məsələ maddi-texniki bazanın gücləndirilməsidir. Kənd məktəbləri müasir sinif otaqları, laboratoriyalar, kompüterlər və stabil internetlə təmin edilməli, rəqəmsal təhsil resurslarına çıxış yaradılmalıdır. Müəllim hazırlığı və davamlı təlim də dövlətin diqqət mərkəzində olmalıdır. Kənd müəllimləri üçün mütəmadi ixtisasartırma kursları, onlayn təlimlər və mentorluq proqramları təşkil edilməlidir. Təhsil proqramlarının bərabər şəkildə icrasına nəzarət gücləndirilməli, kənd məktəblərində proqramların tam və keyfiyyətli tətbiqi təmin olunmalı, əlavə dəstək dərsləri keçirilməlidir. Yerli icmalar səviyyəsində isə məktəb–icma əməkdaşlığı vacibdir. Valideynlər, bələdiyyələr və yerli sahibkarlar məktəbin ehtiyaclarının qarşılanmasında daha fəal iştirak etməlidirlər. Təmir işləri, avadanlıq təminatı, kitab dəstəyi bu əməkdaşlığın nümunəsi ola bilər. Könüllülük və mentorluq təşəbbüsləri də təşviq edilməlidir. Ali məktəb tələbələri, təqaüdçü müəllimlər və mütəxəssislər kənd məktəblərində könüllü dərslər və seminarlar keçirə bilərlər.
Şagirdlərin motivasiyasının artırılması istiqamətində də işlər görülməlidir. Yerli səviyyədə bilik yarışları, dərnəklər və mədəni tədbirlər təşkil etməklə şagirdlərin özünə inamı və təhsilə marağı gücləndirilə bilər. Eyni zamanda məktəbin fiziki şəraiti və sosial mühiti yaxşılaşdırılmalı, rahat və təhlükəsiz öyrənmə mühiti yaradılmalıdır.
Nəticə olaraq, dövlətin sistemli dəstəyi ilə yerli icmaların fəal iştirakı birləşdikdə kənd və şəhər məktəbləri arasındakı təhsil fərqlərini mərhələli şəkildə azaltmaq mümkündür”.
Mövzu ilə bağlı paytaxtı sakinləri “İnformator.az”a öz fikirlərini bölüşüb. Sakin Yusibli Vahidə kənd məktəblərindəki şagirdlərin şəraitsizlik və müəllim çatışmazlığı səbəbindən uşaqlar lazımi səviyyədə təhsil ala bilmədiyini deyir:
“Şəhər məktəbləri ilə müqayisədə kənd məktəblərində texniki avadanlıqların çatışmazlığı da şagirdlərin təhsilinə ciddi şəkildə mane olur.
Bununla yanaşı, müsbət cəhətlər də mövcuddur. Kənd uşaqları adətən daha nizam-intizamlı və zəhmətkeş olurlar. Elə buna görə də bəziləri repetitor yanına getmədən, əlavə hazırlıqdan istifadə etmədən, yalnız öz zəhmətləri hesabına ali məktəblərə qəbul ola bilirlər. Bu isə onu göstərir ki, problem şagirdlərin potensialında deyil, mövcud şəraitdədir.
Nəticə etibarilə demək olar ki, kənd məktəblərində oxuyan şagirdlərin böyük bir hissəsi ali məktəblərə qəbul ola bilmir. Lakin kənd və şəhər məktəbləri arasındakı bu fərqin aradan qaldırılması üçün müəllim keyfiyyətinin yaxşılaşdırılması, texniki avadanlıqların təmin edilməsi və ümumi təhsil şəraitinin gücləndirilməsi vacibdir. Bu addımlar atılarsa, uşaqların keyfiyyətli təhsil almasına mane olan amillər də aradan qalxa bilər”.
Bir digər paytaxt sakini Taleh Vahidov təkcə kənd məktəblərində deyil, hətta rayon və şəhər məktəblərində də elektron avadanlıqların çatışmazlığı problemi mövcud olduğunu qeyd edib:
„İnternetə çıxış, kompüterlərin sayı və digər texniki imkanlar baxımından rayon və şəhər məktəblərində belə paytaxtla müqayisədə ciddi çatışmazlıqlar var. Bunu nəzərə alsaq, kənd məktəblərində vəziyyətin daha da geri olduğunu açıq şəkildə görürük.
Digər məsələ isə müəllim sayı və müəllimlərin hazırlıq səviyyəsi ilə bağlıdır. Demirəm ki, hər yerdə vəziyyət eynidir, amma düşünürəm ki, xaricdə təhsil almış və ya paytaxtda oxuyub daha yaxşı imkanlar qazanmış insanların gedib kənd məktəbində dərs deməyə maraq göstərməsi çox da real görünmür. Onlar adətən kəndlərə getmək istəmirlər. Bu səbəbdən də təhsil baxımından kənd məktəblərində yüksək səviyyədə savadlı kadrların yetişməsi məsələsinə o qədər də optimist yanaşmıram. Bu, sistemli şəkildə həll olunmalı olan ciddi bir problemdir”.
Ləman Mahmudlu
