Kənddən şəhərə köç
Kənddən şəhərə köç cəmiyyətimizdə uzun müddətdir ki, aktual məsələdir. İnsanlar daha yaxşı təhsil, iş və sosial imkanlar üçün şəhərlərə axın edir. Lakin bu proses bəzən mədəni və sosial yadlaşma, həmçinin köhnə ənənələrdən uzaqlaşma ilə nəticələnir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sosioloq Yusif Nəbiyev bildirib ki, kənddən şəhərə köçün əsas səbəbləri hamıya tanışdır: iş imkanları, təhsil, səhiyyə və daha "komfortlu həyat" illüziyası:
"Qısaca desək, həyatın nəbzi şəhərlərdə atır. Amma bu köçün qaçılmaz nəticələri də var və XIX–XX əsrin əvvəllərində yaşamış klassik alman sosioloqu Ferdinand Tönnies demək olar bütün əsas akademik karyerasını məhz bu nəticələri araşdırmağa həsr edib. O öz məşhur Gemeinschaft–Gesellschaft (icma–cəmiyyət) bölgüsü ilə cəmiyyətlərin necə təşkil olunduğunu analitik şəkildə izah edib. Yəni az qala, hamımızda var olan “əvvəllər hər şey daha yaxşı idi” nostalgiyasının səbəblərini araşdırıb. Niyə əvvəl belə idi və daha sonra niyə dəyişdi? Bu sual onun əsas mövzusu olub. Onun yanaşmasına görə kənd "Gemeinschaft"-dır. Burada münasibətlər yaxın, emosional və uzunmüddətlidir. Şəhər isə "Gesellschaft"-dır. Burada isə əlaqələr rasional, praqmatik və müvəqqətidir. Təəssüf ki, insanlar maddi rahatlıq üçün bu keçidi edirlər, amma çox vaxt bunun sosial "xərcini" əvvəlcədən hesablamırlar.
Şəhərə köçdükdən sonra sosial və ailə münasibətləri ciddi şəkildə dəyişir. Kənddə hamı hamını tanıyırdısa, şəhərdə hətta eyni binada yaşayan insanlar belə bir-birinin adını bilmirlər. Belə bir keçiddən sonra insanlarda normativ boşluq yaranır, insan özünü nə tam köhnə mühitə, nə də yeni mühitə aid hiss edə bilir. Qaçılmaz olaraq ailə münasibətləri zəifləyir, qohumluq əlaqələri tam formal xarakter almağa başlayır, fərd özü öz başına çarə tapmalı olduğu üçün tənhalaşır. Sadə dildə desək, şəhər həyatı insana rahatlıq verir, amma bunun müqabilində onu tək qoyur.
"Uzunmüddətli həll yolu nədir?" soruşsanız, deyərdim ki, bütün yatırımı şəhərlərə edib, onu daha böyük bir insan maqnitinə çevirmək yox, kəndləri də keyfiyyətli formada yaşana biləcək məkanlara çevirmək lazımdır. Regional inkişaf, kəndlərdə keyfiyyətli təhsil və iş imkanlarının yaradılması, sosial xidmətlərin gücləndirilməsi və ən əsası, bölgələrdə kiçik və orta sahibkarlığın gücləndirilməsi istiqamətində işlər aparılmalıdır. Əks halda, biz insanların şəhərlərdə cəmləşməyə davam etdiyini müşahidə edəcəyik. Və bu insanlar nə tam şəhərli, nə də tam kəndli ola biləcəklər".
Gövhər Mehyəddinova
