KƏNDİRLƏNMİŞ AĞACLAR
Bu dəfə aşan ağacdan yox, aşmaq üçün "bəhanə" axtaran ağacdan danışacağıq. Söhbət Xətai rayonu, Gəncə prospektində yerləşən çoxmərtəbəli yaşayış kompleksinin ərazisindəki quruyan ağaclardan gedir. Ərazidəki bütün ağaclar, demək olar ki, quruyub. Hətta bəziləri kökündən kəsilib. Digər bir qismini isə kəndirlə bağlayıblar.
Yaxınlıqda məktəb və uşaq bağçaları yerləşir. Valideynləri də narahat edən əsas məqam elə budur. Məsələdən Xətai rayon icra hakimiyyəti də xəbərdardır. Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov deyir ki, həmin ağaclarla bağlı aidiyyatı qurumlara məktublar ünvanlanıb. “Bəli, həqiqətən də ora həm baxçaların, həm məktəblərin, əhalinin intensiv hərəkət elədiyi ərazidir. Çalışacağıq ki, bu yaxın zamanlarda məsələ öz həllini tapsın.Yerində baxış keçirilib. Ekologiya və Təbii Sərvətlər nazirliyinin müvafiq qurumlarına məktub da göndəriləcək. Tam nəzarətimizdədir”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də məsələ ilə bağlı araşdırma aparılacağı və yaxın günlərlə bununla bağlı ictimaiyyətə məlumat veriləcəyi bildirildi.
AİDƏ
