KOLLECLƏRƏ KİMLƏR QƏBUL OLA BİLƏCƏKLƏR?
Ali təhsil müəssisələrinə ixtisas seçimi nəticəsində hər il olduğu kimi bu il də ali təhsil müəssisələrinə minlərlə tələbə qəbul olub. Qəbul olmayan bir qisim tələbələr kolleclərə üz tutur. Bəs bu il 11 illikdən kolleclərə qəbul olmaq istəyənlər üçün vəziyyət necə olacaq?
Bu barədə İnformator.az saytı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndidən müsahibə alıb. Ekspert abituriyentləri maraqlandıran bir qisim sualları cavablandırıb.
"Kolleclərə qəbul sentyabrın 4-dən başlayacaq və prosesdə müvafiq olaraq müsabiqə şərtini ödəyənlər iştirak edəcək. Qabiliyyət tələb etməyən ixtisaslar üzrə 60 baldan yuxarı, qabiliyyət tələb edən ixtisaslar üçün isə 50 baldan yuxarı toplayan abituriyentlər ixtisas seçimində iştirak edəcək. Bu il ballarda artım o qədər də gözlənmir. Təbii ki, bu mövcud plan yerlərinə əsaslanır.
Nəticə etibarilə, əsasən tibb istiqamətli ixtisaslarda müəyyən qədər artım ola bilər. Qalan ixtisaslarda ötən ilki kimi gözlənilir. Prosesdə ümumi iştirakçı sayı çox ola bilər. Çünki ali təhsil müəssisələrinə qəbuldan sonra təxmini 15 min abituriyent plan yerindən kənarda qalıb və müvafiq olaraq onlar 11 illik kolleclərin plan yerlərində iştirak edəcəklər. Nəticədə bu, ümumi müsabiqə vəziyyətini gərginləşdirə bilər. Əsasən 100 bal üzəri olan abituriyentlərin və qabiliyyət tələb edən ixtisaslarda isə 80-90 bal üzəri olan abituriyentlərin qəbul olma şansı daha çoxdur".
Məryəm Məmmədova
