Kollektiv depressiyanın simvolu
Werner Herzogun Antarktidada çəkdiyi sənədli filmdə sürüdən ayrılaraq ölümə doğru gedən pinqvin səhnəsi illərdir kollektiv tənhalığın simvolu kimi xatırlanır. Bu obraz bir çox insan üçün izah edə bilmədiyi daxili yorğunluğu, cəmiyyətdən səssiz uzaqlaşma hissini əks etdirir. Pinqvinin susqun yürüşü fərdin özünü kütlədə yad hiss etməsinin vizual metaforasına çevrilib.
Mövzu ilə bağlı psixoloq Əsmayə Hüseynzadə bildirib ki, insanlar bu pinqvində özlərini görürlər, çünki səhnə sözsüz, amma güclü bir emosional vəziyyəti əks etdirir:
“Pinqvin nə yaralıdır, nə də fiziki olaraq fərqlidir, sadəcə sürüdən ayrılır və tanınmayan istiqamətə doğru gedir. Bir çox insan da həyatının müəyyən mərhələsində “niyə belə hiss edirəm?” sualına cavab tapmadan sosial çevrədən, məqsədlərdən və ya münasibətlərdən daxildən uzaqlaşır. Bu səssiz, səbəbsiz kimi görünən ayrılıq pinqvinin davranışı ilə üst-üstə düşür və empati yaradır. Şüurlu tənhalıq insanın öz istəyi ilə bərpa və düşünmək üçün seçdiyi haldır. Bu vəziyyətdə insan tək qalır, amma əlaqə qurmaq qabiliyyətini itirmir. Depressiv təcrid isə seçim deyil, məcburiyyət hissi ilə müşayiət olunur. İnsan əlaqə istəsə belə, enerji və ümid azalır. Əsas fərq ondadır ki, şüurlu tənhalıq güc toplayır, depressiv təcrid isə tükəndirir.
Müasir cəmiyyət insanlara çoxlu rol və gözlənti yükləyir, amma az mənəvi yaxınlıq təklif edir. Sosial media daim müqayisə mühiti yaradır, iş və şəhər həyatı isə sabit icma hissini zəiflədir. Bir çox emosional vəziyyət dili qabaqlayır. İnsan hər hissi konkret sözlə ifadə edə bilmir, amma bir obraz bu boşluğu doldura bilir. Simvollar mürəkkəb hissləri sadə və paylaşıla bilən formaya salır. Pinqvin obrazı da buna görə güclüdür: o, depressiya sözünü demir, amma hissi göstərir. İnsanlar öz daxili vəziyyətlərini bu cür simvollarda tanıyaraq həm anlaşıldıqlarını hiss edir, həm də tək olmadıqlarını”.
Ədilə Hüseynzadə
