Kompüter və telefon ekranlarının gözlərə təsiri: Göz sağlamlığımızı necə qoruyaq?
Müasir həyatı kompüter, telefon və planşetsiz təsəvvür etmək qeyri-mümkündür. İnsanların həyatı rəqəmsal ekranlarla sıx bağlıdır.Texnologiyanın həyatımızda baş verənlər haqqında məlumat əldə etmək,anında xəbərdar olmaq və insanlarla ünsiyyət qurmaq kimi müsbət cəhətləri çoxdur,amma gözlərə ziyan vurması kimi mənfi tərəfləri də var.
Mövzu ilə bağlı oftalmoloq Ergün Rəşidəlizadə “İnformator.az”a açıqlamasında bildirib ki, telefon və kompüterdən uzun müddət istifadə gözlərdə rəqəmsal yorğunluq yaradır. Ekrana baxarkən insan daha az göz qırpır, nəticədə göz quruluğu, yanma, qızartı, bulanıq görmə, baş ağrısı və fokuslanma çətinliyi yarana bilər. Bununla belə, normal istifadə şəraitində ekran işığının gözün torlu qişasını zədələdiyi və ya birbaşa ciddi göz xəstəliyi yaratdığı elmi olaraq sübut edilməyib.
Onun sözlərinə görə, xüsusilə, uşaqlarda problemə daha ciddi yanaşmaq lazımdır. Uzun müddət yaxın məsafəyə baxmaq miopiyanın inkişaf riskini artıra bilər.
“Ekran istifadəsi zamanı gözləri qorumağın ən sadə və faydalı üsullarından biri 20-20-20 qaydasıdır: hər 20 dəqiqədən bir təxminən 20 saniyə ərzində 6 metr və ya daha uzaqda yerləşən obyektə baxmaq məsləhətdir. Ekranın parlaqlığı ətraf işığa uyğun olmalı, monitor gözlərdən təxminən bir qol məsafəsində yerləşdirilməli və uzun müddət fasiləsiz işləməkdən çəkinmək lazımdır”.
Oftalmoloq qeyd edir ki, göz yorğunluğunu azaltmaq üçün istifadə edilən proqramlar və fasilə verməyi xatırladan tətbiqlər həqiqətən faydalı ola bilər.
“Night mode" və "blue light filter" kimi funksiyalar xüsusilə axşam saatlarında ekranı daha komfortlu edə bilər, lakin onların gözləri xəstəliklərdən qoruduğuna dair güclü elmi sübut yoxdur”.
Ergün Rəşidəlizadə hesab edir ki, ən effektiv profilaktika proqram və ya filtr deyil, düzgün ekran rejimi, müntəzəm fasilələr, kifayət qədər yuxu və açıq havada daha çox vaxt keçirməkdir.
Aysun Xəlilova