“Kəpəz” təkcə nəticələrə yox, gələcəyə də yatırım edir
“Kəpəz”in baş məşqçisi Azər Bağırov yoxlama oyunlarında klub akademiyasının 10 yetirməsinə şans verməklə son illər üçün nadir addım atıb.
Mövzu ilə bağlı “Kəpəz” klubunun baş məşqçisi Azər Bağırov “İnformator.az”a açıqlamasında bildirib ki, klub olaraq ilk məqsədləri yeniyetmə və gənc futbolçuları əsas komandaya cəlb etmək, onları möhkəmləndirmək və Azərbaycan futboluna qazandırmaqdır:
“Akademiyadan gələn oyunçulardan hansılarının yaxın zamanda heyətə qoşulacağını demək düzgün olmaz. Bu futbolçuların hər birinin eniş və qalxış zamanları var. Öz üzərlərində daim çalışsalar, inanıram ki, yaxın bir neçə ildə yaxşı perspektivli futbolçular üzə çıxacaq. Önəmli olan inanmaqdır. Onlar məşqlərdə özlərinin yaxşı tərəflərini göstərə bilsələr, niyə də əsas heyətin oyunlarında zaman-zaman meydanda olmasınlar? Hər şey onların əlindədir. Əsas məsələ çalışmaq, futbolun sirlərini mənimsəmək və komandada yerini tapmaqdır”.
Zəhra Möhübbətova
