Kuba ABŞ-nin təklifini nəzərdən keçirməyə hazır olduğunu bəyan edib
Kuba rəhbərliyi Birləşmiş Ştatlardan irəli sürülən 100 milyon dollar məbləğində humanitar dəstək təklifini nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Mövzu ilə bağlı “İnformator.az” a açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirib ki, ümumiyyətlə, Kubanın özünü sıxıb bu cür çətin vəziyyətdə uzun illər dayanması təəccüblüdür:
“Yəni sənin yanıbaşında Amerika Birləşmiş Ştatları kimi demokratik, azad, normal və güclü iqtisadiyyata sahib bir dövlət varsa, niyə sən min kilometrlərlə uzaqda olan, əvvəllər Sovet İttifaqı, indi isə Rusiya olan bir dövlətin arxasınca getməlisən? O Rusiyanın ki, orada insan haqları heçə sayılır. Üstəlik, iqtisadiyyat da bərbad vəziyyətdədir. Ümumiyyətlə, Rusiya ilə yol gedib xoşbəxtlik tapmaq mümkün deyil. Mənə elə gəlir ki, Kuba rəhbərliyi illər əvvəl qərar verməli idi ki, Amerika Birləşmiş Ştatları ilə qapıları açsın, danışıqlara getsin, sistemi dəyişsin və normal inkişaf edən bir dövlət qursun. Bu baxımdan, həmin təklifin dəyərləndirilməsi ilə bağlı səsləndirilən fikirlər mənə elə gəlir ki, məhz o qapıların açılmasına cəhd kimi qiymətləndirilə bilər. Yəni Kuba artıq daşı ətəyindən töküb Amerika Birləşmiş Ştatları ilə birlikdə yoluna davam edəcək. Bu isə o deməkdir ki, Rusiya daha bir müttəfiqini itirir. Kuba rəhbərliyi o yardımı qəbul etsə, mənə elə gəlir ki, daxildə ciddi siyasi narazılıq yaranmaz. İnsanlar normal həyat, normal yaşayış şəraiti və imkanlar gördükdən sonra əksinə düşünəcəklər ki, nə yaxşı bu qapını açdıq, nə yaxşı bu yardımları qəbul etdik, nə yaxşı ki, Amerika Birləşmiş Ştatları ilə dialoq içindəyik. Bir daha vurğulamaq istəyirəm ki, Amerika Birləşmiş Ştatları ilə dialoq və anlaşma yalnız və yalnız Kubanın xeyrinədir. Amerika Birləşmiş Ştatlarının onsuz da Kubaya ehtiyacı yoxdur. Üstəlik, Kuba Amerikaya arxa çevirsə belə, Amerikanın itirəcəyi ciddi bir şey yoxdur. Burada qazanan tərəf Kubadır, Kuba xalqıdır. Ona görə də düşünürəm ki, ölkə daxilində ciddi siyasi narazılıq baş qaldırmaz. Region ölkələri deyəndə, əlbəttə, Latın Amerikası nəzərdə tutulur. Latın Amerikasında hələ də Amerika Birləşmiş Ştatlarına müqavimət göstərən ölkələr var. Amma əksəriyyət artıq gizli və ya açıq şəkildə ABŞ ilə əməkdaşlıq edir. Xüsusilə də bu ilin yanvarında Venesuela prezidenti Nikolas Maduro ilə bağlı baş verən hadisələrdən sonra Amerikaya qarşı mövqe sərgiləyən digər dövlətlər də daha ehtiyatlı davranmağa başlayıblar”.
Siyasi şərhçinin sözlərinə görə, Venesueladan sonra indi Kuba və digər Latın Amerikası ölkələri də Amerika Birləşmiş Ştatlarının təsir dairəsinə daxil ola bilər:
“ “Nəzarət” deyəndə işğal və ya zorakı təsir nəzərdə tutulmur. Söhbət həmin ölkələrin ABŞ-ın siyasi və iqtisadi düşərgəsinə yaxınlaşmasından gedir. Bundan isə, bir daha deyirəm, həm Amerika Birləşmiş Ştatları, həm də həmin ölkələrin özləri çox şey qazanacaqlar. Bəşəriyyət də bundan fayda görəcək. Çünki həmin ölkələrin bəziləri, məsələn Braziliya kimi böyük dövlətlər, Rusiya ilə Amerika Birləşmiş Ştatlarından daha yaxın münasibətlərə malikdir. Əlbəttə ki, zamanla sıra Braziliya kimi böyük ölkələrə də gələcək. Məncə, Tramp belə bir taktika yürüdür: əvvəlcə kiçikləri zərərsizləşdirib, sonrakı mərhələdə daha böyük dövlətləri öz düşərgəsinə cəlb etmək. Bununla da Rusiyanın Şimali və Cənubi Amerikadakı, ümumilikdə isə regiondakı təsir imkanları sıfırlana bilər. Hətta bəzi fikirlərə görə, əsas məqsəd Rusiyanı zəiflətmək, ətrafındakı təsir dairəsini aradan qaldırmaq və gələcəkdə onu parçalanmış vəziyyətə gətirməkdir”.
Selcan Xudiyeva