00:00:00
Yazar
Zəhra Həsənova
02.06.2026 19:15 24 3 dəq oxuma
Sosial

Küçə qidaları nə dərəcədə təhlükəsizdir?

Küçə qidaları nə dərəcədə təhlükəsizdir?

Küçə qidalarını həm əlçatanlığı, həm də münasib qiyməti səbəbindən bir çox insan seçir. Xüsusilə yay mövsümündə açıq havada satılan qidalara tələbat artır. Lakin bu məhsulların hazırlanması və saxlanılması şəraiti bəzən qida təhlükəsizliyi ilə bağlı suallar yaradır.

Mövzu ilə bağlı Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az” a açıqlamasında bildirib ki,açıq havada və yol kənarında satılan qidalar sağlamlıq üçün ciddi risk yaradır:

 

“Yol kənarında, açıqda satılan qida məhsulları hər zaman risk qrupunda olan qidalar sırasındadır. Çünki burada, birinci növbədə, onların fiziki çirklənməyə məruz qalması, hər hansı kənardan tozun və müəyyən çirklərin qidaya keçməsi mümkündür. Yol kənarında olduğundan avtomobillərdən çıxan qazlar, xüsusilə də ağır metallar və zərərli eqzoz qazları həmin qidaya təsir edir. Eyni zamanda, bir çox hallarda belə məhsulların satıldığı yerlərdə həşəratlar, gəmiricilər və quşlar vasitəsilə çirklənmə baş verir. Bu isə mikroorqanizmlərin toplanmasına və ciddi zəhərlənmələrə səbəb ola bilir. Hər bir məhsulun fərdi xüsusiyyətinə görə birbaşa günəş şüaları altında saxlanılması yolverilməzdir. Bu, həm məhsulun tərkibinin pozulmasına, həm də qida dəyərinin azalmasına gətirib çıxarır. Xüsusilə yay aylarında yüksək temperatur səbəbindən bu proses daha sürətlə baş verir. Məhsullar sanitar-gigiyenik qaydalara uyğun şəkildə satılmalıdır. Lakin bir çox hallarda bu qaydalar pozulur. Satıcıların əl gigiyenasına diqqət etməməsi, əlcəkdən istifadə etməməsi, pulla təmas etdikdən sonra eyni əllə açıq qidaları satması ciddi risk yaradır. Bəzən məhsullar açıq şəkildə, bir-birinin yanında və təmiz olmayan yerlərdə saxlanılır. Buna görə də belə məhsullar sağlamlıq üçün təhlükə mənbəyidir. Onların tozla çirklənməsi müxtəlif allergik reaksiyalara və bronxial xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər. Hamilə qadınlarda, süd verən analarda, uşaqlarda, xroniki xəstəliyi olanlarda və immun sistemi zəif şəxslərdə isə daha ciddi fəsadlar yarada bilər. Çirklənmiş və ya keyfiyyətsiz məhsulların qəbulu həzm sistemi pozğunluqlarına, ishala, daxili orqanların fəaliyyətinin zəifləməsinə və ağır metallarla zəhərlənməyə səbəb ola bilər. Bu isə sinir sistemi də daxil olmaqla müxtəlif orqanların funksiyalarına mənfi təsir göstərir. Bundan əlavə, həşərat və gəmiricilər vasitəsilə yayılan parazitlər, salmonella və E.coli kimi bakteriyalar insan sağlamlığı üçün ciddi təhlükə yaradır”.


Həmçinin ekspert qeyd edib ki,qida təhlükəsizliyinin qorunması üçün həm satıcılar, həm də istehlakçılar məsuliyyətli davranmalıdırlar:

 

“Bəzi hallarda immun sistemi güclü olan insanlarda belə, müəyyən müddətdən sonra mədə-bağırsaq sistemi pozğunluqları yarana bilər. Eyni zamanda xroniki xəstəliklərin kəskinləşməsi də mümkündür.
Belə məhsulları alarkən onların təmiz şəraitdə, sanitar-gigiyenik normalara uyğun şəkildə saxlanılmasına diqqət yetirilməlidir. Məhsulların üstü bağlı, tozdan qorunan şüşə və ya qapalı vitrində yerləşdirilməsi tövsiyə olunur. Satıcı mütləq şəkildə xalatdan, bonedən və əlcəkdən istifadə etməlidir. Əl gigiyenasına daim diqqət olunmalı, geyim təmiz saxlanılmalıdır. Məhsullar birbaşa günəş şüaları altında olmamalıdır. Əgər un məmulatlarının tərkibində ət, kartof, kələm və ya digər bişmiş tərəvəzlər istifadə olunubsa, onların soyuducuda saxlanılması vacibdir. Əks halda, isti havada tez xarab olaraq zəhərlənməyə səbəb ola bilərlər. İstehlakçılar da bu məqamlara diqqət etməlidirlər. Gigiyenik normaların pozulduğu müşahidə olunarsa, həmin məhsulu almaqdan çəkinmək lazımdır. Hər bir məhsulun üzərində istehsal tarixi, hazırlanma vaxtı və son istifadə müddəti qeyd edilməlidir. Lakin bir çox hallarda bu məlumatlar göstərilmir. Belə olduqda istehlakçılar satıcıya etibar etməyə məcbur qalırlar ki, bu da onların hüquqlarının pozulması deməkdir. Əgər məhsul uzun müddət isti havada və açıq şəraitdə qalıbsa, onun alınması tövsiyə olunmur. Belə qidalar təkcə risk qrupuna daxil olan insanlar üçün deyil, sağlam şəxslər üçün də təhlükə yaradır. Bir çox kütləvi qida zəhərlənmələri məhz mənşəyi məlum olmayan, sanitar-gigiyenik qaydalara uyğun hazırlanmayan və satılmayan məhsullardan qaynaqlanır. Buna görə də bu cür qidaların satışına ciddi nəzarət edilməli, mütəmadi monitorinqlər aparılmalı və qayda pozuntuları aşkarlandıqda cərimə tədbirləri gücləndirilməlidir”.

#xəbər #yeni #təhlükəsizdir? #küçə #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər