Kurasao millisi Dünya Çempionatına vəsiqə qazanıb
"Kurasao millisinin dünya çempionatına çıxması futbolun gözəlliyi idi. Ümumiyyətlə, istənilən idman növü belə möcüzələri ilə gözəldir".
Bu sözləri idman jurnalisti şərhçi Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, Kurasao millisinin Dünya Çempionatına vəsiqə qazanması da çox gözəl bir hekayədir:
"İnsanların möcüzələrə inanması üçün bir vasitədir. Bu onu göstərir ki, sən əgər istəyirsənsə, sonuna qədər mübarizə aparsan, işi düzgün görsən, doğru addımlar atsan istənilən zirvəyə çata bilərsən. İşin mənəvi tərəfi budur. Futbol tərəfinə gəlincə, əslində Kurasao millisinin inkişafı son 15 ildə başlayıb. Bildiyiniz kimi, Kurasao əvvəllər ölkə olaraq Niderland Antil adaları adlandırılıb. Orada hazırda yığma komandada çıxış edənlərin 99%-i Holland, Niderland əsillidir və Niderland futbolunun təsirinin yüksəldilməsi nəticəsində Kurasao millisi son illərdə uğurlar qazanmağa başlayıb. Bu irəliləyiş 2015-ci ildən başlayıb. O vaxt Niderlandda məşhur futbolçu Patri Klavertin ölkənin yığma komandasının baş məşqçisi təyin olunmasından sonra komanda irəliləməyə başlayıb. Çox qısa zamanda böyük uğurlar əldə etməyə, 2017-ci ildə Karib Kubokunu qazanıblar".
Müsahibimizin sözlərinə görə millinin nə vaxtsa bir uğur qazanacağı gözlənilirmiş:
"Amma bu qədər tez müddətdə baş verməsi həqiqətən də böyük bir sürpriz olub. Həm də burada başqa bir şey də var. Dünya Çempionatında iştirak edəcək klubların komandaların sayı artırılıb və Mərkəzi Amerika zonasına veriləcək vəsiqələrin sayı artırılıb. Bu say artımından Kurasao kimi komandalar layiqincə istifadə edə biliblər. Əzmkar komandadırlar. Dik Advokat kimi dünyaca məşhur bir mütəxəssisin bu komandaya hazırda başçılıq etməsi, öz təcrübəsini onlarla bölüşməsi, onlara uğuru daşıması təsadüfi deyil. Yəni belə ki, o da niderlandlıdır və niderlandlıların Kurasao uğrunda çox böyük rolu var. Dik Advokat kimi təcrübəli mütəxəssisin rəhbərliyi bu komandanın uğurunun əsas səbəblərindəndir. Deyərdim ki, Dik Advokat olmasaydı, bu qədər qısa müddətdə belə uğur olmazdı. Əzmkar, döyüşkən komandadırlar, maraqlı futbol oynayırlar. Əsas odur ki, onlar bütün dünyaya sübut ediblər ki, əhali sayından, ərazi və ya milli komandanın böyüklüyündən asılı olmayaraq hər kəs mübarizə apararaq, döyüşərək istəyinə nail ola bilər".
Zəhra Möhübbətova
