Lənkəranda Güləş Festivalı keçirilib
Azərbaycan Güləş Federasiyasının Lənkəranda təşkil etdiyi güləş festivalı idmanın təbliği, gənclərin idmana marağının artırılması və regionlarda güləş ənənələrinin daha da gücləndirilməsi baxımından əhəmiyyətli tədbir kimi yadda qalıb. Festival çərçivəsində ustad dərsləri, idman müsabiqələri və tanınmış güləşçilərlə görüşləri iştirakçılar böyük maraqla qarşılayıb.
"Lənkəranda təşkil etdiyimiz güləş festivalının əsas məqsədi güləş idman növünün regionlarda daha geniş təbliği, uşaq və yeniyetmələrin sağlam həyat tərzinə təşviq edilməsi, kütləviliyə təkan vermək idi. Eyni zamanda, ölkəmizə uğurlar qazandırmış tanınmış güləşçilərlə gənclər arasında birbaşa ünsiyyət yaratmaq, onların təcrübəsini bölüşmək də prioritetlərimizdən biri idi".
Bu sözləri Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musalı "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, festival iştirakçılarının sayını, tədbirlərə göstərilən marağı və yerli ictimaiyyətin fəallığını nəzərə alsaq, gözləntilərimizin tam şəkildə özünü doğrultduğunu deyə bilərik:
"Bu, regionlarda güləşə olan marağın yüksək səviyyədə olduğunu bir daha göstərib.
Bu cür festivalların təsiri çox böyükdür. Uşaqlar və gənclər canlı olaraq tanınmış idmançılarla görüşür, onların uğur hekayələrini dinləyir, ustad dərslərində iştirak edir və güləşin incəlikləri ilə yaxından tanış olurlar. Bu, onlarda həm idmana maraq yaradır, həm də gələcəkdə peşəkar idmançı olmaq arzularını gücləndirir. Əminəm ki, bu tanınmış güləşçilərlə görüş onların həyatında unudulmaz xatirə olacaq. Təcrübə göstərir ki, belə tədbirlərdən sonra güləş bölmələrinə üz tutan uşaqların sayı artır. Buna görə də Azərbaycan Güləş Federasiyası gələcəkdə də ölkənin müxtəlif bölgələrində oxşar layihələrin həyata keçirilməsini davam etdirəcək".
Zəhra Möhübbətova