00:00:00
Yazar
Bəsti Nəsibova
26.06.2026 14:51 20 2 dəq oxuma
Sosial

Laçında qadınların məşğulluq imkanlarının artırılmasına həsr olunmuş təlim keçirilib

Laçında qadınların məşğulluq imkanlarının artırılmasına həsr olunmuş təlim keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi” İctimai Birliyi tərəfindən həyata keçirilən “Regionlarda Qadınların Peşə İnkişafı Proqramı” layihəsi çərçivəsində Laçın şəhərində növbəti təlim təşkil olunub.

Təlimin əsas məqsədi qadınların məşğulluq imkanlarının genişləndirilməsi, onların əmək bazarına inteqrasiyasına dəstək göstərilməsi və gəlir əldə etmək üçün mövcud imkanlar barədə məlumatlandırılması olub.

Tədbirin açılışında layihə rəhbəri Nəsirova İradə bildirib ki, layihə çərçivəsində keçirilən təlimlər qadınların peşə bacarıqlarının inkişaf etdirilməsi ilə yanaşı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsinə və sosial fəallığının artırılmasına xidmət edir. O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə yaşayan qadınların məşğulluğunun təmin olunması regionun sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Təlim zamanı iştirakçılara Laçın şəhərində və ətraf yaşayış məntəqələrində mövcud iş imkanlarının araşdırılması, uyğun vakansiyaların müəyyənləşdirilməsi və məşğulluq yolları barədə ətraflı məlumat verilib. Qadınlara dövlət və özəl qurumlara müraciət qaydaları, işə qəbul prosesində diqqət yetirilməli məqamlar və sənədlərin hazırlanması ilə bağlı tövsiyələr təqdim olunub.

Eyni zamanda, özünüməşğulluq proqramları, kiçik biznes qurmaq üçün ilkin addımlar və fərdi sahibkarlıq fəaliyyətinin təşkili barədə geniş məlumat verilib. İştirakçılar gəlir gətirən fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, biznes ideyalarının formalaşdırılması və mövcud resurslardan səmərəli istifadə yolları ilə tanış olublar.

Təlim çərçivəsində sosial media platformalarının imkanlarından istifadə etməklə məhsulların tanıdılması və satışının təşkili mövzusu da müzakirə olunub. İştirakçılara sosial şəbəkələrdə müştəri cəlb etmək, məhsulların təqdimatını hazırlamaq və onlayn satış imkanlarından yararlanmaq yolları izah edilib.

Layihə rəhbəri Nəsirova İradə hər bir iştirakçı ilə fərdi söhbətlər apararaq onların maraq dairəsinə və bacarıqlarına uyğun fəaliyyət istiqamətlərini müəyyənləşdirib, mövcud potensiallarını gəlir əldə etməyə yönəltmək üçün praktiki tövsiyələr verib. Bununla yanaşı, iştirakçıların hər birinin fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb və gələcək məşğulluq imkanları ilə bağlı tövsiyələr səsləndirilib.

Təlimin sonunda iştirakçılara layihədə fəal iştirak etdiklərinə görə sertifikatlar təqdim olunub. Qadınlar əldə etdikləri biliklərin gələcək fəaliyyətlərində mühüm rol oynayacağını bildirərək layihənin təşkilatçılarına təşəkkür ediblər. Qeyd olunub ki, bu cür təşəbbüslər qadınların məşğulluğunun artırılmasına, iqtisadi fəallığının güclənməsinə və ailə rifahının yaxşılaşmasına əhəmiyyətli töhfə verir.

#xəbər #gündəm #məşğulluq #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər