LAÇININ ZABUX KƏNDİNƏ NÖVBƏTİ QAYIDIŞ
Ermənilərin 30 illik işğalı dövründə xarabalığa çevrilən Zabuxa bugün köç olub. 88 nəfərdən ibarət 20 ailə müvəqqəti məskunlaşdıqları yaşayış yerlərindən Laçının Zabux kəndinə yola salınıb.
Bu ilin fevralından Zabux kəndində başlayan tikinti və quruculuq işləri başa çatıb, kənddəki yeni evlərdə alternativ enerji mənbələrindən istifadə olunacaq. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun sözlərinə görə, ilkin mərhələdə Zabuxda 223 fərdi evdən ibarət müasir standartlara cavab verəcək tərzdə kənd inşa olunub. “Bütün zəruri olan sosial texniki infrastrukturla təchiz edilmiş kənddə orta məktəb, uşaq baxçası, tibb məntəqəsi, park salınıb, evlər enerji, qaz və su təchizatı ilə təchiz olunub.
Zabuxa ilk qayıdacaq ailələr ailə tərkibinə uyğun olaraq 2,3,4 və 5 otaqlı evlərlə təmin edilib. Kəndə Bakı, Sumqayıt, Abşeron, Şirvan, Mingəçevir, Bərdədən olan Zabux sakinləri qayıdır.
Qeyd edək ki, indiyədək Laçın rayonunda 254 ailənin, yəni 992 nəfərin daimi məskunlaşması təmin edilib.
