Laçınlılar 31 ildən sonra Zabux kəndinə qayıdır
Sabah Laçın sakinləri 31 il sonra doğma yurdları-Laçın şəhərinin Zabux kəndinə qayıdırlar. "Bu hadisə hər bir laçınlı, hər bir azərbaycanlı üçün böyük qürur və sevinc hissidir"-Bu sözləri Laçın şəhər sakini Gülmirə Şirinova informator.az- a açıqlamasında deyib:
"Bildiyimiz kimi, cənab prezidentimiz İlham Əliyevin 2022-ci il 3485 nömrəli sərəncamı ilə Laçın şəhərində layihələndirmə və tikinti işlərinin həyata keçirilməsilə bağlı vəsait ayrılıb. Sabah Zabux kəndi Laçında köçün baş tutacağı ilk kənd olacaq. Mən Zabux kəndi sakini deyiləm, lakin bu hadisə münasibətilə mən də çox sevincli və həyəcanlıyam. Mən Laçın şəhər sakiniyəm və ordan çıxanda 5 yaşım var idi. O 5 ildə yaşadığım xatirələrin bir qismini xatırlayıram. 31 il boyunca bu uşaqlıq xatirələri belə məndə kövrəklik, doğma Laçınıma həsrət hissi yaradıb. Babalarımın, nənələrimin Laçınla bağlı xatirələrini eşidərək böyüdüm. Bu həm xoş, həm də kədərli hiss idi. Onlar vəfat etdikləri günə qədər Laçının həsrətində olublar, dillərindən Laçın sözü düşməyib. Mənim babam Şirinov Saday Laçın şəhərinin ilk sakinlərindən olub və 2005-ci ildə vəfat edib. O, vəfatına qədər düşünürdü ki, evi sağlam vəziyyətdə qalıb. Biz isə həqiqəti-evin dağıldığını internet, peyk vasitəsilə öyrənsək də, babama demirdik.
İşğaldan azad olunduqdan sonra Laçın şəhərinə getdim. Bizim evimiz hələ də bərpa olunmasa da, dayımgil artıq öz evlərinə köçüb. Biz də onlara qonaq getdik. Valideynlərimlə Laçının küçələrində gəzəndə məni kövrəldən anlardan biri də şəhərdə çoxsaylı evlərin olmasına baxmayaraq, onlar hələ də evlərin kimə aid olduğunu bilirdilər. Biz onların gənclikdəki iş yerlərinin də yanından keçdik.
Keçirdiyimiz hisslər çox fərqlidir, bunu ifadə etmək mümkünsüzdür. 31 illik həsrətdən sonra doğma torpağımıza qayıtdıqda orada yaşadığmız xatirələr gözümüzdə canlandı. Mən düşünürəm ki, Laçın əvvəllər laçınlıların olsa da, indi bütün Azərbaycan xalqınındır. 44 günlük müharibədə xalqımızın keçirdiyi hislərə, aldığı əməkhaqqını müharibəyə dəstək üçün göndərən insanlara şahid oldum. 44 gündə xalqımız həm prezidentimizin, həm də ordumuzun yanında oldu. Yaşadığımız bu sevinci şəhidlərimizə,qazilərimizə borcluyuq. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm".
Laçın sakini qeyd edir ki, hər bir şəhid, qazi ailəsi işğaldan azad olunan torpaqlarda qonaq edilməlidir.
Nəzrin Mirzəyeva
