Laylalar unudulur, yerini bayağı mahnılar alır
Yəqin ki uşaqlıqda hər birimizə anamız laylay oxuyub, yuxuya gedənə kimi bu nəğməni söyləyib. Amma günümüzün reallığı fərqlidir. Uşaqları yatırtmaq üçün ya bir sakit musiqi qoşur, ən pis halda isə bayağı mahnı dinlədirlər. Qısası, laylalar unudulur, yerini bayağı mahnılar alır. Bəs laylaların uşaqlara nə kimi təsiri var?
Günümüzdə unudulmaq üzrə olan bir sıra adətlərimiz var. Elə laylalar kimi. Təəssüf ki, bir zamanlar analarımızın beşiyimiz başında ta yuxuya gedənə qədər oxuduğu nəğmələr bu gün bayağı mahnılarla əvəzlənir.
Laylalar vasitəsilə analar ürəklərindəki arzuları dilə gətirilər. Bu mənada laylalar təkcə uşağı yatırtmaq vasitəsi deyil, içində böyük ideya, estetik məna kəsb edən mətnlərdir. Hansı ki, orda xalqımızın ruhu, psixologiyası, mənəvi varlığı yaşayır.
Folklorşünas İlhamə Qəsəbova deyir ki, ana laylası ilə böyüyən uşaqlar öz soy-kökünə daha bağlı ola bilər, çünki ana laylası ruh aşılayan bir vasitədir: “Bundan başqa layla vasitəsi ilə uşağa vətənpərvərlik hissləri də aşılanır. Düzdür, uşaq nə deyildiyini anlamır. Amma ana ilə uşaq arasında bir bağ yaranır”.
Bəziləri “uşaqdır, nə fərqi var layla ya mahnı çalınsın?” deyə düşünə bilər. Amma ana laylası uşağın yuxu rejiminə ciddi təsir edir.
Uşaq nevropatoloqu Mehriban Məmmədova hesab edir ki, indi uşaqlara bayağı, ya da sakit musiqiləri dinlətməklə onların sakitləşəcəyini düşünürlər: “Amma əksinə belə olduqda uşaq daha əsəbi olur. Uşağın gələcəkdə sakit biri olmasına da layla təsir göstərir.Ümumən uşağın yuxu rejiminə diqqət yetirmək lazımdır.Ana laylası körpələrin əsəblərinin sakit olmasına və rahat yatmasına çox kömək edir”.
Onu da qeyd edək ki, laylalar vasitəsilə uşaq dil açmağa doğru gedir. Sonra bir müddət keçir və onlar analarının dediyi laylaların bir hissəsini yamsılamağa çalışırlar. Deməli, anaların oxuduğu laylalar uşaqların ruhuna hopur. Bu mənada layların qorunması yaşadılması çox vacibdir.
