Əlcəzair-BƏƏ münasibətlərində gərginlik artır
Əlcəzairin Birləşmiş Ərəb Əmirliklərinə qarşı sanksiya tətbiq etməsi iki ölkə arasındakı münasibətlərdə yeni gərginlik mərhələsinin başlanmasına səbəb ola bilər. Tərəflər arasındakı fikir ayrılıqlarının İsraillə münasibətlərə yanaşmadakı fərqlərlə bağlı olduğu bildirilir.
Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Əlcəzairin Birləşmiş Ərəb Əmirliklərinə qarşı bu addımını iki ölkənin İsraillə münasibətləri ilə əlaqələndirmək mümkündür:
“Əlcəzair-İsrail münasibətləri heç də normal əməkdaşlıq formatında deyil. Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında isə geniş əməkdaşlıq mövcuddur. Bu səbəbdən də görünür ki, Birləşmiş Ərəb Əmirlikləri ilə Əlcəzair arasındakı münasibətlər İsrail siyasətindən dolayı artıq gərginlik mərhələsinə keçir.
Bu münasibətlərin bundan sonra nə qədər davam edə biləcəyi və gərginliyin artmasının növbəti mərhələdə hansı fəsadlara səbəb ola biləcəyi barədə indidən proqnoz vermək real deyil. Hadisə və proseslərin gedişi bu iki ölkə arasındakı münasibətləri tənzimləyəcək. Nəzərə alsaq ki, hər iki ölkə ərəb və müsəlman dövlətidir, yəqin ki, Ərəb Dövlətləri Liqası və İslam Əməkdaşlıq Təşkilatı bu iki ölkə arasında münasibətlərin normallaşmasına öz töhfəsini verməyə çalışacaq. Eyni zamanda, hər iki ölkə ilə normal tərəfdaşlıq münasibətləri olan digər müsəlman və qeyri-müsəlman dövlətləri də tərəflər arasında əməkdaşlığın təşviqində maraqlı ola bilər.
Ekspert həmçinin qeyd edib ki, bəzi ölkələr Əlcəzair və BƏƏ arasındakı gərginlikdən öz maraqları üçün istifadə etməyə çalışa bilər:
“Bu ölkələrdən hər biri ilə münasibətləri gərgin olan və onların münasibətlərinin normallaşmasını istəməyən dövlətlər, heç şübhəsiz ki, yaranmış vəziyyətdən faydalanmağa çalışacaq və dövlətlərarası münasibətlərin daha da gərginləşməsində maraqlı olacaqlar.
O baxımdan hələlik münasibətlərin bundan sonrakı inkişafının hansı istiqamətdə gedəcəyi barədə fikir söyləmək çətindir. Amma nəzərə alsaq ki, bu iki ölkə arasında çox böyük məsafə var, baxmayaraq ki, hər ikisi ərəb ölkəsidir. Biri Afrika qitəsinin şimal-qərbində yerləşən dövlətdir, digəri isə Asiyanın Yaxın Şərq regionunda yerləşən körfəz ölkəsidir. Yəni onların arasında birbaşa hərbi qarşıdurma perspektivi real deyil.
İqtisadi və diplomatik gərginlik isə mümkündür. İqtisadi əməkdaşlığın kəsilməsi, bir-birinin məhsullarına embarqo qoyulması, qarşılıqlı olaraq qlobal miqyasda qara PR kampaniyalarının aparılması, eyni zamanda Ərəb Dövlətləri Liqası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq və regional təşkilatlarda bir-birinin əleyhinə fəaliyyət göstərilməsi kimi hallar baş verə bilər.
Amma bundan sonrakı münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyi barədə indidən fikir söyləmək doğru olmaz. Münasibətlərin bundan sonrakı inkişafını izləmək bu baxımdan daha məntiqli olardı
Süsən Mərdalıqızı