Liverpul yeni idman direktoru axtarışında
Riçard Hyuzun “Əl-Hilal”a keçidi rəsmiləşdikdən sonra “Liverpul” 2022-ci ildən bəri artıq beşinci dəfə yeni idman direktoru axtarışına çıxıb.
Hyuz 2024-cü ilin yayında “Liverpul”a qoşulmuş və Arne Slot, daha sonra isə Andoni İraolanın baş məşqçi vəzifəsinə təyin olunması prosesində iştirak etmişdi. O, bu ilin əvvəlində Səudiyyə Ərəbistanında yeni çağırışla üzləşmək istədiyini klub rəhbərliyinə bildirib.
“Fenway Sports Group”un (FSG) prezidenti Mayk Qordon Hyuzun əvəzlənməsi prosesinə rəhbərlik edir. “Liverpul” yeni idman direktorunun mümkün qədər tez müəyyənləşdirilməsində maraqlıdır.
Klub daxilindəki namizədlərə də baxılacaq. Bununla yanaşı, “Liverpul” kənardan mütəxəssis gətirmək ehtimalını da istisna etmir. Rəhbərliyin əsas məqsədlərindən biri uzunmüddətli perspektivdə klubda çalışmağa sadiq olacaq mütəxəssis tapmaqdır.
Namizədlər kimlərdir?
Hyuzun köməkçisi və daha əvvəl “Liverpul”da icarəyə verilən futbolçular üzrə direktor vəzifəsində çalışmış Devid Vudfayn mümkün namizədlərdən biridir. Vudfayn iyunda kluba gələn Andoni İraolaya AXA Təlim Mərkəzini gəzdirərkən görüntülənmişdi.
Digər namizəd isə 2022-2023-cü illərdə “Liverpul”un idman direktoru olmuş Culian Uorddur. Onun rəhbərliyi dövründə Luis Dias, Kodi Qakpo, Aleksis Mak Allister və Darvin Nunyes kimi futbolçular transfer edilib. Uord hazırda FSG-də texniki direktor vəzifəsini tutur.
FSG-nin futbol inkişafı üzrə direktoru Pedro Markeş də namizədlər arasında göstərilir. O, daha əvvəl “Benfika”da texniki direktor kimi çalışıb və klubun Enso Fernandesin 10 milyon funt-sterlinqə transferində rol oynayıb. Markeş bundan əvvəl isə “Mançester Siti”də əsas komandanın performans analitiki olub.
Klub xaricində isə PSJ-nin futbol məsləhətçisi Luis Kampos ən güclü variantlardan biri hesab olunur. Lakin onun Avropa çempionu ilə əməkdaşlığını yaxın gələcəkdə başa çatdırmağa isti yanaşmadığı bildirilir.
Hyuzu kimin əvəzləyəcəyindən asılı olmayaraq, yeni idman direktorunu qarşıda çoxsaylı məsələlər gözləyir. Hyuzla birlikdə “Liverpul”un skautinq və transfer heyətinin iki üzvü-Mark Berçill və Kreyq MakKi də Yaxın Şərqə yollanıb.
Bu səbəbdən yeni rəhbərin qarşısında əsas vəzifələrdən biri klubun transfer və futbolçu seçimi strukturunda sabitliyi qorumaq olacaq.
Güllər Gülhüseynova