00:00:00
Yazar
Səadət Əlizadə
29.04.2026 20:40 67 3 dəq oxuma
Siyasət

“London-Tehran xətti hələ də yüksək həssaslıq zonasında qalır”-ŞƏRH

“London-Tehran xətti hələ də yüksək həssaslıq zonasında qalır”-ŞƏRH

İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvi Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, İranın Böyük Britaniyadakı səfiri Seyid Əli Musəvinin Böyük Britaniya Xarici İşlər Nazirliyinə çağırılması faktiki olaraq iki ölkə arasında mövcud narazılığın açıq şəkildə ifadə olunması deməkdir:

 

“Məsələ burasındadır ki, İran tərəfi ABŞ və İsraillə bağlı gərginlik fonunda, Britaniyada yaşayan iranlılara vətəni müdafiə etməyə çağırış edib. Böyük Britaniya isə bu cür çağırışları qəbuledilməz və zorakılığa çağırış kimi qiymətləndirib. Odur ki, bunun rəsmi şəkildə səfrin nəzərinə çatdırılması üçün addımlar atıb. Bu addımın London-Tehran xəttində yeni və daha kəskin gərginlik mərhələsinin başlanğıcı olub-olmaması isə təkcə bu hadisənin özündən yox, onun ardınca atılacaq addımlardan asılıdır. Tarix göstərir ki, belə çağırışlar bəzən sadəcə etirazın rəsmiləşdirilməsi funksiyasını daşıyır və böhranın idarəolunan səviyyədə qalmasına xidmət edir. Lakin əgər ardınca qarşılıqlı səfirlərin geri çağırılması, sanksiya qərarlarının sərtləşdirilməsi və ya diplomatik kanalların məhdudlaşdırılması gəlirsə, o zaman bu artıq daha ciddi eskalasiya mərhələsinə keçid kimi qiymətləndirilə bilər. Böyük Britaniya ilə İran arasında münasibətlər uzun müddətdir ki, dalğalı xarakter daşıyır və burada əsas gərginlik mənbələri təhlükəsizlik, regional təsir mübarizəsi və nüvə proqramı ətrafında formalaşır. Buna görə də səfirin çağırılması təkbaşına yeni böhran yaratmır, daha çox mövcud gərginliyin növbəti görünən təzahürü kimi çıxış edir. Yəni bu, hal əslində artıq uzun müddətdir ki, davam edən prosesin bir epizodu kimi dəyərləndirilə bilər”.

 

Həmçinin şərhçi qeyd edib ki, Böyük Britaniyanın bu addımının digər Avropa ölkələrinə təsiri məsələsinə gəldikdə isə burada iki paralel mexanizm işləyir: 

 

“İlk olaraq Böyük Britaniya Avropa diplomatik sistemində hələ də mühüm siyasi siqnal verən aktordur. Xüsusilə, təhlükəsizlik və xarici siyasət məsələlərində Londonun mövqeyi bir sıra Qərb ölkələri üçün istiqamətverici rol oynayır. Buna görə də bu addım müəyyən hallarda Fransa və ya Almaniya kimi ölkələrdə İranla bağlı daha sərt və ya koordinasiyalı mövqe müzakirələrini gücləndirə bilər. İkinci tərəfdən isə Avropa İttifaqı daxilində İranla münasibətlər vahid deyil, iqtisadi maraqlar, enerji təhlükəsizliyi və regional sabitlik kimi faktorlar fərqli yanaşmalar yaradır. Ona görə də Londonun addımının avtomatik olaraq bütün Avropada eyni xəttin formalaşmasına səbəb olmayacağı qənaətindəyəm. Bu hadisənin İranın Qərb ölkələri ilə ümumi münasibətlərinə təsiri isə daha geniş strateji kontekstdə qiymətləndirilməlidir. Diplomatik gərginliklər adətən etimad mühitini zəiflədir və mövcud dialoq kanallarını daha kövrək edir. Bu isə, xüsusilə, nüvə proqramı, regional təhlükəsizlik və sanksiyalar məsələsində müzakirələrin irəliləyişini çətinləşdirə bilər. 
Bununla belə, bu tip diplomatik gərginlikləri tam qırılma nöqtəsi kimi qəbul etmək də düzgün olmaz. Bu hadisə daha çox mövcud gərginliyin institusional ifadəsi kimi qiymətləndirilə bilər, tam strateji qırılma nöqtəsi kimi yox. Ümumilikdə isə proses göstərir ki, London-Tehran xətti hələ də yüksək həssaslıq zonasında qalır və hər diplomatik addım qarşılıqlı reaksiyalar zəncirini hərəkətə gətirmək potensialına malikdir”.

 

Aytac İbrahimova

#hələ #azərbaycan #“london-tehran #yeni #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər