Mədəni müxtəliflikdən milli birliyə: Azərbaycanın multikulturalizm modelinin gücü
Müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələrinin birgəyaşayış ənənələri Azərbaycanın multikulturalizm modelinin əsasını təşkil edir. Milli-mənəvi dəyərlərin qorunması, qarşılıqlı hörmət və ortaq vətəndaşlıq kimliyi cəmiyyətdə həmrəyliyin möhkəmləndirilməsində mühüm rol oynayır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən türkoloq-tarixçi Faiq Ələkbərli bildirib ki, Azərbaycanın multikulturalizm modelinin əsasını milli mədəniyyət və müxtəlif etnik-dini dəyərlərin qarşılıqlı tamamlanması təşkil edir:
"Azərbaycan multikulturalizminin əsas xüsusiyyəti milli mədəniyyətlə çoxmədəniyyətliliyin qarşılıqlı şəkildə tamamlanmasıdır. Azərbaycan xalqının milli mədəniyyətinin təməlində türk mədəniyyəti və fəlsəfəsi dayanır. Bununla yanaşı, İslam mədəniyyəti, eləcə də ölkədə yaşayan digər etnik qrupların və dini icmaların adət-ənənələri də Azərbaycan mədəniyyətinin formalaşmasında iştirak edib. Əsrlər boyu formalaşan bu qarşılıqlı təsir nəticəsində müxtəlif özünəməxsusluqlar vahid Azərbaycan mədəniyyəti çərçivəsində birləşib".
Onun fikrincə, müxtəlif etnik qrupların və dini icmaların özünəməxsusluqlarını qoruması vahid Azərbaycan mədəniyyətinin formalaşmasına və milli həmrəyliyin güclənməsinə töhfə verir:
"Milli həmrəyliyin güclənməsi üçün ilk növbədə milli mədəniyyətin və çoxmədəniyyətliliyin mahiyyətini düzgün anlamaq lazımdır. Azərbaycanda müxtəlif etnik qrupların və dini icmaların öz adət-ənənələrini qoruması ümumi mədəni bütövlüyü tamamlayır. Burada əsas məsələ fərqli mədəni xüsusiyyətləri inkar etmədən onları vahid Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qəbul etməkdir. Dinindən və etnik mənşəyindən asılı olmayaraq insanların ortaq Azərbaycan mədəniyyəti anlayışı ətrafında birləşməsi milli həmrəyliyin möhkəmlənməsinə xidmət edir".
Sonda o bildirib ki, Azərbaycanın milli mədəniyyətlə çoxmədəniyyətliliyi birləşdirən təcrübəsi digər ölkələr üçün də nümunə ola bilər:
"Bəli, Azərbaycanın multikulturalizm təcrübəsi digər ölkələr üçün də nümunə ola bilər. Bunun üçün ilk növbədə bu modelin mahiyyəti düzgün izah edilməlidir. Azərbaycan təcrübəsi milli mədəniyyətlə çoxmədəniyyətliliyin vahid bir bütöv kimi nəzərdən keçirilməsinə əsaslanır. Müxtəlif etnik qrupların və dini icmaların özünəməxsusluqlarını qoruması ilə yanaşı, ümumi Azərbaycan mədəniyyəti çərçivəsində birləşməsi bu modelin əsas cəhətidir. Digər ölkələr də müxtəlif mədəniyyətlər arasında qarşılıqlı hörmətin və ortaq kimliyin formalaşdırılması baxımından bu təcrübədən faydalana bilərlər".
Fatimə İbrahimova