Türk dünyasında ortaq dil və elmi əməkdaşlıq gücləndirilməlidir
Türk dövlətləri arasında koqnitiv dilçilik sahəsində əməkdaşlığın genişləndirilməsi ortaq dil xüsusiyyətlərinin araşdırılması və türk xalqlarının mədəni əlaqələrinin inkişafı baxımından əhəmiyyət daşıyır. Bu istiqamətdə elmi tədqiqatların genişləndirilməsi ilə yanaşı, əldə olunan nəticələrin praktikada tətbiqi də vacibdir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında türkoloq, tarixçi Faiq Ələkbərli bildirib ki, türk xalqlarının dillərindəki ortaq xüsusiyyətlərin araşdırılması və hər bir dildə əldə olunan elmi nailiyyətlərin öyrənilməsi ümumi dil imkanlarının inkişafına töhfə verə bilər:
“Türk xalqlarının dilləri arasında ortaq cəhətlər çoxdur. Tarix boyu ərəb, fars, slavyan və digər dillərlə təmas nəticəsində müəyyən fərqlər yaransa da, ortaq köklərin araşdırılması vacibdir. “Kitabi-Dədə Qorqud”, Oğuznamələr, Orxon-Yenisey abidələri və xalq dilində qorunub saxlanılan ifadələr bu baxımdan mühüm mənbələrdir. Türk dillərinin fəlsəfi və elmi imkanlarını daha dərindən öyrənməli, bu sahədə birgə tədqiqatlara üstünlük verməliyik. Azərbaycan dili də türk xalqları arasında elmi və mədəni əlaqələrin gücləndirilməsində mühüm rol oynaya bilər. Azərbaycan dilinin zənginliyinin araşdırılması, təbliği və müxtəlif türk dili qolları ilə əlaqələrinin öyrənilməsi qarşılıqlı anlaşmanı dərinləşdirə bilər. Azərbaycan dili türk xalqları arasında körpü rolunu oynaya bilər. Bu dilin imkanlarını daha dərindən araşdırmaq, onun zənginliyini tanıtmaq vacibdir. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın dil və mədəni irsinin öyrənilməsi də ümumi türk mədəniyyətinin daha dolğun anlaşılmasına kömək edə bilər”.
Faiq Ələkbərli vurğulayıb ki, dil xalqın yalnız ünsiyyət vasitəsi deyil, həm də tarixini, düşüncəsini və həyat tərzini əks etdirən əsas dəyərlərdən biridir:
“Türk xalqları arasında ortaq ünsiyyət imkanlarının genişləndirilməsi üçün elmi araşdırmaların konkret layihələrlə dəstəklənməsi vacibdir. Türk xalqları bir-biri ilə ünsiyyətdə ortaq dil imkanlarından daha çox istifadə etməyə çalışmalıdırlar. Bunun üçün konfranslar keçirilməli, kitablar hazırlanmalı və birgə layihələr həyata keçirilməlidir. Əsas məsələ yalnız araşdırma aparmaq deyil, əldə olunan nəticələri həyata keçirməkdir. Dilin inkişafı xalqlar arasında mədəni və mənəvi bağların möhkəmlənməsinə də xidmət edir”.
Güllüzar Nəbili