00:00:00
Yazar
Asiman Vəliyeva
30.04.2026 21:00 18 3 dəq oxuma
Sosial

Məhsulların tərkibi: etiketdə yazılanlar nə qədər doğrudur?

Məhsulların tərkibi: etiketdə yazılanlar nə qədər doğrudur?

Gündəlik alış-veriş zamanı istehlakçılar məhsul seçərkən əsasən qablaşdırma üzərində göstərilən tərkib məlumatlarına güvənirlər. Lakin bu məlumatların nə dərəcədə dəqiq olduğu hər zaman müzakirə mövzusu olaraq qalır. 


Mövzu ilə bağlı qida eksperti Asim Vəliyev "İnformator.az"a açıqlama verib. O bildirib ki, qanunla maddələr ən çox istifadə olunandan ən aza doğru düzülməlidir:


"Qida etiketləri beynəlxalq standartlar çərçivəsində tənzimlənir. Amma qanunvericilikdəki bəzi boşluqlar və marketinq hiylələri real mənzərəni bulandıra bilər. Əsas diqqət inqrediyentlərin sıralanmasına, gizli şəkərlərə və E-kodların funksionallığına yönəlməlidir. Qanunvericiliyin tələbi odur ki, istehsalçı tərkibi düzgün qeyd etsin. Burada texniki toleranslar var. Məsələn, bir çox ölkədə qida dəyərləri üçün 20%-ə yaxın yanılma payına icazə verilir. Yəni etiketdə 100 kalori yazılan bir məhsul əslində 120 kalori ola bilər. Başqa bir məqam inqrediyentlərin çəki sırasıdır. Qanunla maddələr ən çox istifadə olunandan ən aza doğru düzülməlidir. Əgər aldığınız tam buğdalı biskvitin tərkibində ilk yerdə buğda unu, ikinci yerdə şəkər yazılıbsa, o məhsulun sağlamlığı sadəcə qablaşdırma üzərindəki şəkildən ibarətdir. Diqqət edilməli bir neçə məqam var. İstehsalçılar çox vaxt şəkər sözünü tək yazmırlar".


Ekspert vurğulayıb ki,  bunun əvəzinə tərkibə qlükoza siropu, fruktoza, maltoza, dekstroz, ya bəhməz əlavə olunur:


"Əgər siyahıda 3-4 fərqli şəkər növü yazılıbsa, bu məhsulu seçərkən ehtiyatlı olmaq lazımdır. Bəzən etiketdə 0 qram trans yağ yazılsa da, tərkibdə hidrogenləşdirilmiş bitki yağı qeyd olunur. Qanunvericilik pay başına 0.5 qramdan az trans yağı sıfır kimi göstərməyə icazə verir. Gün ərzində bir neçə belə məhsul yemək damar sağlamlığı üçün risk yaradır. Kalori miqdarı çox vaxt 100 qram üçün deyil. İstehsalçının təyin etdiyi kiçik bir porsiya üçün yazılır. Bütün paketi yedikdə alınan kalori etiketdə görüldüyündən 3-4 dəfə çox ola bilər. E kodu sadəcə Avropa standartlarına uyğun təsdiqlənmiş qida qatqısı deməkdir. Bu kodların hamısı süni və ya zərərli deyil. Məsələn E300 sadəcə C vitaminidir. Amma bəzi qruplara qarşı ehtiyatlı olmaq lazımdır".


Müsahib bildirib ki, E102, E110, E129 rəngləndiricilər uşaqlarda hiperaktivliyə səbəb ola biləcəyi üçün bəzi ölkələrdə xəbərdarlıq etiketi ilə satılır:


" E621 dad gücləndiriciləri bəzi insanlarda baş ağrısı, allergik reaksiyalar yarada bilər. Konservantlar qida zəhərlənməsinin qarşısını almaq üçün vacibdir. Lakin natrium nitrit (E250) kimi maddələrin emal olunmuş ətlərdə həddindən çox istifadəsi uzunmüddətli perspektivdə riskli hesab olunur. Əgər bir məhsulun tərkibində 5-dən çox maddə varsa, onların əksəriyyəti qatqı maddəsidirsə, bu yüksək dərəcədə emal olunmuş qidadır. Rənglərə də aldanmaq olmaz. Yaşıl paket təbii, qəhvəyi kağız pəhriz demək deyil. Arxa tərəfdəki ağ-qara cədvələ baxılmalıdır. Soyuducuda saxlanmalı olan məhsulları alış-verişin sonunda almaq lazımdır. Məhsula qarşı allergiya varsa, qeyd olunan xəbərdarlığa diqqət edilməlidir".

 

Mövzu ilə bağlı şəhər sakinləri "İnformator.az"a öz fikirlərini bildirib. Alıcı Əli bəy qeyd edib ki, xüsusilə, qatqı maddələri varsa, etiketə baxır:


" Bəli, çalışıram oxuyum. Xüsusilə, qatqı maddələri varsa baxıram. Düzü, etiketə tam güvənmirəm. Bəzən sadəcə mənə reklam kimi gəlir.  "Təbii" "orqanik" yazıları seçimimə təsir edir. “Təbii” yazılanda daha çox etibarlı hiss etdirir".


Şəhər sakini Günay xanım isə bildirib ki, yeni məhsuldursa etiketə mütləq baxır:


" Hər dəfə yox, amma yeni məhsuldursa mütləq baxıram. Qismən inanıram, amma yenə də şübhə ilə yanaşıram. Bəli, "Təbii", "orqanik" yazıları seçimimə təsir edir. Orqanik məhsullar daha sağlam görünür deyə onlardan istifadə edirəm".

Səmayə Səftərova

#azərbaycan #yeni #yazılanlar #məhsulların #etiketdə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər