Əmək bazarında yeni reallıq: Süni intellekt peşələrə necə təsir edəcək?
Süni intellektin sürətli inkişafı insanlarda “Gələcəkdə işsiz qalacağıq?” sualını yaradır. Azərbaycanda da texnologiyanın inkişafı əmək bazarının tələblərini dəyişir və bəzi sahələrə olan marağı tədricən azaldır. Bəs rəqəmsal dövrdə sıradan çıxmamaq və yeni reallıqlara uyğunlaşmaq üçün nə etmək lazımdır?
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Afərim Seyidova bildirib ki, hazırda tərcümə ixtisasları təhlükə altındadır. Onun sözlərinə görə, süni intellekt və tərcümə proqramlarının inkişafı tərcüməçilərə olan tələbatı azaldır:
“Ötən il, məsələn, üçüncü ixtisas qrupunda yalnız bir ixtisas — tərcümə ixtisası ikinci mərhələyə, yəni boş qalan yerlərin seçiminə qalmışdı. Abituriyentlər həmin yerləri yalnız vakant mərhələdə seçə bilirdilər. Tərcümə ixtisasına maraq getdikcə azalır və Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında bu ixtisas üzrə keçid balları aşağı düşür. Balın enməsinin əsas səbəbi süni intellekt və tərcümə proqramlarıdır. Halbuki 20–30 il bundan əvvəl, misal üçün, ingilis dilini mükəmməl bilən bir şəxsə çox böyük tələbat var idi. Hazırda isə tərcümə proqramlarının, xüsusilə də avtomatik tərcümə edən qulaqlıqların gələcəkdə bu ixtisası tamamilə sıradan çıxaracağı gözlənilir”.
Ekspertin sözlərinə görə, süni intellektin inkişafı bəzi peşələrə olan tələbatı azaltsa da, bu, həmin peşələrin tamamilə sıradan çıxacağı anlamına gəlmir. O qeyd edib ki, əsas məsələ əmək bazarındakı dəyişikliklərə uyğunlaşmaq və süni intellektdən dəstəkləyici vasitə kimi istifadə etməkdir:
“İxtisas seçimində bundan əlavə, mühasibatlıq və müxtəlif operatorluq kimi sahələrin də iş imkanlarının sıradan çıxacağı proqnozlaşdırılır. Kitabxanaçılıq və muzey işi kimi ixtisaslara isə maraq onsuz da həmişə aşağı olub. Peşələrin tamamilə sıradan çıxacağını demək doğru olmaz. Məsələ daha çox peşələrin formalarını dəyişdirməsi və insanların süni intellektə uyğunlaşmasıdır. Doğrudur ki, çağrı mərkəzi operatorları, müəyyən statistika hazırlayanlar və mühasibatlığın bəzi sahələri kimi istiqamətlərdə süni intellekt insan əməyini əvəz edə bilər. Lakin bu, peşələrin tamamilə ləğvi anlamına gəlmir. Pedaqoji fəaliyyət, səhiyyə və hüquq sahələrində süni intellekt rəqib deyil, dəstəkləyici vasitə kimi çıxış edə bilər. Süni intellekt müəllimlərə açıq dərslərin və qrafiklərin hazırlanmasında, məhsuldarlığın artırılmasında, həkimlərə diaqnostik proseslərdə, hüquqşünaslara isə sənədlərin təhlili və nəticələrin çıxarılmasında dəstək ola bilər. Hazırda təbii intellekt ilə süni intellekt arasında rəqabət deyil, onların qarşılıqlı əməkdaşlığı ön plana çəkilməlidir”.
Afərim Seyidovanın sözlərinə görə, gənclər süni intellekt alətlərindən yararlanmaqla öz fəaliyyət sahələrində daha böyük uğurlar qazana və tanınma imkanlarını genişləndirə bilərlər. Bunun üçün bu sahədə müvafiq təlim və kurslarda iştirak etmək, sertifikatlar əldə etmək və yeni texnologiyaları peşəkar fəaliyyətə inteqrasiya etmək vacib şərtlərdən biridir. Gənclər arasında bu istiqamətdə sağlam rəqabətin formalaşması ümumi inkişafı və uğurlu nəticələri şərtləndirən əsas amillərdəndir.
Aysu Qədirzadə