Əməkhaqqından hansı hallarda tutulma edilə bilər?- AÇIQLAMA
Əməkhaqqından tutulmalar işçiləri ən çox maraqlandıran məsələlərdən biridir. Qanunvericilikdə işçinin razılığı olmadan əməkhaqqından müəyyən məbləğlərin tutulmasına yol verilən hallar və həddi müəyyən edilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında hüquqşünas Əkrəm Həsənov bildirib ki, əməkhaqqından işçinin razılığı olmadan bir sıra məcburi ödənişlər tutula bilər:
“İlk növbədə, əməkhaqqından işçinin razılığı olmadan vergi, dövlət sosial sığorta haqqı və digər məcburi ödənişlər, məsələn, tibbi sığorta və s. tutulur. İşçinin işəgötürənə vurduğu ziyanın müəyyən hallarda əməkhaqqından tutulması da mümkündür. İkinci məsələ işçinin işəgötürənə vurduğu ziyandır. Amma burada müəyyən şərtlər var. Bu məsələ əmək və ya kollektiv müqavilədə nəzərdə tutulmalıdır. Əməkhaqqından tutulmaların əsas hallarından biri də icra sənədləri əsasında həyata keçirilən tutulmalardır. Sonuncu əsas məsələ icra sənədləridir. Yəni məhkəmə qərarı, notariusun icra qeydi və s. Burada, bir qayda olaraq, maksimal 50 faizdir. Aliment ödənişləri də varsa, tutulma 70 faizə qədər ola bilər”.
Hüquqşünas bank kreditləri ilə bağlı əməkhaqqından tutulmaların xüsusi halını da vurğulayıb:
“Tutaq ki, şəxsin banka borcu var, məhkəmə qərarı var ki, bankın krediti ödənilməlidir və icra məmuru işəgötürənə müraciət edir ki, bu işçinin maaşından 50 faizədək məbləğ tutulsun. Aliment də varsa, 70 faizə qədər tutulma mümkündür. Bankın əməkhaqqı hesabına daxil olan vəsaiti müqavilə əsasında birbaşa hesabdan tutması isə əməkhaqqından işəgötürənin etdiyi tutulmadan fərqlənir. Praktikada vətəndaşlar bəzən şikayət edirlər ki, bank əməkhaqqımdan pul çıxıb. Əslində isə bu, işəgötürənin etdiyi tutulma deyil. İşəgötürən sizin maaşınızı banka köçürür. Əgər sizin bankla müqaviləniz varsa və orada borcunuz olduğu halda vəsaitin hesabdan tutulması nəzərdə tutulubsa, bank həmin məbləği hesabınızdan çıxır. Belə halda vətəndaş əməkhaqqının köçürüldüyü bankı dəyişə bilər. Əgər bu məsələ sizi qane etmirsə, işəgötürənə müraciət edib maaşınızın başqa banka köçürülməsini tələb edə bilərsiniz. Bu halda borcunuz olan bank həmin vəsaiti əməkhaqqınızdan tutmaq üçün məhkəməyə müraciət etməli və müvafiq icra sənədi əldə etməlidir”.
Güllüzar Nəbili