Məkkə Müdafiə Şurası yeni hərbi-siyasi blokun əsasını qoya bilər – ekspertdən açıqlama
Məkkə Müdafiə Şurasının yaradılması ilə bağlı Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanan saziş Yaxın Şərq və daha geniş regionda təhlükəsizlik arxitekturasının dəyişməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, ilkin mərhələdə əsas diqqət yeni birliyə üzv ölkələrin öz aralarında əməkdaşlığın möhkəmləndirilməsinə yönəlməlidir.
“Yeni yaradılan birliyə gələcəkdə digər ölkələrin də qoşula biləcəyi bəyan edilir. Lakin hesab edirəm ki, ilkin mərhələdə hər üç ölkə bu birliyin formalaşması və tarixi sınaqdan çıxması istiqamətində mühüm addımlar atmalıdır”.
Politoloqun sözlərinə görə, burada əsas məsələ Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının malik olduğu imkan və resurslardan qarşılıqlı şəkildə faydalanmasıdır.
“Pakistanın nüvə çəkindirmə gücündən hər üç ölkənin faydalana bilməsi, Səudiyyə Ərəbistanının maliyyə və iqtisadi resurslarının investisiya formatında, xüsusilə sənaye və müdafiə sənayesinin inkişafına yönəldilməsi, Türkiyənin isə müasir hərbi texnologiyalarının imkanlarından istifadə olunması bu əməkdaşlığın əsas istiqamətləri ola bilər”.
Ekspert hesab edir ki, Məkkə Müdafiə Şurasının qarşısında duran əsas sınaqlardan biri onun real müharibə şəraitində öz effektivliyini nümayiş etdirməsidir.
“Şura Yaxın Şərqin real müharibə şəraitində meydana çıxır. Belə bir mərhələdə qurum regional təhlükəsizliyin təmin olunmasında, xüsusilə də üzv ölkələrin təhlükəsizliyinə real təminat verilməsi məsələsində özünü doğrultmalıdır. Bu tarixi missiyanın öhdəsindən gəldikdən sonra quruma həm regional, həm də beynəlxalq marağın artacağını düşünürəm”.
Taleh Əliyev yeni ölkələrin quruma qoşulması məsələsində isə tələsməyin doğru olmadığını vurğulayıb.
“Hazırda yeni üzvlərin qoşulması ilə bağlı çağırışlar səslənir. Ayrı-ayrı ölkələrin, xüsusilə Qətər və Misirin bu istiqamətdə danışıqlar apardığı barədə məlumatlar da var. Lakin hesab edirəm ki, genişlənmə üçün hələ tezdir. Çünki adıçəkilən ölkələrin, xüsusilə Qətərin Səudiyyə Ərəbistanı ilə münasibətlərində müəyyən rəqabət elementləri mövcuddur”.
Politoloqun fikrincə, hazırkı mərhələdə əsas məqsəd üzv ölkələrin bir-birinin üstün imkanlarından istifadə etməklə qarşılıqlı təhlükəsizliyi gücləndirməsi olmalıdır.
“Bu sazişin imzalanmasına ən çox ehtiyacı olan ölkələrdən biri Səudiyyə Ərəbistanıdır. Ona görə də tərəfdaş ölkələr hazırkı mərhələdə bir-birlərinin üstün imkanlarından qarşılıqlı şəkildə faydalanaraq təhlükəsizliklərini möhkəmləndirməli və real müharibə situasiyasında bu mexanizmin effektivliyini nümayiş etdirməlidirlər. Bu, həm yeni hərbi-siyasi blokun gələcəyini müəyyənləşdirəcək, həm də gələcəkdə digər region ölkələri üçün bu qurumun cəlbediciliyinin təməlini qoyacaq”.
Süsən Mərdalıqızı