Məktəb bufetlərində satılan qidalar uşaqlar üçün nə dərəcədə təhlükəsizdir?
Məktəb yaşlı uşaqların gün ərzində qəbul etdiyi qidaların keyfiyyəti onların sağlamlığı və inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan məktəb bufetlərində satılan məhsulların tərkibi, keyfiyyəti və təhlükəsizliyi xüsusi diqqət tələb edir. Zərərli qəlyanaltıların geniş yayılması isə uşaqların sağlam qidalanma vərdişlərinə təsir göstərə bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında qida eksperti Asim Vəliyev bildirib ki, məktəb illəri uşaq orqanizminin ən sürətlı böyüdüyü, skelet, əzələ və sinir sisteminin formalaşdığı vacib bir dövrdür:
“Uşaq gününün böyük bir hissəsini məktəbdə keçirir. Onun orada qəbul etdiyi qəlyanaltılar sadəcə anlıq toxluq hissi yaratmamalı, orqanizm üçün zəruri olan zülal, vitamin və mineralları təmin etməlidir. Amma halhazırda məktəb bufetlərində qarşılaşdığımız mənzərə çox vaxt elmi və gigiyenik normativlərdən uzaqdır”.
Ekspert qeyd edib ki, qidalar düzgün temperaturda və şəraitdə saxlanılmaya bilir:
“Əgər tərkibində ət, toyuq, yumurta, maya, ya süd olan bir sandviç soyuducudan kənarda, otaq temperaturunda saxlansa, onun içindəki zərərli mikroorqanizmlər hər 20 dəqiqədən bir iki dəfə çoxalır”.
Həmçinin o bildirib ki, açıq vitrinlərdə saatlarla qalan sosiskalı bulkalar və sandviçlər uşaqlarda ağır qida zəhərlənmələrinə zəmin yaradır:
“Bufet işçisinin çiy ərzaqla işlədikdən sonra əllərini yumadan hazır çörəyə toxunması, çiy və bişmiş qidalar üçün eyni bıçaq və ya taxtadan istifadə edilməsi mikroorqanizmlərin birbaşa uşağın qidasına keçməsinə səbəb olur”.
Asim Vəliyev bildirib ki, paketlənən məhsulların saxlanma müddətinə, paketin zədələnməyib-zədələnməməsinə mütəmadi nəzarətin olunmaması ciddi risk faktorudur:
“Uşaq orqanizmi böyüklərə nəzərən kimyəvi əlavələrə və zərərli yağlara qarşı çox həssasdır.
Çips, kraker və qızartmalar yüksək miqdarda trans yağlar, çox duz və hazırlama texnologiyasına görə kanserogen akrilamid maddəsi ehtiva edir”.
Nəticə olaraq bildirib ki, qazlı, şəkərli və enerji içkiləri tərkibində bol miqdarda süni şəkər, rəngləndiricilər və kofein var:
“Enerji içkiləri uşaqların ürək ritmini pozur və sinir sistemini həddindən artıq gərir.
Süni şirniyyatlar və şokoladlar sintetik boyalar, dad gücləndiricilər və boş kalori mənbəyi olan ağ şəkərlə zəngindir.
Emal olunmuş ət məhsulların tərkibində rəng və saxlanma müddətini artırmaq üçün istifadə olunan nitrit və nitratlar var. Uşaq orqanizmində bu maddələr mədə şirəsi ilə reaksiyaya girərək zərərli birbirləşmələrə çevrilir”.
Səadət Əlizadə