00:00:00
Yazar
Elmira Ağayeva
01.10.2026 22:18 21 3 dəq oxuma
Sosial

Məktəbdə zəhərlənmə: Uşaqlar üçün əsas risklər nələrdir?

Məktəbdə zəhərlənmə: Uşaqlar üçün əsas risklər nələrdir?

Gəncədə məktəblilər arasında baş verən zəhərlənmə hadisəsi məktəblərdə qida təhlükəsizliyinə nəzarət məsələsini yenidən gündəmə gətirib. Məktəb bufetlərində qidaların hazırlanması və saxlanılması, məhsulların keyfiyyətinə nəzarət, eləcə də qida zəhərlənmələrinin uşaqlar üçün yarada biləcəyi risklər diqqət mərkəzinə gəlib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında həkim-ekspert Rasif Bağırov bildirib ki, ilk növbədə zəhərlənmənin hansı formada baş verdiyi müəyyənləşdirilməlidir:
 

 

“İlk növbədə, zəhərlənmənin hansı növünün baş verdiyi dəqiqləşdirilməlidir. Yüngül qida toksikoinfeksiyaları ilə yanaşı, botulizm kimi ağır və həyati təhlükə yaradan zəhərlənmələr də mövcuddur. Ona görə də yalnız hansı qidadan istifadə edildiyini müəyyənləşdirmək kifayət deyil. Zəhərlənmənin konkret səbəbi və növü də araşdırılmalıdır”.


Rasif Bağırov qeyd edib ki, məktəblərdə qida təhlükəsizliyinə nəzarət məhsulların məktəbə gətirilməsindən onların uşaqlara təqdim olunmasına qədər bütün mərhələləri əhatə etməlidir:

 

“Qida məhsullarının mənşəyi, keyfiyyəti, son istifadə müddəti, daşınması və saxlanılması nəzarətdə olmalıdır. Daha sonra məhsulun hazırlanması və uşaqlara təqdim edilməsi zamanı da sanitariya-gigiyena qaydalarına əməl edilməlidir. Xüsusilə tez xarab olan qidaların müvafiq temperaturda saxlanılması vacibdir”.

 

Ekspertin sözlərinə görə, qida təhlükəsizliyinə nəzarətdə yalnız məktəb rəhbərliyinin deyil, aidiyyəti qurumların da üzərinə məsuliyyət düşür:

 

“Məktəblərdə və uşaq bağçalarında qida məhsullarının saxlanması, hazırlanması və istifadəsi zamanı müxtəlif nöqsanlara yol verilə bilər. Bəzən aidiyyəti qurumların apardığı yoxlamaların formal xarakter daşıması ilə bağlı iradlar səslənir. Halbuki nəzarət yalnız hadisə baş verdikdən sonra həyata keçirilməməlidir. Məqsəd belə halların əvvəlcədən qarşısını almaq olmalıdır. Məhsulun haradan gətirildiyi, hansı şəraitdə saxlanıldığı və nə vaxt satışa çıxarıldığı müəyyən edilməlidir. Bu məlumatlar həm qida təhlükəsizliyinə nəzarət, həm də hər hansı hadisə baş verdikdə zəhərlənmənin mənbəyinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir”.

 

 

Ekspert uşaqlarda qida zəhərlənməsinin yaratdığı risklərə də diqqət çəkib:

 

“Uşaqlarda qusma və ishal nəticəsində maye itkisi daha sürətlə susuzlaşmaya səbəb ola bilər. Buna görə belə hallara ciddi yanaşmaq lazımdır. Valideynlər uşağın ümumi vəziyyətinə, maye qəbul edib-etməməsinə, sidiyə çıxmasının azalmasına, ağız quruluğuna, halsızlıq və yuxululuq kimi əlamətlərə diqqət etməlidirlər. Uşaq təkrar qusur və qəbul etdiyi mayeni saxlaya bilmirsə, qanlı ishal, güclü qarın ağrısı, yüksək hərarət, huşda dəyişiklik, nəfəsalma və ya udma çətinliyi yaranırsa, tibbi yardım göstərilməlidir. Botulizm zamanı isə görmənin bulanması və ya ikigörmə, udma və danışma çətinliyi, əzələ zəifliyi kimi əlamətlər meydana çıxa bilər. Belə vəziyyətlərdə vaxt itirmək olmaz. Çiy və hazır məhsulların təmasının qarşısının alınıb-alınmadığı, işçi səthlərin və avadanlıqların təmizliyi, işçilərin şəxsi gigiyenası, məhsulun soyuducuda saxlanılması və son istifadə müddəti yoxlanılmalıdır. Xüsusilə kremli şirniyyatların uyğun temperatur şəraitində saxlanılmaması, keyfiyyətsiz və ya istifadə müddəti bitmiş xammaldan istifadə edilməsi zəhərlənməyə səbəb ola bilər”.

 

Həkim-ekspert zəhərlənmənin mənbəyinin müəyyənləşdirilməsi üçün hadisənin epidemioloji tərəfinin də araşdırılmasının vacibliyini vurğulayıb:

 

“Neçə uşağın həmin qidadan istifadə etdiyi, onlardan neçəsində eyni simptomların yarandığı və əlamətlərin qidanın qəbulundan nə qədər sonra başladığı müəyyən edilməlidir. Eyni məhsuldan istifadə edən digər şəxslərin vəziyyəti də araşdırılmalıdır. Bu məlumatlar zəhərlənmənin mənbəyinin müəyyənləşdirilməsinə kömək edə bilər. Əgər araşdırma nəticəsində qida təhlükəsizliyi qaydalarının pozulduğu və bunun uşaqların sağlamlığına zərər vurduğu müəyyən edilərsə, məsul şəxslərin hərəkətlərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməlidir. Məktəblərdə uşaqların qidalanmasına nəzarət formal xarakter daşımamalıdır. Burada əsas məsələ belə hadisələrin qarşısının əvvəlcədən alınmasıdır”.

Gülnar Mustafayeva

#əsas #yeni #gündəm #baki #zəhərlənmə:
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər