Məktəbini de, savadını deyim
Müəllimə hörmət, məktəbə inam və valideyn məsuliyyəti
Məktəb və müəllim haqqında danışmaq hər zaman həssas məsələ olub. Son illər isə məktəblər, müəllimlər və dərsliklərlə bağlı ictimai müzakirələrin artdığını görürük. Valideynlərin sual verməsi, fikrini bildirməsi, övladının təhsili ilə maraqlanması təbii və vacibdir. Amma bütün bunlarla yanaşı, müəllimə hörmət, məktəbə etimad və qarşılıqlı münasibət də qorunmalıdır.
Bizim cəmiyyətimizdə müəllim həmişə xüsusi hörmət sahibi olub. Məktəb yalnız bilik verilən yer deyil, həm də şəxsiyyətin formalaşdığı, milli və mənəvi dəyərlərin aşılandığı mühüm bir məkandır.
Azərbaycan müəllimlərinin ölkəmizin tarixində və ictimai həyatında xüsusi rolu var. Milli düşüncənin, azadlıq ideyalarının, müstəqillik və dövlətçilik dəyərlərinin formalaşmasında müəllimlərin xidmətləri danılmazdır. Bu gün də müəllimlər savadlı, mədəni, vətənpərvər və məsuliyyətli gənc nəslin yetişdirilməsində mühüm missiya daşıyırlar.
Bir QHT sədri və eyni zamanda valideyn kimi hesab edirəm ki, məktəb–müəllim–valideyn əməkdaşlığı təhsilin keyfiyyəti üçün ən vacib məsələlərdən biridir. Valideyn yalnız problem yarananda məktəbi xatırlamamalı, övladının təlim-tərbiyəsində özü də fəal iştirak etməlidir.
Bu baxımdan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən Ələkbər Eyvazov adına 275 saylı tam orta məktəbdə gördüklərimi xüsusi qeyd etmək istəyirəm.
Məktəbdə davamiyyətə, nizam-intizama, təmizliyə, səliqə-sahmana, müəllim-şagird və müəllim-valideyn münasibətlərinə diqqət yetirilməsi müsbət təsir bağışlayır. Məktəbdə formalaşan sağlam ictimai mühitdə məktəb direktoru Elnur Hüseynovun rəhbərlik üslubunun və kollektivlə münasibətinin mühüm rol oynadığını düşünürəm.
Direktorun müəllim və şagirdlərlə səmimi münasibəti məktəbdə xoş və sağlam atmosfer yaradıb. Valideynlərin məktəbin fəaliyyətinə maraq göstərməsi və tədris prosesini yaxından izləyə bilməsi də təhsilə açıq münasibətin göstəricisidir.
Məktəbin müəllimləri öz peşələrinə məsuliyyətlə yanaşır, şagirdlərin qarşılaşdığı çətinliklərin həllinə diqqət göstərirlər. Hər dərsin asan olmadığını hamımız başa düşməliyik. Bəzi fənlər və mövzular uşaqlar üçün daha çətin ola bilər. Belə vəziyyətlərdə müəllimi ittiham etməkdənsə, müəllim, valideyn və şagirdin birlikdə problemin həllinə çalışması daha doğru yanaşmadır.
Məktəbə gələn valideynlərin xoş münasibətlə qarşılanması, direktor və müəllimlərin valideynlərlə mədəni və səmimi ünsiyyət qurması da təqdirəlayiqdir. Bu münasibət valideynlərdə məktəbə olan inamı daha da artırır.
Sevindirici haldır ki, məktəbin peşəkar müəllimlərinin əməyi nəticəsində builki məzunlar arasında müxtəlif ali məktəblərə yüksək nəticələrlə qəbul olunanlar var. Bu uğurlar şagirdlərin zəhməti ilə yanaşı, müəllimlərin və valideynlərin də əməyinin nəticəsidir.
Bir QHT rəhbəri olaraq hesab edirəm ki, cəmiyyətdə müəllim nüfuzunun qorunması və artırılması hər birimizin məsuliyyətidir. Tənqid də, irad da olmalıdır, amma bunlar hörmət və konstruktiv yanaşma çərçivəsində aparılmalıdır.
Bu gün 275 saylı məktəbdə gördüklərim məndə belə bir fikir formalaşdırdı: məktəbin uğuru yalnız direktorun və ya müəllimin deyil, bütün məktəb kollektivinin, valideynlərin və şagirdlərin birgə əməyinin nəticəsidir.
Övladlarımızın belə bir məktəbdə təhsil almasından qürur duyuruq. Məktəbin direktoru Elnur Hüseynov başda olmaqla bütün müəllim kollektivinə təşəkkürümüzü bildiririk.
Məktəbini de, savadını deyim.
Çünki məktəbin səviyyəsi yalnız divarları, binası və avadanlığı ilə deyil, orada yetişən uşaqların biliyi, davranışı və həyata hazırlığı ilə ölçülür.
Azərbaycanın gələcəyinə savadlı, mədəni və məsuliyyətli vətəndaşlar yetişdirən bütün müəllimlərimizə təşəkkür edirik.
Azərbaycan Qadınlarının Haqlarının Müdafiəsi İB sədri İradə Polad