00:00:00
Yazar
Elmira Ağayeva
09.10.2026 21:28 37 2 dəq oxuma
Sosial

Məktəblərdə psixoloji dəstək uşağın gələcəyini formalaşdırır

Məktəblərdə psixoloji dəstək uşağın gələcəyini formalaşdırır

 

Məktəb dövründə uşaqların qarşılaşdıqları psixoloji problemlər onların şəxsiyyətinin formalaşmasına, özgüvəninə və sosial münasibətlərinə təsir göstərə bilər. Bu baxımdan, şagirdlərin emosional ehtiyaclarının vaxtında müəyyənləşdirilməsi, davranışlarındakı dəyişikliklərin izlənilməsi və onlara müvafiq psixoloji dəstəyin göstərilməsi xüsusi əhəmiyyət daşıyır. Bu prosesdə məktəb psixoloqlarının fəaliyyəti mühüm rol oynayır.

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Ezgi Şahin Doğan bildirib ki, uşaqlıq dövründə formalaşan mənfi düşüncələr və özgüvən problemləri insanın gələcək həyatına ciddi təsir göstərə bilər:

“Uşaqlıq dövründə yaşanan psixoloji problemlər uşağın gələcəyinə ciddi zərər verə bilər. İnsan kiçik yaşlarından psixoloji baxımdan nə formalaşdırırsa, bunlar onunla birlikdə gələcək həyatına da keçir. Xüsusilə özgüvənin zədələnməsi uşağın gələcəkdə özünü necə qəbul etməsinə təsir göstərir. Uşağa xarici görünüşü, geyimi və ya digər xüsusiyyətləri ilə bağlı mənfi fikirlər söylənilməsi onda uzunmüddətli psixoloji problemlər yarada bilər. Məsələn, uşaqlıqda kasıb ailədə böyüdüyünə görə geyiminə görə tənqid olunan bəzi şəxslər böyüdükdən sonra daim paltar almağa meyilli olurlar və bu davranış zamanla obsesiv xarakter ala bilər. Belə hallar uşaqlıqda yaşanan təcrübələrin gələcəkdə nə qədər mənfi nəticələrə səbəb ola biləcəyini göstərir”.

Psixoloq müasir dövrdə sosial şəbəkələrin, internet mühitinin və virtual oyunların uşaqların psixoloji vəziyyətinə təsirinin də diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb:

“Düşünürəm ki, indiki dövrdə, xüsusilə məktəbli uşaqların psixoloji vəziyyətinə ciddi diqqət yetirilməlidir. Son vaxtlar məktəblərdə bıçaqlanma və şagirdlərin bir-birinə qarşı zorakılıq göstərməsi ilə bağlı hadisələr müşahidə olunur. Məncə, internetin və sosial şəbəkələrin təsiri ilə ətraf mühitdə müəyyən duyğusuzlaşma prosesi gedir. Bəzi uşaqlar virtual aləmdə gördüklərini real həyatla əlaqələndirir, baş verən hadisələrin insanlara və onların hisslərinə necə təsir etdiyini lazımi səviyyədə dərk etmirlər. Bu isə təhlükəli davranışlara yol aça bilər”.

Ezgi Şahin Doğan məktəb psixoloqlarının fəaliyyətinin formal xarakter daşımamalı olduğunu qeyd edib. Onun fikrincə, məktəblərdə psixoloji xidmətin təşkili gücləndirilməli, bu sahədə çalışan mütəxəssislərin fəaliyyətinə nəzarət artırılmalıdır:

“Təhsilli psixoloq kimi bu peşədə yeddi il aktiv fəaliyyət göstərdikdən sonra belə qənaətə gəlmişəm ki, məktəb psixoloqlarının çoxu öz funksiyalarını lazımi səviyyədə yerinə yetirmir. Halbuki onların fəaliyyəti daha fəal olmalıdır. Son dövrlərdə baş verən hadisələr, uşaqların sosiallaşma imkanlarının azalması və davranışlarında müşahidə olunan dəyişikliklər bu məsələyə daha ciddi yanaşmağı tələb edir. Düşünürəm ki, məktəblərdə psixoloji dəstək gücləndirilməli, psixoloqların fəaliyyətinə nəzarət edilməli və onların şagirdlərlə mütəmadi işləməsi təmin olunmalıdır”.

Psixoloqun fikrincə, məktəblərdə psixoloji dəstəyin düzgün təşkili uşaqların emosional vəziyyətindəki problemlərin vaxtında müəyyənləşdirilməsinə və gələcəkdə yarana biləcək çətinliklərin qarşısının alınmasına kömək edə bilər. Bu baxımdan, məktəb psixoloqlarının fəaliyyəti formal hesabatlarla məhdudlaşmamalı, şagirdlərlə etimada əsaslanan münasibətlərin qurulmasına və onların fərdi ehtiyaclarına uyğun psixoloji dəstəyin göstərilməsinə yönəlməlidir.

Gülnar Mustafayeva

#azərbaycan #formalaşdırır #dəstək #psixoloji #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər