Məktəblərdə yeni təmayül tədris modeli tətbiq olunacaq
Azərbaycanda ümumi təhsil müəssisələrində yeni təmayül tədris modelinin tətbiqi nəzərdə tutulur. Yeni modelin şagirdlərin maraq və bacarıqlarına uyğun ixtisaslaşmasına, eləcə də tədrisin keyfiyyətinin artırılmasına necə təsir edəcəyi müzakirə mövzusudur.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Əmrah Həsənli bildirib ki, yeni təmayül tədris modelini ümumilikdə müsbət və perspektivli addım hesab edirəm:
"Çünki şagirdlərin hamısına eyni istiqamətdə və eyni yanaşma ilə təhsil verməkdənsə, onların maraq, bacarıq və gələcək karyera istiqamətlərinə uyğunlaşan təhsil modelinin qurulması daha məqsədəuyğundur. Əgər model düzgün tətbiq olunarsa, şagirdin hansı sahəyə daha çox meyilli olduğunu daha erkən müəyyənləşdirməyə, onun potensialını inkişaf etdirməyə və gələcəkdə ixtisas seçimini daha şüurlu şəkildə aparmasına ciddi töhfə verə bilər. Amma burada əsas məsələ modelin adının dəyişməsi deyil, onun məktəbdə necə tətbiq olunmasıdır. Təmayül sadəcə şagirdləri formal olaraq qruplara bölməkdən və müəyyən fənlərin saatını artırmaqdan ibarət olmamalıdır. Bunun arxasında real karyera yönləndirməsi, peşəkar müəllim dəstəyi, praktik məşğələlər, laboratoriya və digər zəruri imkanlar dayanmalıdır. Əks halda, yeni model formal xarakter daşıya bilər.
Maddi-texniki baza və müəllim potensialına gəldikdə isə, düşünürəm ki, bütün məktəblərin bu modeli eyni səviyyədə tətbiq etməyə hazır olduğunu demək çətindir. Xüsusilə, regionlarda və imkanları məhdud məktəblərdə müəyyən çatışmazlıqlar ola bilər. Buna görə də model bütün məktəblərdə eyni formada tətbiq edilməzdən əvvəl pilot mərhələdə nəticələr qiymətləndirilməli, məktəblərin infrastrukturu və müəllim təminatı gücləndirilməlidir.
Ən vacib məqam isə təmayül seçiminin şagird üçün məcburiyyətə çevrilməməsidir. Şagirdin marağı və bacarığı düzgün müəyyənləşdirilməli, seçim prosesində valideyn, müəllim və məktəb rəhbərliyi ilə yanaşı, peşəyönümü mexanizmləri də aktiv iştirak etməlidir. Düzgün qurulduğu halda bu model təhsilin keyfiyyətinə və şagirdlərin gələcək karyera seçimlərinə ciddi töhfə verə bilər, amma bunun üçün yalnız yeni model elan etmək kifayət deyil, onun tətbiqinə real resurs və peşəkar yanaşma təmin olunmalıdır".
Səadət Əlizadə