Məktəblərin maliyyələşməsi ilə bağlı yeni mexanizm
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi nəzərdə tutulur. Yeni mexanizmin əsas məqsədi məktəblərin maliyyə imkanlarının daha səmərəli idarə olunması və təhsil müəssisələrinin ehtiyaclarının daha çevik qarşılanmasıdır.
Mövzu ilə bağlı “İnformator.az”a danışan təhsil eksperti Afərim Seyidova məktəblərdə adambaşına maliyyələşmə modelinin tətbiqinə başlanıldığını bildirib.
“Ümumi təhsil müəssisələrində yeni maliyyələşmə modelinin tədricən və mərhələli şəkildə tətbiqi nəzərdə tutulur. Yeni mexanizmə əsasən, məktəblərə vəsait ayrılması adambaşına maliyyələşmə prinsipi əsasında tənzimlənəcək. Bu prosesdə hər bir məktəbdə təhsil alan şagirdlərin sayı və təhsil müəssisəsinin spesifik xüsusiyyətləri nəzərə alınacaq”.
Afərim Seyidova modelin bütün məktəblərdə eyni vaxtda deyil, mərhələli və tədricən tətbiq olunacağı deyir. Onun sözlərinə görə, islahatın ilk mərhələsində dövlət ümumi təhsil məktəblərinin siyahısı və mövcud vəziyyəti nəzərdən keçirilərək monitorinq aparılacaq, hər bir məktəb üzrə dəqiq şagird sayı müəyyənləşdiriləcək. Məlumatlar tam formalaşdırıldıqdan sonra “Elm və Təhsil Nazirliyi”, “Maliyyə Nazirliyi” ilə birgə razılaşdırma apararaq maliyyə balansını müəyyən edəcək. Hər bir şagirdə düşən xərc məbləği təhsilin səviyyəsinə və məktəbin tipinə (lisey, xüsusi təyinatlı məktəb və s.) uyğun olaraq ferqli şəkildə hesablanacaq.
Afərim Seyidova ucqar məktəblərin maliyyələşdirilməsi ilə bağlı müzakirələrə də aydınlıq gətirir.
“Sosial şəbəkələrdə tez-tez gündəmə gələn, şagird sayı az olan ucqar rayon məktəblərinin maliyyələşdirilməsi məsələsi diqqət mərkəzində saxlanılmalıdır. Şəhər mərkəzindəki təhsil müəssisələri ilə ucqar kənd məktəblərinin şagird sayı arasında böyük fərq var. Bu səbəbdən də ucqar bölgələrdəki məktəblərin maliyyə imkanlarına və dəstəyinə daha çox ehtiyacı var. Yeni maliyyələşmə mexanizminin uğur qazanması üçün vəsaitlərin bölgüsü birbaşa məktəblərin real ehtiyaclarına əsaslanmalıdır. Bu çərçivədə siniflərin sayı, şagird sıxlığı və təhsil səviyyəsi kimi meyarlar ön plana çıxır. Mexanizmin tətbiq qaydaları isə qeydə alınan hər bir məktəbin öz daxili imkanlarından asılı olaraq tədricən və mərhələli şəkildə həyata keçiriləcək”.
Təhsil ekspertinin sözlərinə görə, prosesə ucqar məktəblərdən başlanılacağı və bunun üçün müvafiq siyahının hazırlanacağı bildirilir. Şagird sayı, məktəbin növü və təhsil səviyyəsi yeni modelin tətbiqində əsas vacib amil olacaq.
Maliyyələşdirmə mexanizminin təkmilləşdiriləcəyi və yeni yanaşmanın tətbiqinin nəzərdə tutulduğunu deyən Afərim Seyidova əlavə edir ki, əsas məqsəd məktəblərin real vəziyyəti və ehtiyacları nəzərə almaqla maliyyə planlaşdırılmasının aparılması və ayrılan vəsaitlərin məqsədyönlü istifadəsini təmin etməkdir. Ucqar məktəblər və şagird yönümlü təhsil ön plandadır.
“Yeni yanaşma xüsusilə ucqar ərazilərdə yerləşən və şagird sayı az olan məktəblərin sosial təminatı, təhsil mühitinin gücləndirilməsi və dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Maliyyə vəsaitlərinin bölgüsü zamanı məktəbin tipi, coğrafi mövqeyi və digər obyektiv amillər xüsusi olaraq nəzərə alınacaq. Tətbiq edilən kurikulum təhsilinin şəxsiyyətyönümlü və nəticəyönümlü prinsiplərinə uyğun olaraq, ayrılan bütün resurslar və tətbiq edilən yeniliklər birbaşa şagirdin inkişafına və təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək. Şəffaflıq və obyektivlik uğurun əsas zəmanətidir. Mütəxəssislərin fikrincə, bu prosesin şəffaf, ardıcıl və obyektiv şəkildə həyata keçirilməsi, eləcə də hər bir məktəbin fərdi ehtiyaclarının düzgün qiymətləndirilməsi təhsil sistemində yüksək və davamlı nəticələrin əldə olunmasına şərait yaradacaqdır”,- deyə Afərim Seyidova əlavə edib.
Nuray Dadaşzadə