00:00:00
Yazar
Zəri Bayramlı
23.09.2026 21:45 83 2 dəq oxuma
Sosial

Məktəbli forması, yoxsa qadağa?

Məktəbli forması, yoxsa qadağa?

Məktəblərdə vahid geyim forması və dini simvolların (xüsusilə hicabın) istifadəsi mövzusu Azərbaycanda mütəmadi olaraq ictimaiyyətin və təhsil ekspertlərinin gündəminə gələn həssas məsələlərdən biridir. Gündəmə gələn son müzakirələr Nazirlər Kabinetinin məktəbli formaları ilə bağlı müvafiq qərarından sonra yenidən alovlanıb. Qərarda birbaşa "hicab" sözü işlədilməsə də, formaya "əlavə geyim elementlərinin" əlavə olunmaması tələbi cəmiyyətdə fərqli şərhlərə və çaşqınlığa səbəb olub.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən təhsil eksperti Afərim Seyidova  vahid formanın əhəmiyyətini vurğulayaraq bildirib ki, ana xətt uşaqların təhsil hüququnu məhdudlaşdırmadan bərabərliyi təmin etmək olmalıdır:


​"Məsələnin kökündə ilk növbədə hüquqi əsaslandırma və normativlərin düzgün izahı dayanır. Dini simvolların, baş örtüyünün və ya əlavə geyim elementlərinin niyə məktəb mühitində tətbiq olunmadığı qanunvericilik çərçivəsində aydınlaşdırılmalıdır. Yaranan çaşqınlığı aradan qaldırmaq üçün qaydaların hüquqi məzmunu və tətbiq səbəbləri valideynlərə, şagirdlərə və məktəb rəhbərliyinə dəqiq izah olunmalı, tərəflər arasında aydın bir çərçivə formalaşdırılmalıdır. Vahid məktəbli formasının əsas məqsədi məktəbdə intizamı və şagirdlər arasında bərabərliyi təmin etməkdir. Şagirdlərdə xüsusilə, brend geyimlər və ya fərqli elementlərlə bir-birindən üstün görünmək, bunu nümayiş etdirmək meyli olur. Vahid geyim qaydası bu cür sosial-iqtisadi fərqliliklərin önünə keçir, hər bir şagirdin eyni bərabər hüquqlara və imkanlara malik olduğunu göstərərək sağlam məktəb mühiti yaradır".

 

Təhsil eksperti məsələnin hüquqi tərəfinə diqqət çəkərək bildirib ki, normativ qərarların düzgün izahı ilkin şərtdir:

 

"Geyim qaydalarının və ya dünyəvilik tələblərinin tətbiqi heç bir halda uşağın təhsildən məhrum edilməsinə gətirib çıxarmamalıdır. Qayda pozuntusuna görə şagirdi dərsdən uzaqlaşdırmaq və ya məktəbdən kənarlaşdırmaq yanlış yanaşmadır. Burada inzibati cəza yox, maarifləndirmə yolu seçilməlidir: "valideyn - məktəb rəhbərliyi - müəllim" üçbucağı aktiv işləməli, şagirdə və valideynə qaydanın mahiyyəti izah edilməli və təhsil hüququ qorunmaqla uzlaşma tapılmalıdır".

 

Sonda Afərim Seyidova məsələnin yalnız daxili qaydalarla bitmədiyini, beynəlxalq model və təcrübələrin də nəzərə alınmalı olduğunu qeyd edir:

 

"Dünyəvi təhsil sistemində və şərq ölkələrində də əsas prinsip birinci növbədə uşaq və şagird hüquqlarının nəzərə alınmasıdır. Beynəlxalq təcrübədə də geyim qaydaları intizam və bərabərlik vasitəsi kimi tətbiq olunur. Əsas məsələ odur ki, qoyulan qaydalar şagirdin təhsil almaq hüququnu məhdudlaşdırmasın, əksinə, bütün uşaqlar üçün bərabər imkanlar yaradan hüquqi və pedaqoji çərçivəyə söykənsin".

 

Fatimə İbrəhimova

#baki #yoxsa #qadağa? #forması #
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər