Məktəblilərin ağır çantaları sağlamlıq üçün risk yaradırmı?
Məktəblilərin hər gün daşıdığı çantaların çəkisi onların fiziki sağlamlığına təsir göstərə bilər. Xüsusilə dərslik, dəftər və digər məktəb ləvazimatlarının çoxluğu çantaların ağırlaşmasına səbəb olur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında professor Adil Qeybulla bildirib ki, məktəb çantaları, təəssüf ki, adekvat seçilmir:
“Xüsusilə də çantaların içində ehtiyac olub-olmamasından asılı olmayaraq bütün kitabların məktəbə aparılması və oradan evə daşınması uşaqlar üçün əlavə yük yaradır”.
Professor qeyd edib ki, bəzi uşaqları valideynləri müşayiət etmir:
“Onlar məktəbə piyada gedir və bu yükü özləri daşıyırlar. Valideyn müşayiəti olduqda belə, çanta uşağın belində olur. Bu isə böyüməkdə olan uşaq orqanizminə, xüsusilə də onurğaya mənfi təsir göstərir”.
Əlavə olaraq Adil Qeybulla bildirib ki, bəzi uşaqlarda skolyoza meyillilik olur və ağır çantaların daşınması bu vəziyyəti daha da gücləndirə bilər:
“Ona görə də təklif edirəm ki, məktəblərdə hər bir şagird üçün sinif otağında fərdi şkafların olması nəzərdə tutulsun. Kitabların həmin şkaflarda saxlanılması daha məqsədəuyğun olardı. Uşaq yalnız evdə dərs hazırlamaq üçün lazım olan kitabları özü ilə apara və növbəti gün məktəbə gətirə bilər. Bu, uşaqların daşıdığı yükü əhəmiyyətli dərəcədə azaldar”.
Onun sözlərinə görə dünyanın bir çox yerində də məktəb ləvazimatlarının uşaqlar üçün bu cür əlçatan və rahat şəkildə təşkil olunmasına üstünlük verilir.
Adil Qeybulla hesab edir ki, bütün dərslikləri bir böyük çantaya yığıb hər gün məktəbə aparıb-gətirmək artıq zərərli praktikaya çevrilir:
“Düşünürəm ki, bu yanaşmadan tədricən imtina etmək lazımdır”.
Səadət Əlizadə