Mövcud ixtisasların keyfiyyəti artırılmalıdır
“Ali təhsil müəssilərində yeni ixtisasların açılması beynəlxalq təcrübəyə baxılaraq və əmək bazarının ehtiyacı öyrənilərək qərar verilməlidir”.
Bu sözləri İnformator.az-a açıqlamasında Təhsil eksperti Qoşqar Məhərrəmov söyləyib. Ekspertin sözlərinə görə, bununla bağlı universitetlərin müxtəlif şöbələri iş aparmalıdır.
“Məsələn, beynəlxalq əlaqələr, keyfiyyətin təminatı şöbələri və.s. İngilis dilini bilən müəllimlər professor müəllimlər heyətinin mübadilə proqramına göndərilməlidirlər. Həmin mübadilə proqramlarda müəllimlər universitet rəhbərliyi ilə müzakirə edərək, yeni açılan ixtisasların hansı olacağına qərar verməlidir, həm də həmin ixtisasları öyrənməlidir”.
Ekspert düşünür ki, universitetlərdə yeni açılan ixtisasları səriştəli, səlahiyyətli, işi tam bilən müəllimlər tədris etməlidir.
“Ona görə də universitetlər yeni ixtisaslar açmadan öncə, xarici təcrübəsi olan, müxtəlif xarici dilləri bilən, beynəlxalq təcrübəni yaxşı bilən müəllimləri işə cəlb etməlidirlər”.
Ekspertin sözlərinə görə, bu ixtisaslar, xüsusilə, informasiya, kommunikasiya texnologiyaları, sənayenin müxtəlif sahələri, texniki sahələr ilə əlaqədardır.
“Eyni zamanda, müasir dünyanın problemlərinə əlac olacaq humanitar ixtisaslar açıla bilər. Məsələn, psixologiya, sosial iş ixtisasları. Dövrün tələblərinə uyğun olaraq, digər mövcud ixtisasların da məzmunu və fənnləri yenilənməlidir”.
Qoşqar Məhərrəmov sonda qeyd edir ki;
“Yeni ixtisaslar açılmamışdan əvvəl, mövcud ixtisasların keyfiyyəti artırılmalıdır”.
Sayad Qoşnalıyeva
