Müasir dünyada milli kimliyin qorunması mümkündürmü?
Qloballaşmanın sürətləndiyi, sərhədlərin texnologiya və informasiya vasitəsilə demək olar ki, aradan qalxdığı müasir dövrdə milli kimliyin qorunması aktual və mübahisəli mövzulardan birinə çevrilib. Bir tərəfdən qlobal mədəniyyət, sosial şəbəkələr və beynəlxalq inteqrasiya xalqları bir-birinə daha da yaxınlaşdırır, digər tərəfdən isə bu proses milli dəyərlərin kölgədə qalması təhlükəsini yaradır.
Bu mövzu ilə bağlı sosioloü Üzeyir Şəfiyev “İnformator.az”a bildirib ki, milli kimlik məsələsi bütün tarixi dövrlərdə müzakirə predmeti olub, müasir dövrdə isə daha da aktuallaşıb:
“Bunun əsas səbəbi milli kimliyə təsir göstərən aktorların sayının və təsir gücünün artmasıdır. Qloballaşma, şəhərləşmə, miqrasiya prosesləri, eləcə də sosiallaşma institutları, xüsusilə sosial şəbəkələr və kütləvi informasiya vasitələri milli identikliyə ciddi təsir göstərir. Bu amillərin çoxalması bizi milli kimlik məsələsi üzərində yenidən düşünməyə və onu qorumaq üçün daha sistemli şəkildə səfərbər olmağa vadar edir. Azərbaycan Avropa Şurasına üzv olarkən nümayəndə heyətimizin israrla vurğuladığı əsas məqamlardan biri də milli kimliyin qorunması idi. Beynəlxalq institutlara inteqrasiya milli özünəməxsusluğun itirilməsi demək deyil. Qloballaşma bəzən “əridici mexanizm” kimi çıxış etdiyindən, bu prosesdə milli identikliyi qorumaq xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan milli mədəniyyətin qorunması üçün yerli filmlərin, serialların, cizgi filmlərinin və uşaq ədəbiyyatının inkişafı vacibdir. Xaricdən idxal olunan media məhsullarına müəyyən süzgəc mexanizmlərinin tətbiqi milli kimliyə aşındırıcı təsirlərin qarşısını ala bilər. Bəzi hallarda “Overton pəncərəsi” vasitəsilə ailə institutu və ənənəvi dəyərlər hədəfə alınır. Bu proseslərə qarşı cəmiyyət ayıq-sayıq olmalıdır. Sosial şəbəkələrdə milli dəyərləri alçaldan paylaşımlara qarşı hüquqi tədbirlərin görülməsi müsbət haldır. Eyni zamanda miqrasiya və şəhərləşmə prosesləri də milli identikliyə təsir göstərir. Təbii artımın azalması gələcəkdə miqrant ekspansiyası riskini artıra bilər. Şəhərləşmə zamanı isə milli-mənəvi dəyərlərin qorunması üçün ideoloji və tərbiyəvi mexanizmlər düzgün qurulmalıdır. Bu proseslərdə dövlət, cəmiyyət, ailə və təhsil institutlarının üzərinə böyük məsuliyyət düşür. Xüsusilə gənclər müxtəlif xarici təsirlərin hədəfindədir. Ona görə də gənclərin ailədə, məktəbdə və sosial mediada sağlam mühitdə formalaşması təmin edilməlidir. Sosiallaşma institutları güclü olarsa, kənar təsirlər də minimuma enər. Dərsliklərdə, bədii və uşaq ədəbiyyatında, filmlərdə, hətta rəqəmsal oyunlarda belə milli özünəməxsusluq əks olunmalıdır. Süni intellekt və İKT imkanlarından istifadə etməklə milli nağıllarımızı, oyunlarımızı və dəyərlərimizi yeni nəsillərə uyğun formada təqdim etmək vacibdir. Xüsusilə Z və Alfa nəsli üçün yerli, məzmunlu və cəlbedici kontent yaradılmalıdır. Milli kimliyin qorunması fasiləsiz və davamlı prosesdir. Bu, milli ideyamızın əsas istiqamətlərindən biri olmalıdır. Milli dəyərlərimizi qoruduqca, dövlətimizin gücünü və cəmiyyətimizin birliyini də möhkəmləndirmiş olarıq. Azərbaycan xalqı zəngin tarixi, mədəni və mənəvi irsi olan qalib xalqdır və bu irs gələcək nəsillərə ötürülməlidir”.
Cavahir Əsgərbəyli
