Müasir jurnalistika və informasiya etikasının önəmi
Müasir jurnalistika cəmiyyətin məlumat alma ehtiyacını qarşılayan, ictimai rəy formalaşdıran və güclü sosial təsir göstərən bir sahədir. Texnologiyanın inkişafı ilə xəbərlər daha sürətlə yayılır, sosial media və onlayn platformalar jurnalistikanın fəaliyyətini genişləndirir. Bununla belə, məlumatın sürətli yayımı, doğru və etibarlı xəbərin önəmini daha da artırır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurasının sədr müavini Vüqar Zifəroğlu bildirib ki,müasir jurnalistikanın əsas rolu ictimai maraqları qorumaq, insanları məlumatlandırmaq və maarifləndirməkdir:
"Jurnalistlər cəmiyyətdə “dördüncü hakimiyyət” funksiyasını yerinə yetirərək hökumət, biznes və digər güc strukturlarının fəaliyyətinə ictimai nəzarət mexanizmi kimi çıxış edirlər. Bu, şəffaflığın, hesabatlılığın və demokratik dəyərlərin təmin olunmasında mühüm rol oynayır. İnformasiya etikası jurnalistikanın etibarlılıq təməlidir. Etik prinsiplərə riayət olunmadıqda, xəbərin obyektivliyi və ictimai inam itir. Jurnalist doğru, dəqiq və balanslı məlumat təqdim etməklə yalnız xəbər vermir, həm də ictimai dəyərləri formalaşdırır. Etikanın qorunması yalan, manipulyativ və nifrət dolu məzmunların qarşısını alır və cəmiyyətin informasiya təhlükəsizliyini təmin edir.
Sosial media jurnalistlər üçün həm fürsət, həm də çətinlik yaradır. Əsas problemlər isə bunlardır: məlumatların çoxluğu və doğruluğunun yoxlanmasının çətinləşməsi; klik və baxış sayı üçün sensasiya axtarışı nəticəsində keyfiyyətin azalması, dezinformasiya və manipulyasiya kampaniyalarının yayılması, auditoriyanın diqqətinin qısalması və dərin təhlilə marağın azalması.Azərbaycanda və dünyada etik prinsiplərə riayət səviyyəsi fərqlidir. Bəzi media orqanları bu standartlara ciddi əməl etsə də, digərləri kommersiya və siyasi təsirlər altında etik çərçivəni pozurlar. Bu vəziyyətin düzəlməsi üçün isə redaksiya nəzarəti və “fact-checking” mexanizmləri gücləndirilməlidir, jurnalistlər üçün etik kodekslərin tətbiqi və təlimlər artırılmalıdır, eyni zamanda cəmiyyətin media savadlılığı inkişaf etdirilməlidir ki, auditoriya manipulyasiyanı fərqləndirə bilsin.

Bu dövrdə hər kəs məlumat paylaşa bilir, lakin az sayda insan onu məsuliyyətlə təqdim edir. Etik prinsiplərə sadiq qalmaq jurnalistin fərqləndirici xüsusiyyətidir. Yalnız etik davranan jurnalistlər cəmiyyətin etimadını qazanır və uzunmüddətli peşəkar nüfuz formalaşdırır. Balansın açarı məlumatın yoxlanması və məsuliyyətli redaksiya siyasətidir. Jurnalistlər sürəti əsas götürsələr də, hər xəbər mənbəsini iki və ya daha çox qaynaqdan təsdiqləməlidirlər. Xəbərin ilkin variantı “məlumat təsdiqlənir” qeydi ilə yayıla bilər, lakin yanlış fakt təqdim etmək yolverilməzdir. Dəqiqlik həmişə prioritet olmalıdır.
Jurnalistlərin əsas vəzifəsi-doğruluğu qorumaq və ictimai dəyərləri müdafiə etməkdir. Onlar faktların yoxlanması prosesini sistemləşdirməli, mənbələrin etibarlılığını diqqətlə analiz etməli, dezinformasiyanı ifşa edən maarifləndirici məqalələr hazırlamalıdırlar. Yalan xəbərlərlə mübarizə yalnız tək-tək jurnalistlərin deyil, həm də media institutlarının ümumi vəzifəsidir. Gənc jurnalistlər üçün ən vacib tövsiyə - doğruluq və məsuliyyət hissini itirməməkdir. Hər xəbəri yayımlamazdan əvvəl mənbəni dəqiqləşdirmək lazımdır. Jurnalist mövzuya emosiyasız və tərəfsiz yanaşmalıdır. Təzyiq və manipulyasiya cəhdlərinə qarşı peşəkar mövqe saxlamaq, etik kodeksləri öyrənmək və təcrübəli həmkarların işini izləmək də önəmlidir. Jurnalist şəxsi düşüncəsini xəbərdən ayırmağı bacarmalıdır. Obyektiv xəbər faktlara əsaslanmalıdır, subyektiv rəy isə yalnız analitik və ya müəllif yazısı formatında təqdim edilə bilər. Redaksiyalar bu fərqi aydın göstərməli, “rəy” və “xəbər” kateqoriyalarını qarışdırmamalıdı.
Həmçinin müsahibimiz onu da qeyd edib ki, qlobal informasiya mühitində jurnalistlər milli və mədəni kimliyi qorumaqda mühüm rol oynayır. Qərb dəyərlərinin, stereotiplərin və informasiya hegemoniyasının artdığı dövrdə milli jurnalistika balanslı mövqe saxlamalı, milli maraqları müdafiə edən, eyni zamanda beynəlxalq standartlara uyğun informasiya istehsal etməlidir. Bu, həm mədəni suverenliyin, həm də informasiya təhlükəsizliyinin vacib hissəsidir".
Aişə Mustafayeva
