Müharibə veteranlarının pulu niyə artırılmır?
“Veteranlara ayrılan 80 manatın artırılması barədə təkliflər bir neçə müddətdir ki, səslənir. Hələ 2023-cü ilin əvvəlində yeni sosial paketlər açıqlanan zaman hökumət rəsmiləri tərəfindən müvafiq məsələnin 2-ci sosial paketdə nəzərə alınması ilə bağlı mesajlar da verildi”.
Bu sözləri İnformator.az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib. İqtisadçısının sözlərinə görə, ötən dövr ərzində qeyd olunan məsələ ilə bağlı bir qərar qəbul edilməyib.
“Burada müxtəlif növ əsaslandırmalar var. Bunlardan biri ondan ibarətdir ki, bu sosial qrupa daxil olanların sayı həddindən artıq çoxdur. Buna görə də veteran pullarının artırılması ilə bağlı müvafiq qərarın qəbul edilməsi barədə yetkin fikir ortaya çıxmır”.
İqtisadçı qeyd edir ki, bu mexanizm müharibə iştirakçılarının kommunal xidmətləri və nəqliyyat xərcləri qarşılığında, ümumi nəzərdə tutulan güzəştlərinin kompensasiya məqsədi üçün təyin edilən bir müavinət növüdür.
“Bu aspektdən yanaşdıqda, ötən dövr ərzində qeyd edilən xidmətlərin hər biri üzrə əhəmiyyətli səviyyədə artımlar olub. Nəqliyyat xidmətləri, suyun qiyməti, elektrik enerjisi və qazın qiymətlərində xeyli dərəcədə artım müşahidə olunur. Təəssüf ki, bunlara baxmayaraq müvafiq müavinətin məbləği hələ də artırılmayıb”.
Rəşad Həsənov düşünür ki, bu mexanizm yenidən işlənib hazırlanmalı və birbaşa olaraq Tarif Şurasının qərarları ilə əlaqələndirilməlidir.
“Tarif Şurasının qərarlarından asılı olaraq da avtomatlaşdırılmış qaydada veteranlara verilən müavinatın məbləği də artırılsın. Bu ən ədalətli versiyalardan biri ola bilər, eyni zamanda da müharibə iştirakçılarının müvafiq istiqamətdə təminatının daha effektiv formada həyata keçirilməsinə şərait yarada bilər”.
Ekspertin sözlərinə görə, son göstəricilərə əsasən, ölkədə hazırda 190 minə yaxın müharibə iştirakçısına müvafiq müavinət ödənilir.
“Bu o deməkdir ki, artıq ödənən 10 manat üçün təxminən illik 22-23 milyon vəsait lazımdır. Əgər bu müavinət 25% artırılaraq 100 manata çatdırılarsa, bu zamana hökumətə illik 46 milyon vəsait lazımdır”.
Rəşad Həsənov deyir ki, 50% artırılarsa, illik 90 milyon ətrafında bir vəsait lazımdır ki, müharibə iştirakçılarımız bunların hər birini haqq edir.
“Düşünürəm ki, dövlət büdcəsində fərqli istiqamətlər üzrə səmərəliyin artırılması, şəffaflığın təmini və büdcəyə qənaət nəticəsində bu məqsədə nail olmaq mümkündür”, - deyə iqtisadçı əlavə edib.
Həcər Əmiraslanlı
