MÜƏLLİM OLMAQ İSTƏYƏNLƏR YOXLANILIR
Avqustun 9-dan müəllim olmağa hazırlaşan namizədlərin müsahibə mərhələsinə start verilib. Namizədlərin daha çox seçim etdiyi fənnlər arasında informatika, Azərbaycan dili və ədəbiyyat, musiqi ixtisasları üstünlük təşkil edir. ETN-nin İnsan resursları mərkəzinin direktoru Nurlan İsmayılbəylinin sözlərinə görə, biologiya, riyaziyyat və kimya fənləri üzrə keçid balını toplayan namizədlər kifayət qədər olsa da, əksəriyyətinin yaşayış yeri Bakı şəhəri və Abşeronda olduğundan onlar regionlarda işləməkdən imtina ediblər. Müsahibələrin təşkilinə 24 komissiya cəlb olunub. Komissiya üzvləri uzun müddət idarəetmə fəaliyyəti ilə məşğul olan məktəb direktorları və regional təhsil idarələrinin rəhbər şəxsləri və eyni zamanda psixoloqlardır. Nurlan İsmayılbəyli deyir ki, namizədlər bütün fənlər üzrə cəlb olunub. Onlara əvvəlcədən müsahibə mövzuları təqdim olunub. “Bizim əsas məqsədimiz namizədlərin biliklərini yox,eyni zamanda, peşəkar kompetensiyaları, pedaqoji və metodiki bacarıqlarını yoxlamaqdfır və bizim əsas diqqət edəcəyimiz məqam məhz bundan ibarətdir”.
Namizəd Gülşanə Həsənova texnologiya müəllimidir. “Müsahibənin gedişindən çox razı qaldım. Şəffaf, gözlədiyimdən də çox rahat, ümidvaram ki, hər şey yaxşı olar” deyən müəllim həmkarlarını həyəcanlanmamağa çağırır. Deyir ki, müsahibə zamanı müvafiq komissiya proqrama uyğun olaraq namizədlərin peşəkar kompetensiyalarını, psixoloji hazırlığını və ümumi dünyagörüşünü yoxlayır.
Komissiya sədri Aysel Şərbətovanın sözlərinə görə, ilk gün Azərbaycan dili və ədəbiyyat, informatika, musiqi, texnologiya rus və fransız dili fənləri üzrə müsahibələr təşkil olunub. “Namizədlərimizin böyük əksəriyyəti hazırlıqlıdırlar. Tam olaraq mövzulara hakimdirlər. Növbəti namizədlərə isə tövsiyə edərdik ki, onlara təqdim olunan mövzuların nəzəri hissəsini yox, tətbiqi hissəsini bizə çatdırsınlar”.
Komissiyanın ttərkibində psixoloqlar da var. Psixoloq Turanə İmaməliyeva namizədlərin həyəcanlı oluğunu desə də, bunu normal adlandırır. “İndiyə qədər iştirak edən müdavimlərimizin hər birinin hazırlıq səviyyəsi normaldır, yaxşı cavab verən müdavimlərimiz üstünlük təşkil edirlər”.
Qeyd edək ki, namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə müsahibə mərhələsində iştirak etməlidirlər. Əks halda bu, imtina kimi qeydə alınacaq və həmin şəxslər işə qəbul olunmayacaq. Müsahibə mərhələsini keçən namizədlər isə məktəblərdə müddətsiz əmək müqaviləsi ilə çalışacaqlar. Vakansiya seçimində uğur qazanan 5 min 660 namizəd müsahibəyə dəvət olunub. Müsahibə mərhələsi avqustun 18-dək davam edəcək.
AYSU
